ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında baş tutan telefon danışığından sonra xüsusilə Avropa liderləri həyəcanlanıblar:
1. Danışıqlar başlamamış, ilk zəngdən əvvəl və dərhal sonra Putinə edilən güzəştlər müzakirə edilir;
2. Danışıqların Ukraynasız, Avropasız, iki güc arasında aparılmasından narahatlıqlarını bildirirlər;
3. Tramp administrasiyasının artıq indidən vəd etdiyi güzəştlərlə Putinin kifayətlənməyəcəyi, bütün tələblərini yerinə yetirilməsinə nail olmadan əl çəkməyəcəyi gözlənilir.
Tramp administrasiyasının artıq elan etdiyi güzəştlər nədən ibarətdir:
- 2014-cü il əraziləri – Krım və Luqansk-Donetskin bir hissəsi – ümumiyyətlə danışıqlar predmeti olmayacaq; bunlar artıq Rusiyadır!
- Ukraynanın NATO üzvlüyü müzakirəsi tarixə gömülür.
Kreml dərhal elan etdi ki, “Rusiyanın təhlükəsizliyi məsələsi həll olunmayana qədər” heç bir danışıqdan söhbət gedə bilməz. Yəni “xüsusi hərbi əməliyyat”ın başlanma səbəbləri aradan qaldırılmalıdır.
Rusiya nələri tələb edir?
1. Ukraynanın demilitarizasiya və denasifikasiyası;
2. Ukraynanın hərbi imkanlarına məhdudiyyət – kapitulyatorlara hər zaman bu tələblər qoyulub;
3. Rus əsgərinin ayağı dəyən ərazilər qəti şəkildə müzakirə mövzusu deyil – Putin ordusunu bir addım da geri çəkməməkdə qətiyyətlidir;
4. Sanksiyaların əhəmiyyətli hissəsinin aradan qalxması;
5. Dünyanın digər bölgələrindəki “bölünmələrdə” iştirak: başqa sözlə, dünyanın bölüşdürülməsində əsas söz sahibi olmaq...
ABŞ vitse-prezidenti Vens işarə etdi ki, Putin “çətin həmsöhbətdir”, öz maraqlarını sonadək müdafiə etməyi bacarır və onunla razılaşmaq lazımdır.
Bu, hazırda dünyanın güc və əsgəri varlıq üzərindən yenidən dizayn edildiyi faktını bir daha təsdiqləyir və hər zaman belə olub: əsgərin qanla aldığı ərazilər, QALİBin hüquqları və kapitulyatorun öhdəlikləri tarixən olub və olacaq.
Müqayisə həddən artıq kobud və qüsurludur: çünki Rusiya başqa, dünya tərəfindən əraziləri tanınan bir ölkəyə hücum edib, işğalçı savaş aparır, torpaq zəbt edir. Bu baxımdan Azərbaycanın Vətən müharibəsi ilə Ukrayna savaşı qətiyyən müqayisə edilə bilməz.
Burda müqayisə ediləcək məsələ “Rusiyanın təhlükəsizliyinin təmini”, qalib kimi şərtləri və əsgəri güclə əldə etdiklərinin hazırda ən azı ABŞ tərəfindən qəbullanmasıdır.
Azərbaycanın təhlükəsizlik maraqları var: Ermənistan 30 il Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazilərini işğalda saxlayıb, qətliamlar törədib, Azərbaycanın münaqişə bölgəsindən kənar ərazilərinə raket hücumları həyata keçirib və kütləvi qırğınlara səbəb olub; hazırda konstitusiyasında Azərbaycana ərazi iddiası əks olunub və s.
Ən əsası, Azərbaycan qalib, Ermənistan isə kapitulyasiya aktına imza atan tərəfdir və qalibin tələbləri və şərtlərini yerinə yetirməlidir:
1. Konstitusiyasını dəyişməlidir;
2. Naxçıvana dəhliz təmin edilməlidir - əks halda, Azərbaycan Ordusu kapitulyatora öhdəliyini yerinə yetirmədiyi üçün cəza əməliyyatı keçirə bilər.
Məsələn, yenə analogiya həddən artıq uğursuzdur – çünki Naxçıvan Azərbaycanın tərkib hissəsi, Krım isə Rusiya tərəfindən anneksiya edilən ərazidir. Ancaq Rusiya Krıma quru yolu tələb edirdi və tələbini zorla əldə etdi – indi legitimləşdirəcək.
3. Ermənistanda revanşizm, işğal siyasətinin davam etdirilməsi meyilləri çox güclüdür və bu ölkə sürətlə silahlanır. Azərbaycan qalib tərəf olaraq Ermənistanın silahlanmasına məhdudiyyət tələb etmək hüququna malikdir;
4. Kapitulyator heç bir şərt qoya bilməz, danışıqların tərəfi deyil.
Rusiya məhz bu siyasəti həyata keçirir və Ukraynanın “arxasında duran güclə” masa arxasına oturur.
Azərbaycanın ən böyük güzəşti odur ki, danışıqlar masasına Fransa, Rusiya və İranla deyil, Ermənistanla oturdu. İrəvana ən böyük güzəşt artıq edilib - bundan artıq güzəşt olmayacaq!
Rusiyanın müharibədə əldə etdiklərinin “siyasi nəticələri” yeni dünya nizamı ərəfəsində qaydaların tərkib hissəsidir!
Beləliklə, Kremlin bu hərbi-siyasi hüquqları Azərbaycanın meydandakı haqqının masada qəbul edilməsi üçün presedentdir.
- Azərbaycan-Somali əlaqələri intensivləşir - Deputat
- Ermənistan Zəngəzur dəhlizini açmağa hazırdır - Erməni KİV
- Trampın Rusiya və Çinə sensasion tələbi
- Ukrayna savaşında Avropa zərbə aldı: qazanan isə odur!
- İrəvan Bakıdan 4 dəfə çox ballistik raketi necə əldə edib?
- Rusiya Cənubi Qafqaza qayıdır? – Bakı razı olsa...
- 170 azərbaycanlı işgəncələrlə öldürüldü
- Sübhaninin Zəngəzur dəhlizi iddiasına – Rusiyadan cavab