Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Mehmet Seyfəddin Ərolun BUTA.TV-a müsahibəsi:
- Ukrayna müharibəsindən bir ili tamam oldu. Sizcə, bu müharibədən qaçmaq mümkün idimi?
- NATO və ümumilikdə Qərbin Şərqə doğru genişlənməsini Rusiya özünə təhdid olaraq görür. Bu səbəblə həm Rusiya-Ukrayna, həm də Rusiya-Qərb münasibətləri çox çətin mərhələdən keçməkdədir. Beləliklə, Ukrayna müharibədən qaçmaq üçün ya NATO-dan tamamilə imtina etməli, yaxud da Rusiya Ukraynanın Qərblə yaxınlaşmasına etirazını bildirməməli idi. Lakin bu seçimlər dövlətlərin mənfəətləri və təhlükəsizliyə baxışları səbəbindən tərəflər üçün qəbuledilən deyildi. Ona görə də Krımın beynəlxalq hüquqa zidd şəkildə ilhaqı və Donbasda yaşanan toqquşmalar ilə vəziyyət gərginləşdi. Dolayısı ilə 2014-cü ildə yaşananları 2022-ci ilin fraqmenti kimi dəyərləndirə bilərik. Digər tərəfdən, ABŞ faktorunu da unutmamalıyıq. Çünki ABŞ bölgədə baş verəcək müharibə ilə həm Rusiyanın həqiqi gücünü görə biləcəyini, həm də rus ordusunu zəiflədəcəyini və onu beynəlxalq hüquq, siyasi və iqtisadi baxımdan təzyiq altında saxlamağın mümkün olacağını düşünüb. Üstəlik müharibədən əvvəl ABŞ Avropada zəifləyən nüfuzunu yenidən gücləndirməyin yollarını axtarırdı. Bu mənada Rusiya-Ukrayna müharibəsi rəsmi Vaşinqtona istədiyi fürsəti verdi. ABŞ-ın gözləntilərini və hədəflərini göz önünə gətirdiyimiz zaman 24 fevral 2022-ci ildə başlayan müharibənin qaçılmaz olduğunu deyə bilərik.
- Son bir ildə ABŞ və AB-nin Ukraynaya yardım, Rusiyaya qarşı sanksiya paketləri açıqlanıb. Sizcə, tətbiq edilən sanksiyalar istənilən nəticəni verirmi?
- Hər şeydən əvvəl ABŞ Rusiyanı zəiflətmək və ona “orta dövlət” statusunu qəbul etdirmək istəyir. Vaşinqton bu məqsədlə Ukrayna ordusuna dəstək verir və digər Qərb dövlətlərindən eyni addımların atılmasını istəyir. İqtisadi sanksiyaların tətbiqindəki məqsəd isə Rusiyanın özünə gəlməsinə mane olmaqdır.
Sanksiyalar həm də müharibənin iqtisadi tərəflərinin olduğunu nümayiş etdirir. Ancaq hər şeyə rəğmən Moskvanın hələ ki, müharibənin davam etdirilməsi məsələsində qətiyyətli olduğunu görürük. Rusiya Asiya bazarına yönəlir və Qərbin təzyiqlərinə rəğmən enerji resurslarını satışı ilə müharibəni davam etdirir. Əlavə olaraq Rusiya üçüncü dövlətlər vasitəsilə sanksiyalardan yan keçməyə çalışır. Sanksiyalara görə, Moskva böyük iqtisadi itkilərlə üzləşir və hətta bu vəziyyət ölkənin bəzi bölgələrində əhalinin köçünə səbəb olub. Lakin Rusiya sanksiyaların təsirini azaltmaq və buna qarşı immunitet qazanmaq üçün çalışır. Dolayısı ilə sanksiyaların qısa müddətdə ciddi təsirləri olsa da, onun uzunmüddətli nəticələrini öncədən proqnozlaşdırmaq vacibdir. Bu prosesdə də müharibənin inkişaf istiqamətləri əsas müəyyənedici faktor olacaq.
- Qarşıdan gələn yaz fəslində Rusiyanın genişmiqyaslı hücuma keçəcəyi gözlənilir. Ukrayna 700 tank istəyir, amma ortada Qərbin söz verdiyi tanklar yoxdur. Bu halda müharibənin gedişatını necə görürsünüz?
- Keçmişdə müharibələrin qışda aparılmasının qeyri-mümkünlüyü fikri güclü idi, indi isə bu, zəifləyib. Ona görə də tərəflər arasındaki döyüşlərin yaz gəlmədən hər an şiddətlənə biləcəyini qeyd etməliyik. Çünki Qərbin verdiyi yeni silahlar və Rusiyanın buna kəskin reaksiyası vəziyyətin daha da gərginləşməyə meyilli olduğunu və qısa müddətdə döyüşlərin intensivliyinin artacağını göstərir. Ukraynaya göndəriləcək tanklarla bağlı ABŞ və Almaniya başda olmaqla fərqli ölkələr açıqlamalar verir. Ancaq bu dövlətlər üçün öz təhlükəsizlikləri birinci dərəcəli məsələdir. Buna görə Ukraynaya tankların sürətli şəkildə göndərilməsi olduqca çətindir. Dövlətlər öz təhlükəsizliklərini zəmanət altında gördükləri və hərbi potensiallarını artırdıqları zaman Ukraynaya tank göndərəcəklər. Fikrimcə, tankların göndərilməsi məsələsi aylarla uzana bilər. Digər önəmli bir məqam isə odur ki, tərəflərdən heç biri müharibəni bitirmək və təslim olmaq istəmir. Ona görə “tükəndirmə müharibəsi”nə dönən Rusiya-Ukrayna müharibəsinin hələ bir müddət davam edəcəyini deyə bilərik.
- Sizcə, Ukrayna Krımı işğaldan qurtara biləcəkmi?
- Mövcud vəziyyətdə və döyüşən tərəflərin hərbi potensialına görə, hələ ki, Krımın azad olunması mümkün görünmür. Daha açıq şəkildə desək, Ukrayna Krımı yenidən nəzarətə götürmək istəyirsə, onda Rusiyanı ağır məğlubiyyətə uğratmalı, qarşı tərəf isə təslim olmalıdır.
- Müharibə daha nə qədər davam edə bilər?
- Bunu demək çətindir. Bayaq da qeyd etdiyimiz kimi, Qərb Rusiyanın zəifləməsini istəyir, buna görə bəlli miqdarda Ukraynaya yardımlar edilir. Əlbəttə, Kiyev dəstəkləndiyi müddətdə müharibəyə davam edəcək. Əgər Ukrayna irəliləsə, onda Rusiya bölgəyə yeni canlı qüvvə göndərə, eyni zamanda ordunun sayını artıra bilər.
- COP29-da Qərb məsuliyyətdən yayınmağa çalışdı - Zaxarova
- Fəzail Ağamalıdan yayılan xəbərlərə reaksiya: Utanmıram!
- 37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qaytarıldı
- İsrail atəşkəsə razılaşdı: İran hərəkətə keçəcək?
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov