Vardanyan “Hard Talk”da, biz Bakıda bəyanat veririk

16:10 - 23 Yanvar 2023 - GÜNDƏM

 Vardanyan “Hard Talk”da, biz Bakıda bəyanat veririk

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən rus sülhməramlılarının məsuliyyət zonasında fəaliyyət göstərməyə çalışan separatçıların “dövlət naziri” Ruben Vardanyan BBC-nin məşhur “Hard Talk” verilişinin qonağı olub.

Hər şeydən öncə Stiven Sakurun verilişinin həddən artıq nüfuzlu, baxımlı, təbliğat üçün müstəsna əhəmiyyət daşıdığını xüsusi vurğulamalıyıq. Vardanyan bu verilişin necə qonağı olub? O, niyə opponentsiz çıxıb?

S.Sakur ədalətli jurnalistdir, daha doğrusu, jurnalist prinsiplərinə kifayət qədər sədaqətlidir. Onu Azərbaycan oxucu-dinləyicisi yaxşı tanıyır: 2020-ci ildə Ermənistan Baş naziri Nikol Paşinyanı da eyni arqumentlə darmadağın etmişdi.

Paşinyan Qarabağın Ermənistana məxsus olan tarixi ərazi olmasını bildirərkən, Sakur onun sözünü kəsmişdi: “Gəlin, məsələni min illik tarixlərin kontekstində deyil, bu gününü reallıqları ilə müzakirə edək. BMT Təhlükəsizlik Şurası açıq dillə bütün erməni qoşunlarının işğal olunmuş Azərbaycan torplaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. Beynəlxalq hüquqa əsasən, bu ərazilərdəki ordunuz işğalçıdır. Amma siz ora gedərək bu torplaqların sizə məxsus olduğunu elan edirsiz, siz dəqiq sülh carçısı deyilsiniz”; “1990-cı illərdə hərbi əməliyyatlar zamanı Ermənistan hərbçiləri insan haqlarının pozulması ilə bağlı bir neçə ciddi hərbi cinayət törədib. Bu cinayətləri etiraf edərək, üzr istəməyə hazırsınız? Avropa İnsan Haqları Məhkəməsinin erməni hərçbilərin pozuntuları ilə bağlı kataloqlarında da bu məlumatlar var. Hər şey çox sadədir. Hərbi cinayətlərə görə üzr istəməyə hazırsınızmı? Ya “hə” deyin, ya da “yox”...

Sakur jurnalist ləyaqətini qoruyur: əvvəla, Vardanyana Putinlə dostluq əlaqələrinə görə böyük sərvət qazandığını xatırladır; ikincisi, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsi (OCCRP) araşdırmasında biznes əlaqələrinin şəffaf olmaması, çirkli yolla milyardlıq varidat əldə etməsinə işarə edir; üçüncüsü, ondan niyə birdən-birə Rusiya vətəndaşlığından imtina edib, Xankəndiyə gəlməsinin və yaxud göndərilməsinin səbəbini soruşur və buna cavab almaq istəyir...

Sakur həm də vurğulayır ki, artıq Ermənistan Dağlıq Qarabağı Azərbaycanın daxili işi sayır – erməni icması ya Azərbaycanla danışıqlara getməli, ya da Qarabağdan çıxmalıdır və s.

Bu suallar israrla verilir və Vardanyan bəzilərindən yayınır!

Ancaq verilişin əvvəlində Sakur “Azərbaycanın suverenliyinə meydan oxuyan” icmanı “anklav”, Vardanyanı “faktiki dövlət naziri” də adlandırır.

Stiven Sakurun yeni reallıqla və beynəlxalq hüquqla uyğunlaşan mövqeyi ilə bərabər, azərbaycanlı politoloq Elxan Şahinoğludan gətirdiyi sualla müraciət etməsi kifayət qədər ədalətlidir. Ancaq fakt odur ki, Vardanyana həddən artıq böyük auditoriya tanınıb.

