Eldar Mahmudov Riad Əhmədovun vida mərasiminə niyə gəldi?

11:54 - 30 Sentyabr 2023 - GÜNDƏM

 Eldar Mahmudov Riad Əhmədovun vida mərasiminə niyə gəldi?

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Milli Qəhrəman Riad Əhmədovla vida mərasimi keçirilib.

BUTA.TV xəbər verir ki, vida mərasiminə DTX sədri Əli Nağıyev də daxil olmaqla, Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək rütbəli zabitləri, o cümlədən müdafiə naziri Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, şəhidin döyüş yoldaşları, bəzi millət vəkilləri və b. iştirak edib.

Mərasimə keçmiş MTN-in sabiq rəhbəri Eldar Mahmudovun qatılması da diqqət çəkib. Qeyd edək ki, Riad Əhmədov Eldar Mahmudovun bacısı Elmira xanımın həyat yoldaşı olub. E.Mahmudovun tədbirə qatılması ailə üzvü olduğuna görədir.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyətləri müəyyən edilmiş daha 10 nəfərin ötən ay meyit qalıqlarının eyniləşdirilməsinə nail olunub. Onlardan biri də Milli Qəhrəman Riad Əhmədovdur. Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı olmuş Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov uzun müddət peşəkar zabit kimi təhlükəsizlik orqanlarında çalışıb. 1989-cu ildə erməni silahlı birləşmələri Azərbaycana qarşı elan olunmamış müharibəyə başladığı vaxtdan etibarən Riad Əhmədov bütün bacarığını Milli Ordunun yaradılmasına sərf edib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kəşfiyyat İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub. Riad Əhmədov 1992-ci il yanvarın 26-da rəhbərlik etdiyi kəşfiyyat qrupu ilə Daşaltı kəndindəki döyüşdə yaralanaraq itkin düşüb.

Riad Əhmədov 1956-cı il dekabr ayının 20-də Bakıda anadan olub.

Riad Əhmədov 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1976–1979-cu illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyi yanında Məhkəmə Ekspertizası institutunda laborant işləyib. 1979–1980-ci illərdə həmin nazirliyin Qanun Layihələrinin Hazırlanması və Qanunvericiliyin Sistemləşdirilməsi idarəsində məsləhətçi, 1980–1981-ci illərdə isə Ədliyyə Nazirliyinin kadrlar şöbəsində baş məsləhətçi vəzifələrində çalışıb. 1981-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayan Riad Əhmədov 1981–1982-ci illərdə DTK-nın Minskdəki Ali Məktəbində təhsil alıb. 1984-cü ildə isə DTK-nın Y.V.Andropov adına institutu nəzdindəki kurslarda dinləyici olub.

Riad Əhmədov Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifəsində çalışmış Fikrət Əhmədovun oğludur. Bacısı bəstəkar, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Mehriban Əhmədovadır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol