Laçın yolu açılması Bakının humanizmidir – Şərh

14:02 - 18 Sentyabr 2023 - GÜNDƏM

 Laçın yolu açılması Bakının humanizmidir – Şərh

Azərbaycan tərəfinin məqsədi reinteqrasiya prosesini hansısa şəkildə sürətləndirmək idi. Bakı çalışırdı ki, Ağdam-Xankəndi yolu açılsın.

Bu sözləri BUTA.TV-a politoloq Turab Rzayev BQXK-nin Ağdam-Xankəndi yolu ilə yüklərin Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərə çatdırılmasının əhəmiyyəti haqqında danışarkən deyib.

Onun sözlərinə görə, Bakının əsas tələblərindən biri həyata keçirilib və bu, reinteqrasiya üçün atılan ilk addım sayıla bilər:

“Azərbaycanın əsas hissəsi ilə rus sülhməramlıların olduğu hissədə yaşayan erməni sakinlər arasında reinteqrasiya başlamalıdır. Ora gediş-gəliş olmalıdır, yüklər çatdırılmalıdr, kommunikasiya qurulmalıdır ki, reinteqrasiya prosesi sürətlənsin. Bunu paralel iki istiqamətdə aparmalı idik. Ağdam–Xankədi yolu ilə yüklərin çatdırılması və reinteqrasiya danışıqlarının başlanması tələbi əsas şərtlərimizdən idi. Azərbaycan açıq şəkildə qarşı tərəfdən tələb edib ki, görüş Yevlaxda və yaxud digər Azərbaycan şəhərlərində keçirilməlidir.

Biz Laçın-Xankəndi yolunu tam olaraq bağlamaq istəməmişik. Tələblərimiz o olub ki, Azərbaycanın vergi və gömrük qanunvericiliyi nəzərə alınsın. İndi müvafiq yüklərlə bağlı Azərbaycan vergi və ya gömrük tətbiq etməyəcək. Amma növbəti daşınan yüklərdə qanunlarımızla bağlı uyğunlaşma olmalıdır. Bakının əsas məqsədi Laçın yolu ilə birlikdə Ağdam-Xankəndi yolunun açılması idi. Laçın yolu qarşı tərəfin tələbi idi. Biz dəfələrlə bildirmişdik ki, Ağdam yolu açılan kimi paralel olaraq Laçın yolu da fəaliyyət göstərəcək. Azərbaycan bu prosesdə öz sözünə sadiq qalır və prosesi gərginləşdirən tərəf yox, sülhyaratma missiyasına sadiq qalan tərəf kimi bu güzəşti elədi”.

Politoloqun sözlərinə görə, Azərbaycanın göndərdiyi yüklər də həmin marşrutla Xankəndiyə çatdırılacaq:

“Bakı çalışır ki, Azərbaycandan göndərilən yüklər də mütləq şəkildə Xankəndinə çatdırılsın. İndi bu, BQXK-nın köməyi ilə, yoxsa rus sülhməramlıların müşayiəti ilə olacaq - bunu zaman göstərəcək. Amma Ağdam-Xankəndi yolu ilə yüklər ünvanına çatdırılacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol