Hakim “Mülki müqavilə” fraksiyasının deputatları Ermənistan parlamentinin müxalifətin hazırladığı Qarabağdakı vəziyyət və Laçın dəhlizi ilə bağlı bəyanat layihəsini dəstəkləməyib.
BUTA.TV xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Bəyanat layihəsini “Ermənistan” blokundan olan deputat Andranik Tevanyan təqdim edib. Orijinal mətn dekabrda hazırlanıb, lakin səsvermə təxirə salınıb. Hazırda “Laçin dəhlizinin bağlanması” ilə yanaşı, Azərbaycanın Qarabağa qarşı “hərbi-siyasi təcavüz”, “təxribatlar törətdiyinə görə” layihə redaktə edilib.
“Mülki müqavilə”dən olan deputat Mariya Karapetyan həmkarlarını səsvermədə bitərəf olmağa çağırıb. Karapetyan qeyd edib ki, dekabrın 14-də Ermənistan parlamenti artıq bu məsələ ilə bağlı bəyanat qəbul edib və o, qüvvədə qalır.