Qızını zorlayan oğlanı öldürüb basdırdı - Bakıdakı dəhşətli qətlin TƏFƏRRÜATI

19:24 - 12 Oktyabr 2023 - KRİMİNAL

 Qızını zorlayan oğlanı öldürüb basdırdı - Bakıdakı dəhşətli qətlin TƏFƏRRÜATI

“Mənə qızımla cinsi əlaqədə olduğu dedi. Heç soruşmamışdım. Hətta video çəkilişlər etdiyini də etiraf etdi”.

Bu sözləri qızının sevdiyi oğlanı iplə boğub öldürməkdə şübhəli bilinən Babək Quliyev hakim qarşısında deyib. Hadisə ötən ilin sentyabrın 6-sı Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olan müraciətdən sonra araşdırılıb.

Aparılmış istintaqdan sonra 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədi ilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsi, daha sonra iplə boğaraq öldürməsi əsaslı şübhələrlə müəyyən edilib. İlkin araşdırmada məlum olub ki, Hüseynağa Babək Quliyevin qızı G.Q.-lə sevgi və intim münasibətdə olub. 

Babək Quliyev tutulub və ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb. 

Cinayət işinə baxış Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilib. 

Lent.az hadisə ilə bağlı istintaq materiallarını əldə edib. 

Təqsirləndirilən şəxs Babək Quliyev ötən ilin avqustun 24-də həyətdən səs gəldiyini deyib:

“Həyətdəki səsə çölə çıxdım. Darvazadan kiminsə tullandığını gördüm. Elə bildim oğrudur. Qaçıb tutdum, həyətə gətirib 1-2 şillə vurdum. Şillədən sonra adının Hüseynağa olduğunu, qızımı sevdiyini dedi. Bir az duruxdum. Sonra onların yaşlarının az olduğunu, dərsləri ilə maraqlanmalarını tapşırıb yola saldım. 

Səhəri gün qızım mənə dedi ki, Hüseynağa onu biabır etməklə hədələyib. Buna əsəbiləşib qızıma şillə vurub, telefonunu əlindən aldım. Elə həmin günün axşamı Hüseynağa ilə söhbət etməyə getdim. Onunla danışıb, evlilik düşünməyinin hələ düzgün olmadığını başa saldım. Sonra maşınımla onu aparıb evlərinin qarşısında düşürtdüm”. 

İlk dəfə Hüseynağanı evinin həyətində tutduğu günün səhəri Babək Quliyev yoldaşına başına belə bir işin gəldiyini danışıb. Arvadı ona Hüseynağanı hələ iki ay əvvəl – iyun ayında evlərinin həyətində tutduğunu və ona bura gəlməyi qadağan etdiyini deyib. Babək Quliyev arvadının dediklərindən sonra başa düşüb ki, qızı Günay da həmin oğlanla danışır. 

Bu hadisələrdən sonra Hüseynağa xəbərdarlıqlara məhəl qoymur. Belə ki, Babək Quliyev ifadəsində Hüseynağanın gəlib qızına telefon verdiyini, onunla danışmasa, biabır edəcəyi ilə hədələdiyini açıqlayıb:

“Avqustun 28-i atam rəhmətə getdi. Başımız yas mərasimlərinə qarışdı. Bir müddət sonra qızım G.Q. gəlib dedi ki, Hüseynağa evlərinin pəncərəsinə gətirib telefon qoyub. Deyib ki, onunla danışmasa biabır edəcək. Yenə əsəblərimi cilovlayıb, zəng elədim Hüseynağaya, onu özünə yığışsın deyə tənbeh etdim”. 

Günlərin bir günü qonşusu Babək Quliyevə onların evindən tanımadığı bir oğlanın çıxdığını xəbər verir. Təsadüf elə gətirir ki, Babək bir axşam saat 11-də evə gələndə oradan çıxan həmin oğlanla – Hüseynağa ilə həyətdə qarşılaşır:

“Qonşum evdən bir oğlanın çıxdığını dedi. Bildim ki, Hüseynağadır. Yenə zəng edib tənbehlədim. Bir gün oğlumun idman paltarı Bilgəhdəki evdə qaldığı üçün axşam saat 11 olardı getdim oradakı evə. Hüseynağanın həyətdən çıxdığını gördüm, onunla qarşılaşdım. Bu hadisə sentyabrın 6-sı, elə hadisə baş verən gün olub.

Onu tutub qaraja apardım. Elədiyim tənbehlərin heç bir faydasının olmadığını gördüyüm üçün onu qorxutmaq istədim. Əl-qolunu bağlayıb maşına atdım. Dəniz kənarına apardım”. 

Hüseynağa yolda Babəkə qızını ona məcbur da olsa verməli olduğunu deyib. Dəniz kənarına çatdıqdan sonra əl-qolu açılan Hüseynağa buna səbəb olaraq qızı ilə dəfələrlə cinsi əlaqədə olduğunu, həmin anları videoya çəkdiyini deyib:

“Ora çatanda əl-qolunu açdım. Hüseynağa başladığı danışmağa. Mənə qızımla dəfələrlə cinsi əlaqədə olduğunu, həmin anları videoya çəkdiyini və telefonunda saxladığını dedi. Heç mən ondan bu barədə soruşmadım. Bunları bildikdən sonra artıq dözə bilmədim. Maşında olan iplə onu boğdum. Öldükdən sonra meyitini isə Qaradağ rayonunda basdırdım”.  

Hadisədən sonra arvadını evə aparmaq üçün gedən Babək Quliyev ona baqajda Hüseynağanın meyitinin olduğunu bildirməyib. 

