Rəsmi açıqlamalar və proseslərin inkişafı deməyə əsas verir ki, Azərbaycanın cari dövrdə növbəti hədəfi hələ də Ermənistan işğalında qalan 8 kəndin azad edilməsi olacaq.
Bu sözləri BUTA.TV-a açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal xarici işlər naziri Ceyhun Bayramovun sərhədin delimitasiyası prosesində 8 kəndin qaytarılmasının müzakirə edildiyi haqda fikirlərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Kərki və Qazaxın Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara, Xeyrimli, Sofulu, Yuxarı Əskipara və Bərxudarlı kəndlərinin qaytarılması məsələsi 10 noyabr bəyanatının qəbul edildiyi zaman rəsmi Bakı tərəfindən irəli sürülmüşdü:
“Ermənistan tərəfinin bu kəndlərin qaytarılması ilə bağlı şifahi öhdəlik götürdüyü haqda da məlumat vardı. Sonradan rəsmi İrəvan sülh sazişinin imzalanmasında qeyri-konstruktiv mövqe sərgilədiyi kimi, bu məsələdə də öhdəliyindən yayınmağa çalışdı. Ancaq Ceyhun Bayramovun açıqlaması bir daha təsdiqləyir ki, bu məsələ bütün danışıqların əsas predmetidir, daim gündəmdə saxlanılır. Azərbaycanın bir qarış torpağından da imtina etməyəcəyi də artıq hər kəsə gün kimi aydındır. Hətta Ermənistanın 8 kəndin işğalını davam etdirməsi və öhdəliyindən yayınması məsələnin hərbi həllini də gündəmə gətirmişdi”.
A.Camalın fikrincə, 8 kəndlə bağlı vəziyyətin hərbi müstəvidən diplomatik müstəviyə qayıtmasının bir neçə səbəbi var:
“Birincisi, Ermənistan tərəfi mümkün hərbi variantın onlar üçün ağır nəticələrinin olacağını anladıqları üçün məsələnin delimitasiya prosesində həllinə razılaşmış kimi görünür. Baş nazir Nikol Paşinyan da daxil olmaqla, erməni rəsmilərin verdikləri açıqlamalar göstərir ki, Ermənistan artıq bu istiqamətdə ictimai rəyi hazırlamaqla məşğuldur.
İkicisi əsas məqam Bakı-İrəvan xəttində sülh gündəliyinin ön plana keçməsidir. Artıq ikitərəfli formatda sülh danışıqlarının aparılması və sazişin imzalanması perspektivi yaranıb və bu perspektivin sıradan çıxmaması üçün Azərbaycanın haqlı tələbinin diplomatik həll variantı aktuallaşıb”.
A.Camal Ermənistanın 8 kəndlə bağlı manipulyasiyalarına da diqqət çəkib:
“Bir müddət öncə “ərazi mübadiləsi” ifadəsindən tez-tez istifadə edirdilər. Ancaq Azərbaycanın qəti mövqeyindən sonra bu müzakirələrin “uzun müddət davam etməli” olduğu tezisi ortaya atıldı. Bildirildi ki, kəndlərə dəhlizlər məsələsi də sıradan iş deyil. Buna görə də Azərbaycan bu prosesi sülh sazişindən çıxarıb, delimitasiya və demarkasiya müstəvisinə keçirdi. Bakının anklav olmayan, Qazaxın digər kəndlərinə bitişik 4 kəndin - Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimlinin ilkin mərhələdə qaytarılması, anklav olan digərlərinin – Sofulu, Bərxudarlı, Yuxarı Əskipara və Kərkinin ikinci mərhələdə qaytarılması təklifi də bundan qaynaqlanır. Fikrimcə, Ermənistan nəticədə bu reallıqla barışmalı olacaq və 8 kəndin azad edilməsi ikimərhələli şəkildə həyata keçiriləcək. Çünki bunun əksi yeni hərbi ssenarinin aktuallaşması deməkdir. Xatırladım ki, Ermənistan Baş naziri də Ermənistanın 29,8 min kv.km ərazisinə anklavların daxil olmadığını etiraf etmiş, başqa sözlə desək, 8 kəndin işğalda olduğunu faktiki təsdiqləmişdi. İşğalda olan ərazi isə ya sülhlə, ya da hərbi yolla azad edilməlidir və bunu İrəvan da anlayır. Rəsmi Bakı sülh prosesinə xələl gəlməməsi üçün hərbi ssenarinin akivləşməsini istəmir. İrəvan da anlayır ki, hərbi variantda artıq Azərbaycan eksklavlara dəhlizi özü təmin edəcək və bu, Ermənistan üçün qətiyyən münasib ssenari deyil. Ona görə də bu prosesin sülhlə tamamlanacağını düşünürəm”.
- İlham Əliyevdən Yeni illə bağlı paylaşım - Foto
- TDT rəhbəri Azərbaycanı təbrik etdi
- Benzin və dizellə bağlı mühüm dəyişiklik oldu - Qərar
- Milli Qəhrəmanlardan kimlər sağdır? - Siyahı
- Zakir Həsənov Baş Klinik Hospitalda - Video
- Bakı metrosu yeni il gecəsi neçəyə qədər işləyəcək?
- Litva Prezidenti İlham Əliyevə zəng etdi
- Əliyevin çıxışı Rusiyanın hökmranlığını sındırdı - VSJ