Qazax rayonunun dörd kəndinin erməni işğalından azad edilməsi Bakı və İrəvan arasında dialoq deyil, monoloq nəticəsində baş verdi.
BUTA.TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində söyləyib.
“Belə ki, Ermənistanla onilliklər ərzində dialoqun alınmaması aydındır. Ermənistanın işğalçı siyasəti hər hansı dialoqu nəzərdə tutmurdu, onlar danışıqlar formatından işğalı davam etdirmək üçün pərdə kimi istifadə edirdilər. Bu yaxınlarda mətbuatda çıxan informasiya - məhz Ermənistanın birinci prezidentinin faşist bəyanatı bizim prinsipcə kifayət qədər çoxdan bildiyimizi bir daha təsdiq edir: Ermənistan Azərbaycan ərazilərinin bir santimetrini belə azad etmək istəmirdi. Onlar hesab edirdilər ki, bir müttəfiqdən milyardlarla dollarlıq pulsuz silah, digər ikisindən isə siyasi və mənəvi dəstək aldıqlarına görə özlərini rahat hiss edirlər. Beləliklə, ATƏT-in Minsk Qrupunun üç həmsədrinin hamısı mənim cavab verdiyim həmin dövrdə birmənalı olaraq işğalçının tərəfində idi. Mən bunu 2004-cü ildən Minsk Qrupu çərçivəsində danışıqlar aparan və bu “üçlüklə” çoxlu sayda görüşlər keçirən insan kimi deyirəm. Ona görə də biz, əlbəttə, bu ərazilərin dialoq yolu ilə qaytarılacağını güman etmirdik. Eləcə də ərazi bütövlüyünün təmin edilməsini”, - Prezident bildirib.
Dövlət başçısı əlavə edib ki, Ermənistanı könüllü surətdə, belə desək, könüllü-məcburi şəkildə bu kəndləri qaytarmağa vadar edən bir neçə amil var:
“Birincisi, Vətən müharibəsi və onun nəticələridir. İkincisi, antiterror əməliyyatı. Zənnimcə, o, erməni rəhbərliyinin onlarla birlikdə Azərbaycana qarşı duracağı ilə bağlı bütün illüziyaları artıq yox etməli idi. Mənim Qazaxın dörd kəndi ilə bağlı son tələbim Ermənistanın baş naziri qarşısında təxminən bir il əvvəl qoyulmuşdu, ötən ilin fevralında. Bu mövzu İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra daim gündəlikdə olub. Buna qədər onun heç bir mənası yox idi. Belə ki, işğalla bağlı əsas məsələ həll olunmamış qalırdı. Amma üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra, hətta onun imzalanmasına qədər bu mövzu həmişə gündəlikdə durub və hətta deyərdim ki, üçtərəfli Bəyanatın bağlanması şərtlərinin razılaşdırılması zamanı Qazax rayonunun işğal olunmuş kəndləri mövzusu da bizim tərəfimizdən qaldırılmışdı. Amma həmin vaxt müəyyən səbəblər üzündən bunu etmək mümkün olmadı, lakin bilirdik ki, bütün hallarda biz ona nail olacağıq. Bütün ərazilərimiz üzərində tam nəzarəti qaytaracağımızı bildiyimiz kimi. Çünki 2020-ci il 10 noyabr Bəyanatı işğal məsələsini tam həll etmirdi, bizim hamımız bunu yaxşı bilirik. Ona görə də sərt strateji məntiqlə hərəkət edərək, biz ardıcıl, məqsədyönlü şəkildə və təkidlə addımlar atırdıq. Vətən müharibəsi, Azərbaycan ilə Ermənistan arasında şərti sərhədin müəyyən dərəcədə dəqiqləşdirilməsi, antiterror əməliyyatı və Qazax rayonunun dörd kəndi. Onlardan biri hələ Sovet İttifaqı dövründə, 1990-cı ildə işğal olunmuşdu, digər üçü 1992-ci ilin yazında işğal edilmişdi. Beləliklə, ötən ilin fevralında Münhendə Ermənistanın baş naziri ilə görüşdə bu məsələ monoloq şəklində qoyuldu. Şadam ki, biz bu kəndləri qaytarmaq üçün başqa metodlara əl atmalı olmadıq. Zənnimcə, son dörd ilin dərsləri, - hərçənd erməni tərəfindən onlar hələ tam dərk olunmayıb, - nəzərə alınır. Beləliklə, bunu, həmçinin təkcə delimitasiya üzrə deyil, həm də sərhədin demarkasiyası işində yaxşı ilk addım hesab edirəm. Zənnimcə, bu, elə bir nadir hadisədir ki, delimitasiya və demarkasiya demək olar ki, eyni vaxtda həyata keçirilir.
Beləliklə, biz bu məsələdə ədalətə nail olduq, ərazilərimizi bərpa etdik. İndi mənim tərəfimdən artıq həmin kəndlərə mütəxəssislərdən ibarət qrup ezam olunub. Orada erməni yaşayış məntəqələrinə yaxınlıq məsələsi və eskalasiya olacağı təqdirdə müəyyən təhdidlər var. Ona görə də mən tapşırıq verdim ki, bu kəndlərin sakinləri üçün mənzil fondunun tikintisi məqsədilə daha çox müdafiə olunan yer seçilsin, onların təhlükəsizliyi təmin edilsin. Çünki belə bir təcavüzkar qonşumuz olduğu üçün biz, ilk növbədə, əhalimizin təhlükəsizliyi haqqında düşünməliyik”.
- Əhmədianın səfəri: Bakı və Ankara əleyhinə siyasət dəyişir?
- Əliyevin mesajının şifrələri: Zəngəzur dəhlizinin önəmi...
- Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... – Video
- Əhmədiandan Əliyevə: Ərazinizi azad etdiniz, çox sevindik!
- Maqdalena Qrono Bakıdan İrəvana gedir
- Ermənistanın bu hüquqdan danışması absurddur - Bakı
- Bakı-Kazan marşrutu üzrə bütün uçuşlar dayandırılır
- Prezidentin qızları Bakıda növbəti həyətlərin açılışında - Foto