İran iz azdırır: guya uşaqla gəlib, guya ermənidir… - Deputat

14:18 - 27 Yanvar 2023 - GÜNDƏM

 İran iz azdırır: guya uşaqla gəlib, guya ermənidir… - Deputat

Fars-molla rejimi həmişə terror yuvası olub, terrora dəstək verən əsas ölkələrdən biridir, bu sahədə özünəməxsus təcrübəsi var.

BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib.

Millət vəkili İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət olmadığını bildirib:

“Əgər belə deyilsə, o zaman sadə bir sual: qatil terrorçunun hücumu zamanı səfirliyi qoruma xidməti haradaydı? Axı hər bir dövlət öz ərazisindəki diplomatik korpusları qorumağa borcludur! Fars-molla rejiminin Bakıdakı səfirliyi necə qorunur? Bu, onlar üçün bir nümunə deyilmi? Səfirliyə yaxın ərazidə olan polis terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib, bu dəqiqələrədək də hər hansı təxirəsalınmaz addım atılması müşahidə olunmur. Azərbaycan Respublikası Səfirliyinin azərbaycanlı mühafizəçiləri hücumun qarşısına çıxmasaydı, bütün səfirlik əməkdaşları qətlə yetiriləcəkdi.

Bu hadisə bizi həddən artıq hiddətləndirmişdir və əlbəttə, Azərbaycan Respublikası rəsmi Tehrandan obyektiv araşdırma gözləyir. Hərçənd, rəsmi Tehran bizim tanıdığımız, bildiyimiz rəsmi Tehrandırsa, onun obyektiv araşdırmasına inam yox dərəcəsindədir”.

Q.Paşayeva vurğulayıb ki, hadisəni törədən terrorçunun guya erməni olmasının deyilməsi İran xüsusi xidmət orqanının öncədən düşündüyü və xəbər dövriyyəsinə daxil etdiyi ağ yalandır:

“Xüsusi xidmət orqanlarına yaxşı bəllidir ki, terrorçu İran vətəndaşı Yasin Hüseynzadədən başqası deyil. Yasinin məhz İranın xüsusi xidmət orqanları, özəlliklə də SEPAH-la bağlantılı olduğu ehtimalı var. Bəli, fars-molla rejimi Azərbaycan Respublikası Səfirliyinə hücumun məsuliyyətini öz üzərindən atmaq üçün məsələnin mahiyyətini təhrif etməyə çalışır. Guya problem məişət hadisəsiymiş, guya terrorçu əraziyə uşaqla gəlibmiş və s. Belə yalan məlumatlar iz azdırmaq üçündür. İran xüsusi xidmət orqanları ilə bağlılığı olan terrorçunu hədəfdən yayındırılması, yerli və beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırılması məqsədi güdən addımlar yox, real, obyektiv addımlar tələb olunur! Ləyaqətli dövlət necə hərəkət etməli olduğunu biz yaxşı bilirik. İran ya ləyaqətsizliyi rəsmən boynuna alacaq, ya da özündə siyasi iradə, beynəlxalq hüquqa hörmət hissi tapıb, konkret hüquqi addımlar atacaqdır!

Şəhidimizə rəhmət, bayrağımıza ucalıq diləyirəm!”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol