Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində 7 professorun heç bir səbəb və xəbərdarlıq olmadan Elmi Şuranın tərkibindən çıxarıldığı bildirilib. Professorların siyahısına Qurbanxan Müslümov, Fuad Abdullayev, Zərraf Şirinov, Elbrus Rüstəmov, Yusif Əliyev, Elmira Əliyeva və Nazim Məmmədov daxildir.
BUTA.TV xəbər verir ki, Qurbanxan Müslümov 7 professorun əvvəlcədən xəbərdar edilmədən üzvlükdən kənar edildiyinin məlum olduğunu bildirib:
“İki gün əvvəl bizə xəbər gəldi ki, Elmi Şuranın 25 üzvündən yeddi professor, institutun elmi və kliniki fəaliyyəti üzrə ixtisaslaşmış şəxslər, Elmi Şuranın tərkibindən xaric edilib. Doğrusu, mənə bu barədə, şəxsən mənə, heç bir informasiya verilməyib. Məlumat almaq istəsək də, dedilər ki, belə bir göstəriş var ki, Elmi Şuranın tərkibi azaldılsın”.
Qeyd edək ki, Qurbanxan Müslümov Azərbaycanda ilk torako-laparoskopik ezofaqektomiya, ilk total laporoskopik Vippl əməliyyatı (Whipple), İlk endoskopik tiroidektomiya (Zob əməliyyatı), ilk tək port laparoskopik əməliyyatları, laparoskopik total qastrektomiya, laparoskopik total MRE ilə düz bağırsaq əməliyyatlarını həyata keçirib, həmçinin yoğun və düz bağırsağın cərrahlığı üzrə ixtisaslaşmış, beynəlxalq səviyyədə tanınan alimdir və Almaniyada və Avropada cərrahiyə üzrə treninqlərdə iştirak edərək bir neçə beynəlxalq jurnalın referentidir.
Akademik M.A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Xəzər TV-nin sorğusuna cavab olaraq bildirib ki, sözügedən Elmi Şura üzvlərinin tərkibi və sayı barədə qərar seçki ilə deyil, təqdimat əsasında, nazirliyin müvafiq qərarları ilə təsdiq olunur.
Mərkəzin açıqlamasında vurğulanıb ki, köhnə Elmi Şuranın tərkibində uyğunsuzluqlar olduğu üçün, yəni 25 üzvdən 10-u eyni ixtisası təmsil etdiyi üçün uzaqlaşdırılıblar. Çıxarılan professorlar arasında Fuad Abdullayev minimal invaziv cərrahiyyə və laparoskopik əməliyyatlar üzrə mütəxəssisdir və Avropanın cərrahlar cəmiyyətlərinin üzvüdür.
Zərraf Şirinov onkoloji cərrahiyyə və klinik tədqiqat sahəsində ixtisaslaşmış professor, bir neçə beynəlxalq konfransın fəxri məruzəçisidir. Elbrus Rüstəmov pediatrik və ümumi cərrahiyyə sahəsində 20 ildən artıq təcrübəyə malik alimdir və elmi məqalələri beynəlxalq jurnallarda dərc olunub. Yusif Əliyev qastroenteroloji cərrahiyyə üzrə mütəxəssisdir və minimal invaziv əməliyyatlarda innovativ metodlar tətbiq edir. Elmira Əliyeva ümumi cərrah, tibb elmləri doktoru, Nazim Məmmədov ümumi cərrah, tibb elmləri doktorudur.
Qeyd edək ki, Elmi şuralar (seçkili və ya təsdiq olunan strukturlar) müəssisənin nizamnaməsi və əsasnaməsi əsasında formalaşır və fəaliyyət göstərir. Bu əsasnamələrdə, adətən, şura üzvlərinin seçilməsi, səlahiyyət müddəti, dəyişdirilməsi və çıxarılması ilə bağlı prosedurlar göstərilir. Ümumiyyətlə, bu tip sənədlər müəssisənin daxili qaydaları ilə tənzimlənir.
Məsələn, ali təhsil müəssisələrinin elmi şuralarında üzvlərin seçilməsi, dəyişdirilməsi və qərarların qəbul edilməsi şuranın iclasında səsvermə ilə, protokol şəklində həyata keçirilir. Qərar yalnız həmin iclas qərarı əsasında qüvvəyə minə bilər. Elmi şuranın tərkibi təsdiq edilərkən müvafiq dövlət orqanı (məsələn, Səhiyyə Nazirliyi) tərəfindən təsdiq edilir. Amma bu təsdiq şuranın daxili proseduruna əməl edildikdən sonra verilməlidir, yəni üzvlük sənədlərlə təsdiqlənməlidir.
Mütəxəssislər vurğulayır ki, Elmi Şuranın belə tərkibdə dəyişdirilməsi həm institutun elmi fəaliyyətinə, həm də qərar qəbul etmə prosesinə ciddi təsir göstərə bilər.
- Bu gün Novruzun ilk çərşənbəsidir
- Sosial ödəniş alanların diqqətinə!
- Alim Qasımov Bakıda zavod açdı
- Sürücülərin nəzərinə: Bu yollarda hərəkət tam məhdudlaşdırılır
- 7 professor elmi şuradan niyə kənarlaşdırılıb?
- Ramazanın 6-cı günü: Dua, imsak və iftar vaxtı...
- Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq
- Qarşıdakı iki gün ərzində Bakıda hava necə olacaq?