Əliyevlə Paşinyan arasında Münhendəki görüşün nəticələri Zəngəzur dəhlizində erməni gömrüyünün quraşdırılması müqabilində Qarabağdakı separatçı layihənin tamamilə bağlanacağını göstərir. Qarabağ separatizmi Paşinyana fayda vermədi. Ermənistanın Baş naziri görüntü xatirinə Münhendə Laçın yolundakı vəziyyətlə bağlı danışdı. Əslində isə o, Qarabağ məsələsinin onun üçün mərhələli şəkildə bağlanması istiqamətində yol tutmuşdu. Tezliklə Ermənistandan Laçın rayonuna girişdə Azərbaycan gömrüyü qurulacaq və Bakı Qarabağ iqtisadi rayonunda yaşayan erməniləri pasportlaşdırmağa başlayacaq.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov deyib.
“Əliyevin Münhen konfransı çərçivəsində Paşinyanla görüşü və onların Cənubi Qafqaz üzrə panel müzakirəsində iştirakı ilk növbədə Azərbaycan liderinin Ermənistan-Azərbaycan sərhədidə sərhəd-keçid məntəqəsinin quraşdırılması təşəbbüsü ilə yadda qalıb. Maraqlıdır ki, Paşinyan bu təşəbbüsə qarşı çıxmadı. Rəsmi İrəvanın üç gün ərzində verdiyi bəyanatlarda Laçın yolunun girişində Azərbaycan sərhəd nəzarətinin yaradılmasına etiraz yoxdur, baxmayaraq ki, bu variant əvvəllər Ermənistan hakimiyyəti üçün qəbuledilməz idi. Bəs nə dəyişdi? Onlar Zəngəzur dəhlizində quraşdırıla biləcək erməni gömrüyünün faydasına meyilləndilər. Bu gömrük məntəqəsi qlobal Şərq-Qərb logistika istiqamətində kiçik də olsa, yükdaşımalara nəzarət edə bilər. Zəngəzur dəhlizində gömrük Ermənistan büdcəsinə birbaşa gəlir olacaq. Laçın yoluna gəlincə, Ermənistanın burada artıq heç bir faydası yoxdur. İrəvan artıq onun vasitəsilə Xankəndiyə silah, mina və yaraqlı gətirə, eləcə də Azərbaycan yataqlarından oğurlanmış filizləri nəzarətsiz ixrac edə bilməz. Ona görə də separatçı layihəni Zəngəzur dəhlizində gömrük rüsumlarına sərfəli şəkildə dəyişməyin vaxtıdır”, - o bildirib.
Petrov qeyd edib ki, Paşinyan dolayısı ilə Qarabağ separatizminin İrəvana lazım olmadığını etiraf etdi:
“Paşinyan erməni silahları və yaraqlıları üçün Laçın yolunun açılması vəzifəsini beynəlxalq ictimaiyyətin çiyninə atdı. O, açıq şəkildə dedi ki, yalnız kənar oyunçuların fəaliyyəti Laçın yolundakı vəziyyəti dəyişdirə bilər. O, dövlətinin heç bir şəkildə Rusiya sülhməramlılarına və azərbaycanlı ekoloqlara təsir etmək iqtidarında olmadığını vurğuladı.
Bütün bunların fonunda Paşinyanın Münhendə davranışının məntiqi daha aydın oldu. Onun ictimai bəyanatları erməni demokratiyasını tərifləmək, Laçın yolu ilə bağlı saxtakarlıqları şişirtməyi isə İrəvanın sözügedən yolda heç nə edə bilməməyindən irəli gəlir. Nikol bu üsulla Qərb qüvvələrinin Azərbaycana təzyiq göstərməsində maraqlıdır. Amma AB-nin Azərbaycanın enerji resurslarına ciddi ehtiyacı olduğu üçün Qərbdə indi heç kim Bakıya təzyiq etməkdə maraqlı deyil. Amerikalılar kimi avropalılar da həmişə İrəvandan Moskva ilə geosiyasi qarşıdurmada istifadə etməkdən məmnundurlar, lakin Bakı ilə əlaqələri korlamaq istəmirlər”.
Analitik vurğulayıb ki, Qarabağda separatçı layihənin taleyi həll olunub:
“Separatçı rejim layihəsi bağlanacaq. Ermənistan Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına razılıq verəcək və Qarabağa təkcə silahların deyil, istənilən qeyri-qanuni mühacirin axını dayanacaq. Separatçıların liderləri Vardanyanın deportasiyasına razılıq verib, bundan sonra Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə və dövlətinə reinteqrasiyası başlayacaq. Qarabağ məsələsi Əliyevin dediyi kimi, beynəlxalq gündəmdən çıxacaq, ermənilər Azərbaycanın bərabərhüquqlu vətəndaşlarına çevriləcək. Cənubi Qafqaz tarixinin daha bir çətin səhifəsi bağlanacaq. Paşinyan təbii ki, bunu Ermənistan üçün maksimum fayda və şəxsən özü üçün minimal siyasi risklərlə reallaşdırmağa çalışacaq”.
- Rəsmi Bakıdan İsrail və Livan arasındakı atəşkəsə - Reaksiya
- Gilan valisi sərhədimizdə: yeni körpüyə baxış keçirdi
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər