İşğaldan azad edilmiş ərazilərdə yaşayanların sayı... - Nuriyev

11:27 - 10 May 2026 - GÜNDƏM

 İşğaldan azad edilmiş ərazilərdə yaşayanların sayı... - Nuriyev

2026-cı il mayın 1-nə olan məlumata əsasən, işğaldan azad edilmiş ərazilərdə 40-dan artıq yaşayış məntəqəsində 85 minə yaxın insan yaşayır, fəaliyyət göstərir və təhsil alır.

BUTA.TV xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı məqaləsində yer alıb.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və "Böyük Qayıdış" prosesi çərçivəsində 8 şəhərin Baş planı, 3 şəhərin Müfəssəl planı və 101 yaşayış məntəqəsi üzrə (kənd və qəsəbə ilə birlikdə) şəhərsalma əsaslandırması təsdiq olunub:

"Üç müasir hava limanı inşa olunmuş, yüz kilometrlərlə ölçülən avtomobil və dəmir yolları salınmış, yüzlərlə körpü, onlarla tunel, viaduk inşa edilmişdir. Elektrik enerjisi, su təchizatı, habelə sosial və humanitar sahələrdə genişmiqyaslı layihələr reallaşdırılır".

S.Nuriyev bildirib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, yeni memarlıq konsepsiyalarının tətbiqi müəyyən olunmuş strateji xəttin müasir mərhələsini əks etdirir:

"Həmin ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, planlı urbanizasiya, dayanıqlı infrastrukturun qurulması və ekoloji yanaşmaların tətbiqi münaqişədən sonra şəhərsalmada Azərbaycan modelinin formalaşdığını deməyə əsas verir. Yeni model beynəlxalq praktikada münaqişədən sonra ərazilərin bərpasında əsas problemlərdən biri olan plansız inkişaf riskinin qarşısını alaraq, inteqrasiya olunmuş və uzunmüddətli planlaşdırma yanaşmasını ön plana çıxarır. Həqiqətən də hazırda dünyanın bir çox ölkələri plansız şəhərsalma və yaşayış sahələrinin çatışmazlığı problemləri ilə üzləşdiyi halda, Azərbaycan hətta vaxtilə dağıdılmış ərazilərdə belə planlı, funksional və yaşamaq üçün əlverişli mühit formalaşdırmaq bacarığını nümayiş etdirir. Bu, artıq təkcə milli uğur deyil, beynəlxalq miqyasda müqayisə oluna bilən əyani təcrübə kimi qiymətləndirilə bilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol