Politoloq Şahin Cəfərli son sutka ərzində qonşu İranda baş verənləri şərh edib.
BUTA.TV xəbər verir ki, o, bu barədə feysbukda yazıb. Ş. Cəfərli bildirib ki, ötən gecə İranda baş verənlər güman ki, yoxlama məqsədli idi:
“İran HHM sistemlərinin reaksiyasını ölçmək, bəlkə də yerlərini dəqiqləşdirmək, İran komandanlığının bu tip situasiyalara ümumi hazırlıq səviyyəsini test etmək kimi məqsədlər qarşıya qoyulmuş ola bilər. Aydındır ki, genişmiqyaslı hava hərəkatına qərar veriləndə əvvəlcə düşmənin bu hücumlardan müdafiə sistemləri sıradan çıxarılır ki, aviasiya nəzərdə tutulan hədəflərə rahat zərbələr endirə bilsin. TSAXAL Baş Qərargahında İrana qarşı bu yöndə planların hazırlandığı və davamlı olaraq bu planların üzərində işlənildiyi sirr olan bir məsələ deyil.
İranın nüvə və raket proqramlarını dayandırmaq üçün siyasi-diplomatik vasitələr tükənmək üzrədir. Bayden administrasiyasının İranla anlaşma yönündəki cəhdləri iflasa uğradı. Rejim nəinki bu məsələdə konstruktivlik nümayiş etdirmədi, üstəlik, Ukrayna müharibəsində Rusiyanın yanında yer aldı.
İrandakı son prezident və parlament seçkilərində islahatçı qanadın diskvalifikasiya edilərək icra və qanunvericilik səviyyəsində qərarların qəbulu prosesindən tamamilə kənarlaşdırılmasından sonra sistemin sərtləşəcəyi və öz içinə qapanacağı məlum idi. Bu seçkilərin nəticəsində müəssəs-nizamın seçkili dövlət institutları (prezident, parlament) ilə bütünləşməsi baş verdi və sistem islahatçıları dövlət içərisində marginallaşdırdı. İnqilab Keşikçiləri Korpusunun təsir gücü artdı. Bu isə öz növbəsində siyasətin radikallaşmasına gətirib çıxardı”.
Politoloq bildirib ki, İran da Şimali Koreya kimi öz mövcudluğunu qorumağın yeganə üsulunu çox güclü hərbi çəkindiricilik amilini ən yuxarıya qoymaqda görür:
“Məntiqlə, ABŞ-dakı demokrat administrasiya ilə anlaşıb, embarqoların bir qisminin ləğvinə nail olmaq, Ukrayna müharibəsi dövründə isə bazara mümkün qədər çox neft-qaz çıxarıb Rusiyanın boşluğunu doldurmaq və Qərb üçün qiymətli tərəfdaşa çevrilmək şansı olduğu halda, rejim bunun tam əksini seçdi. Bu, kənardan məntiqsiz və irrasional yol kimi görünür, amma nəzərə almaq lazımdır ki, bu tip rejimlər özünüqoruma instinkti ilə hərəkət edir və onların öz məntiq şkalası var. Şimali Koreya rejimi kimi, vilayəti-fəqih teokratiyası da öz mövcudluğunu qorumağın yeganə üsulu kimi çox güclü hərbi çəkindiricilik amilini ən yuxarıya qoyur, bu məqsədlə nüvə proqramından vaz keçmir.
Belə olan halda, İsrailin özü üçün ekzistensial təhdid saydığı İranın nüvə və raket silahlanması proqramlarını dayandırması üçün hərbi variant getdikcə daha çox ağırlıq qazanır.
Amma İran kimi böyük ölkəyə qarşı quru əməliyyatlarının keçirilməsi və bunun nəticəsində ölkənin xarabazara çevrilməsi, qaçqın axınlarının baş verməsi kimi apokaliptik ssenarilər az ehtimal olunandır. Hərbi əməliyyata qərar verilərsə, pilotlu və pilotsuz aviasiya ilə yalnız hərbi obyektlərə nöqtə zərbələri endirilməsi ehtimalı daha yüksəkdir. Təbii ki, bu cür əməliyyat da ciddi eskalasiya ilə nəticələnəcək, İran ilk hücumlardan qoruya bildiyi raketləri ilə İsrailə və bölgədəki ABŞ hərbi bazalarına zərbələr endirməyə çalışacaq, Orta Şərqdəki proksi güclərini hərəkətə keçirəcək.
Bir sözlə, bölgəmizin dinc dövrləri arxada qalıb...”
Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri İranın paytaxtı Tehran başda olmaqla Rəşt, Təbriz, İsfahan, Xoy, Həmədan, Kərəc, Azərşəhr və digər şəhərlərindən partlayışların və yanğınların əks olunduğu kadrlar paylaşıblar.
Görüntülərdə hava hücumunda müdafiə sistemlərinin, hava həyəcanı siqnallarının, həmçinin partlayışların səsləri eşidilir.
İddialara görə, İsrail tərəfindən İrana qarşı kamikadze dron hücumları həyata keçirilir.
Həmçinin İran Müdafiə Nazirliyi ona məxsus zavoda hücum olması barədə məlumatı təsdiqləyib.
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi