Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz Rayon Şöbəsinin rüşvət almaqda ittiham olunan sabiq rəisi Rahim Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
“BUTA.TV”nin məlumatına görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda ilkin dinləmələr keçirilib. Prosesdə təqsirləndirilən şəxsin vəkili müvəkkilinin ev dustaqlığına buraxılmasını istəyib.
Vəkil deyib ki, vəsatətin təmin olunmasının vacibliyi ona görə lazımdır ki, təqsirləndirilən şəxsin həbsindən sonra həyat yoldaşı infarkt keçirib və hazırda müalicə olunur. 9 yaşlı övladının isə atası həbs edilən gündən dili tutulub. Əməliyyat tədbiri keçirilən gündən danışmır.
Prokuror vəsatətin təmin edilməməsini, cinayət işinin baxışa təyin edilməsini istəyib. Hakim Rafiq Abbasovun sədrlik etdiyi hakimlər heyəti vəsatəti təmin etməyib.
Baxış iclası oktyabrın 30-a təyin edilib.
Qeyd edək ki, R.Ağayev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla həbs edilib. Onun vəzifədə işləyərkən çağırışçının sağlamlıq vəziyyəti ilə əlaqədar həqiqi hərbi xidmətə yararsız hesab edilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşdan tələb etdiyi 8 min manat məbləğində pul vəsaitinin 5 min manatını rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs qətimkan tədbiri seçilib.
- Bakıda qəza sıxlığa səbəb oldu
- Oktyabrın son günü hava necə olacaq?
- Övladını boğub öldürən Türkiyə vətəndaşına hökm oxundu
- Azərbaycanda Atatürk adına qoyulan qadağa götürüldü
- ANAMA-ya 3 yeni minaaxtaran it təqdim olundu
- Badamdarda qaya parçaları ərazidən götürüldü - Video
- Azərbaycanda vəzifəli şəxslər həbs edildi
- Məşhur bazarın ətrafındakı küçə ticarəti yığışdırılır - Video