Cinayət əməlinə görə özünü qismən təqsirli bilən Babək Quliyev törətdiyi əməldən peşman olduğunu deyib. O, Hüseynağanı öldürmək fikri olmadığını bildirib. Meyiti isə tutulacağından qorxduğu üçün gizlədib. 

İstintaq materiallarında göstərilib ki, Hüseynağanın G.Q. ilə hadisədən bir neçə ay öncədən münasibətləri başlayıb. Son aylarda isə intim əlaqələri olub. Hüseynağa qızın evinə gəlib, bəzən həyətdə, bəzən isə evlərinin içərisində onunla cinsi əlaqədə olub. 

Zərərçəkmişin hüquqi varisi olan qardaşı ifadəsində göstərib ki, G.Q. Hüseynağa ilə könüllü şəkildə cinsi əlaqədə olub:

“Bir gün qardaşım üstü başı toz olmuş və döyülmüş vəziyyətdə evə gəldi. Nə olduğunu soruşanda sevdiyi qızın atası tərəfindən döyüldüyünü dedi. Hamımız tanıyırdıq onun sevdiyi qızı. Qardaşıma bir də o qızla danışmamasını tapşırdım. Hadisə günü Hüseynağaya zəng etdim açmadı. Telefonu sönülü idi. Polisə şikayət etdikdən sonra öyrəndim ki, qızın atası onu öldürüb. 

Qardaşımın heç bir günahı yox idi. Qız öz istəyi ilə bizə gəlib-gedirdi. Cinsi əlaqədə də öz istəyi ilə olub. Anam dəfələrlə qıza bizə gəlməməsi üçün xəbərdarlıq eləmişdi”. 

Hüquqi varis qardaşını öldürməkdə təqsirləndirilən Babək Quliyevə ömürlük həbs cəzasının verilməsini istəyib. 

Hüseynağanın anası məhkəmə ifadəsində qeyd edib ki, oğlu ötən ilin may ayından həmin qızla danışır və qız dəfələrlə onların evlərinə gələrək Hüseynağanın otağına girib:

“Oğlum o qızı istədiyini mənə dedi. 2022-ci ilin mayından bəri danışırdılar. Bir gün qızı bizim evə gətirib mənimlə tanış elədi. Bir müddət sonra Hüseynağa ilə qız yenə bizə gəldi. Onlar Hüseynağanın otağına keçib qapını bağladılar. Bu hərəkət mənə heç xoş gəlmədiyi üçün oğlumu bir də o qızla münasibət qurmasın deyə tənbeh etdim. Amma oğlum deyirdi ki, hərbi xidmətə getməmişdən qabaq o qızla nişanlanacaq. Qayıtdıqdan sonra isə evlənəcək”.  

Bütün hadisələrin üzərində cərəyan elədiyi G.Q. ifadə verib. Onun sözlərinə görə, Hüseynağa ilə “Instagram” sosial şəbəkəsində tanış olub:

“2022-ci ilin fevral ayında Hüseynağa mənə instaqramda yazdı. Xoşu gəldiyini, mənimlə danışmaq istədiyini dedi. Mən də razı oldum. Beləliklə münasibətimiz fevral ayında başladı. Mart ayına qədər danışdıqdan sonra görüşdük. Hazırlığa gedəndə Hüseynağa gəldi və biz də elə görüşdük. Münasibətimiz bir müddət belə davam etdi. 

Aprel ayında Hüseynağa Bilgəhdəki evimizə gəldi. Mənimlə zorla cinsi əlaqədə oldu. Bir neçə ay sonra atam bundan xəbər tutdu. Məni vurub, telefonumu əlimdən aldı. Sonra Hüseynağa ilə görüşüb onu vurdu ki, mənimlə görüşməsin. Hüseynağa mənə “Instagram”da üzünün şəkillərini atdı. Onun üzündə atamın şillə vurduğu izlər qalmışdı. Bilgəhdə bizimlə birlikdə qalan bibim münasibətimizi bilirdi. Mənə dedi ki, artıq qonşular Hüseynağanı bilir və ailəmiz gözdən düşüb. Amma yenə də münasibətimiz davam etdi. 

Sentyabrın 6-sı atamla anam evdən çıxıb Qara Qarayevdəki evimizə getdilər. Mən bibimlə qaldım. Ondan Hüseynağanı evə dəvət etməsini xahiş etdim. Bibim Hüseynağaya zəng edib bizə çağırdı. O, gəldikdən sonra oturub söhbət etdik. Cinsi əlaqədə olduq”. 

Qız Hüseynağanın onu zorla cinsi əlaqədə olduğunu etiraf edib:

“Mən onunla könüllü münasibət qurmamışam. O, nə edibsə, zorla edib. Hüseynağa məni məcbur edib”.

Şahid qismində ifadə verən bibi Hüseynağa ilə qızın cinsi əlaqəsindən xəbərsiz olduğunu deyib:

“Mənim bundan heç bir xəbərim yoxdur. Onlara cinsi əlaqə üçün heç bir şərait yaratmamışam. Hadisə olan gün Hüseynağanı evə mən yox, G.Q. çağırdı. Oğlanı dəhlizdə gördüm. Məcbur olub evə çağırdım. Qızla oğlanın söhbəti 10-15 dəqiqə çəkdi. Hüseynağa evdən gedəndən sonra qapını bağladım. Babəki isə görmədim”. 

Babək Quliyev Cinayət Məcəlləsinin 120.2.9 və 145.2.3-cü maddələri ilə ittiham edilib. Məhkəmənin qərarına əsasən, 18 il azadlıqdan məhrum edilib. 

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol