ABŞ-Rusiya danışıqlarından sonra Tramp Zelenski ilə bağlı Putinin tezisini gündəmə gətirdi. Bildirdi ki: “Ukrayna münaqişənin həlli ilə bağlı danışıqlarda yer almaq istəyirsə, seçki keçirilməlidir, Zelenskinin ölkədə reytinqi isə cəmi 4 faizdir”.
Ukraynada ötən ilin martında keçirilməli olan prezident seçkiləri müharibə şəraitinə görə qeyri-müəyyən müddətə təxirə salınıb. Bundan sonra Putin “Zelenski ilə danışa biləcəyini, lakin onun legitimliyinin sual altında olduğu” iddiasını irəli sürdü. Trampın son açıqlaması da Putinin legitimlik tezisinin təkrarıdır. Və bununla Zelenskiyə “şərtləri qəbul etməsə, hakimiyyəti dəyişə bilərik” mesajını verir.
Vaşinqtonun Kiyevdən birinci tələbi Rusiya ilə atəşkəs razılaşmasını ABŞ-ın müəyyən etdiyi şərtlər çərçivəsində qəbul etməsidir. İkinci tələbi isə müəyyən qədər arxa planda qalsa da, Ukraynanın gələcəyi baxımından atəşkəs razılaşması qədər strateji əhəmiyyət daşıyır. Bu, ABŞ-ın Ukraynanın təbii sərvətlərinə dair təklif etdiyi sazişdir. Zelenskinin Münhendə bu sazişə imza atmaması Vaşinqtonda narazılıq yaradıb.
Fevralın 14-də vitse-prezident Vensin Münhendə Zelenski ilə planlaşdırılan görüşünün təxminən 7 saat təxirə düşməsinin səbəbi də bu saziş olub. Ukrayna mediasının bu haqda yazdıqları xüsusilə diqqət çəkir.
Sazişi Ukraynaya göndərən amerikalıların “Münhendə imzalamaq istəyirik” sözləri Kiyevdə “mümkün qədər tez imzalanmaq” kimi anlaşılıb, lakin düşünməyiblər ki, üzərində işlənməmiş sənədin təcili imzalanması tələbi ilə üzləşəcəklər. Münhendə Ukraynanın qarşısına şərt qoyulub: Venslə görüşmək və sülh danışıqlarının konturlarını müzakirə etmək istəyirsinizsə, sazişi imzalayın. Buna görə Vens-Zelenski görüşü axşama qədər təxirə salınıb və Ukraynaya razılaşması üçün 7 saat müddət verilib. Ukrayna kompromisin tapılması məqsədilə sazişin yenidən işlənmiş variantını amerikalılara versə də, ikincilər bütün düzəlişləri ləğv edərək, “ya verdiyimizə imza atın, ya da heç nə” şərtini irəli sürüblər.
Zelenski bundan imtina edib, daha sonra Venslə görüş baş tutub və tərəflər layihəni razılaşdırmaq üzərində razılıq əldə ediblər.
Sazişin detalları ilə bağlı yayılan məlumatlar ABŞ-ın Ukrayna üçün xoşagəlməz “sürpriz” hazırladığı fikrini yaradır:
- Ukraynanın təbii sərvətlərindən əldə olunan gəlirlər 50/50 prinsipi əsasında bölüşdürülür;
- Sazişdə ABŞ-ın qiymətli metallarla yanaşı, Ukraynanın neft-qaz hasilatına da şərik olmaq istədiyi əksini tapır;
- Əvəzində ABŞ-ın Ukraynaya təhlükəsizlik zəmanəti verməsi müəmmalıdır: Vaşinqton “Amerika investisiyasının Ukraynada olması ən böyük təhlükəsizlik zəmanətidir” tezisindən çıxış edir.
Burada Trampın dilə gətirdiyi iki təhlükəli məqam da var:
1. Ukrayna sərvətlərindən 500 milyard dollar gəlirin əldə edilməsinə dair iddia;
2. ABŞ-ın Ukraynaya verdiyi yardımların geri qaytarılması: ABŞ prezidenti son açıqlamasında “350 milyard dolların hara xərcləndiyi” məsələsini gündəmə gətirib.
Bu iddia/tələb Ukrayna təbii sərvətlərinin tamamilə ABŞ-ın nəzarətinə keçməsi təhlükəsini yaradır: Vaşinqton təbii sərvətlərdən əldə olunan gəlirin təklif olunan sazişdə qeyd olunduğu kimi, Ukraynaya çatmalı olan 50 faizini verilən yardımların kompensasiyası olaraq ala, o cümlədən, “500 milyard dollar gəlir” naminə bütün sərvətlərin istismarına çalışa bilər.
Trampın Zelenskinin legitimliyini şübhə altına almaq cəhdinin arxasında əsas hədəflərdən biri də budur. Və bu, Ukrayna üçün “Rusiya ərazisini, ABŞ sərvətlərini ələ keçirmək istəyir” riskini artırır.
- Böyük əmilər oynayır: Ukrayna kiçik hissələrə parçalanacaq
- Bakıda müsadirə edilən “Rolls Royce” kimindir – Foto
- Tramp Zelenskinin bu sözü deməsini istəyir: onu məhv etmək üçün...
- Trampın Ukrayna razılaşması Qafqaza nə vəd edir?
- Zelenskinin hansı səhvi Trampı özündən çıxarıb?
- “Artsax” otelinin adı söküldü
- Tramp və Putinin gizli planı: Zelenski silinir, əvəzində...
- Zəngəzur dəhlizi açılmasa, müharibə başlaya bilər - Ağar