“Separatçıların məhkəməsi kifayət qədər açıq mühitdə keçirilməli və ictimaiyyət nümayəndələri oraya dəvət olunmalıdırlar”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında BDU-nun professoru, hüquqşünas Qulamhüseyn Əlibəyli deyib.
O, həbs olunan separatçıların neçə il cəza alması, cəzalarını harada çəkməsi və Ermənistana ekstradisiya olunması ehtimalları barədə fikir bildirib.
“Açıq məhkəmələr gələcəkdə alver predmetini aradan qaldıracaq, Ermənistan bundan sui-istifadə etməyəcək. Hər halda, məhkəmələrin açıq şəkildə keçirilməsi yaxşıdır. Hətta təklif edərdim ki, elektron media, telekanallar məhkəmələrdən geniş reportajlar hazırlayıb “YouTube” və digər sosial şəbəkələrdə yerləşdirsin. Qoy hamı onların hansı cinayətləri törətdiyi və nə işlər gördüyünü bilsin”.
Hüquqşünas əlavə edib ki, son söz məhkəmənindir:
“Məncə, onlar ən ağır cəzaya layiq adamlardır və ən ağır cəzaya da məhkum ediləcəklər. Onların cəzası təbii ki, Azərbaycanda çəkilməlidir. Lakin cəzanın çəkilməsi ilə bağlı şəxslərin ekstradisiyasına dair Avropa Konvensiyası var. Bu məsələdə dövlətlərarası ikitərəfli razılaşma olmalıdır”.
Q. Əlibəylinin sözlərinə görə, Azərbaycanın hələlik Ermənistanla sülh müqaviləsi yoxdur, amma Ermənistan separatçıların cəzalarını həmin ölkədə çəkməsinə əsasən Avropa Konvensiyasına istinad edərək müraciət edə bilər:
“Həmin şəxs və yaxud şəxslərin verib-verilməməsi ilə həmin dövlətin səlahiyyətinə aid olan məsələdir. Məsələn, Ramil Səfərovla belə bir məsələ oldu və Macarıstan onu cəzasını çəkməsi üçün Azərbaycana təhvil verdi, Azərbaycan Prezidenti də öz səlahiyyətindən istifadə edib onu azadlığa buraxdı”.
Müsahibimiz hesab edir ki, bu cür şəxslərin ekstradisiyası hüquqi cəhətdən mümkün olsa da, həmin şəxsləri cəzalarını çəkmək üçün Ermənistana vermək düzgün olmazdı:
“Çünki onlar Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərinin törədilməsində iştirak edən şəxslərdir. Ona görə də onlar cəzalarını tam şəkildə Azərbaycan ərazisində çəkməlidir. Lakin hüquqi cəhətdən gələcəkdə onların ekstradisiyası mümkün ola bilər”.
- Bakıda qəza sıxlığa səbəb oldu
- Oktyabrın son günü hava necə olacaq?
- Övladını boğub öldürən Türkiyə vətəndaşına hökm oxundu
- Azərbaycanda Atatürk adına qoyulan qadağa götürüldü
- ANAMA-ya 3 yeni minaaxtaran it təqdim olundu
- Badamdarda qaya parçaları ərazidən götürüldü - Video
- Azərbaycanda vəzifəli şəxslər həbs edildi
- Məşhur bazarın ətrafındakı küçə ticarəti yığışdırılır - Video