Sakurun “Azərbaycan və dünya bu ərazini Dağlıq Qarabağ kimi tanıyır, siz isə “Artsax” deyirsiniz. Bunu necə izah edə bilərsiniz” sualına Vardanyan “Sovet Azərbaycanının tarix, coğrafiya kitablarında da ötən əsrin 80-ci illərində bu ərazi “Artsax” adlandırılıb, biz yenidən heç nə yaratmamışıq” kimi heyrətamiz yalanı; “Biz Qarabağda min illərdir yaşayırıq” kimi absurd və ənənəvi iddianı səsləndirə bilir.

Vardanyan “humanitar fəlakət” üzərində manipulyasiya, xalqın öz müqəddaratını həll etmək hüququndan bəhs edir və s.

Söhbət Vardanyana yaradılan şəraitdən, onun öz təbliğatını aparmaq üçün böyük tribunadan yararlanmasından söhbət gedir; əlbəttə, jurnalist Vardanyanın opponentinin olmamasını nəzərə alır, ona sərt suallar verir – bu da jurnalistin öz verilişini polemik, mübahisəli və baxımlı etməsindən qaynaqlanır. O ayrı məsələ ki, Vardanyanın – bu kriminal dünyadan gəlib, çirkli yollarla milyardlar qazanan şəxsin intellekti bu suallara arqumentli cavablar verməyə çatmır; ancaq Vardanyanın öz arqumentlərini səsləndirməsinə də heç nə mane olmur; o, sözünü milyonlara çatdırır axı!

Ən təhlükəli məqam da odur ki, AP-də Azərbaycan əleyhinə qətnamələr (tövsiyə xarakterli olsa belə) çıxarılır, Almaniya və Fransada – AB-nin siyasi və iqtisadi güc mərkəzlərində - Bakıya qarşı əhəmiyyətli dərəcədə təbliğat gedir, erməni diaspor və lobbisi həddən artıq aktivləşib, hətta Ukraynadan İrəvana PUA və digər Qərb silahları daşınır və bunu açıqca elan edirlər; hazırda Laçın yolunda baş verənlər ətrafında ənənəvi erməni yalan kampaniyası aparılır və buna inananların sayı sürətlə artır!

Digər tərəfdən, Ermənistan sülh sazişindən, danışıqlardan imtina edir, sərhədin delimitasiya və demarkasiyasının aparılması təkliflərini yaxın buraxmır və ciddi şəkildə silahlanır. Ona bu məsələlərdə İran əhəmiyyətli yardımlar edir – Fransanın hansı gizli silahlar göndərməsi isə ayrı mövzudur.

Ermənistan-İran birliyinin nəyə hazırlaşdığı haqda ciddi şübhələr var, onlara Avropadan dəstək göstərildiyi açıq-aşkardır. Bu məqamda biz hansı platformalardan istifadə edirik?

2020-ci ilə qədər bütün beynəlxalq sənədlər – qətnamələr, qərarlar – yalnız Azərbaycandan yana idi və bu fakt bizim haqq savaşımızda istinad yerlərimizi artırırdı. Eyni zamanda, Avropanın, elə Rusiyanın özünün də bir çox politoloqları, siyasi müşahidəçiləri Azərbaycanın ədalətli mövqeyini sərt şəkildə erməni lobbisi və disporunun nəzarəti altında olan medialarda belə qoruyurdular.

İndi vəziyyət necədir?

Şevçenko – Azərbaycan mediasına danışmır, nədənsə bizdən küsüb; Kuznetsov – dünənə qədər sidq-ürəklə Bakını müdafiə edən bu hərbi ekspert “nala-mıxa” vurmaqla məşğuldur və bir çox halda Azərbaycanın əleyhinə olduğunu görürük; Mixaylov, Rusiyanın ideoloji babası Dugin və s və i.a – 2020-ci ildə yanımızda olanların səsi daha az eşidilir və yaxud eşidilmir.

Tomas de Vaal da son vaxtlar daha çox erməni mediasında görünür – baxmayaraq ki, onun mövqeyi daha ədalətlidir, ancaq özü demişkən, regiondan informasiya almaq imkanları məhduddur; bu “məhdudiyyəti” isə daha çox ermənilər “aradan qaldırır” - onu da informasiya manipulyasiyasına salmağa meyillidirlər.

2016-21-ci illərdə Azərbaycana dəfələrlə səfərlər edib, yerlərdəki həqiqətləri görən xarici ekspert və mütəxəssislərin əksərinin niyə Azərbaycandan “incidiyi” haqda öz qənaətlərim var, ancaq onları səsləndirmək istəməzdim. Fakt odur ki, sənin nəzarətində olmayacaqsa, erməni lobbisinin nəzarətinə keçəcəklər.

Beləliklə, illərlə qazandığımız təbliğat rıçaqlarımızı əldə çıxarırıq...

Əlbəttə ki, Azərbaycan indi güclü mövqedədir; əlbəttə ki, Ordumuz tarix yazıb və böyük Zəfər qazanmışıq. Ancaq etiraf edək ki, 2020-ci ildən sonra biz yalnız Ordumuza güvənirik, bütün təbliğat meydanlarından sanki geri çəkilməklə məşğuluq: Diplomatiyadad da, xarici siyasətdə də yalnız və yalnız bir adam çalışır!

Vaxtilə ermənilər də bu cür “arxayınlaşmışdılar”; heç cür inana bilmirdilər ki, Azərbaycan hərbi yolla öz torpaqlarını geri qaytara bilər – bütün strateji mövqelər əllərində idi: altıqat müdafiə səddi, saysız-hesabsız bunkerlər, silahlara qarşı Azərbaycan Ordusunun uğur qazanacağı ağıllarına da gəlmirdi. Ona görə də AP qətnaməsini “kağız üzərində”, “tövsiyə xarakterli” sayıb, keçirdilər.

O “kağız üzərində” olan sənədlər, faktlar, beynəlxalq rəy 2020-ci ildə bizim diplomatik savaşımızda tutalğaclar oldu – zəif və güclü olmasından asılı olmayaraq.

2020-ci ildə Sakurun verilişinə Paşinyan çıxırdı və darmadağın edilirdi. Ən azı ciddi opponentləri var idi. Daha indiki kimi deyildi - Vardanyanın “Qarabağda 120 min əhali yaşayır”, “min ildir burdayıq” yalanlarına o tribunadan cavabımız yoxdur.

AP-də qətnamə qəbul ediləndən (lap olsun, tövsiyə xarakterli) sonra Bakıya qayıdan nümayəndə heyətinin Azərbaycan dilində yaydığı etiraz bəyanatı, hətta tutarlı arqumentlər olsa belə, heç kəsə gərək deyil; Avropada uduzub, Bakıya qayıdıb, burda bizim bildiyimiz həqiqətləri bizim özümüzə qışqırmağın nə adı var?

Türkiyədə seçki ili olduğunu, Ərdoğanın seçkilərə başının qarışacağını (hələ seçkinin taleyini də bilmirik) nəzərə alsaq, Ermənistanın və dünya ermənilərinin ciddi hazırlıqlarının hədəfini anlamaq mümkündür. Allah eləməsin, CHP hakimiyyətə gələrsə, “Azərbaycan tərəfdən terrorçular vuruşur” deyən Ünal Çeviközün rəhbərliyində təmsil olunduğu partiya Bakını 2020-ci ildəki kimi sovunacaqmı? Buna inanırsınızmı?

Əlbəttə, Türkiyəni “dərin dövlət” idarə edir, Türkiyə siyasətində Azərbaycana qarşı hər hansı ciddi fəsad ola bilməz. Ancaq yeni gələn İlham Əliyevlə qucaqlaşıb, dünyaya mesaj verəcək könüldə, ürəkdə və cəsarətdə olacaqmı? Buna nə dərəcədə inanırsınız?

Yalnız Ordumuza və Prezidentimizə güvənib, bu qədər arxayınlaşmaq olmaz ki! Vardanyan BBC-nin dünyaca məşhur verilişdə danışır, bizi millət vəkilləri, ekspertlər, tanınmış simalar da iki gündür sosial şəbəkələrdə yalnız başsağlığı paylaşırlar...


Vatsapla göndər

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol