Mən özgürlüyümü qoruyuram, ətrafımdakılar isə…

23:04 - 31 Dekabr 2022 - GÜNDƏM

 Mən özgürlüyümü qoruyuram, ətrafımdakılar isə…

Əslində, bu bizim təhsillə bağlı düşüncələrimizin identifikasiyası üçün vacibdi: hər şeydən öncə münasibətlərimizə aydınlıq gətirməliyik.

Axı təhsilin həyatımızdakı müəyyənedici rolu və bundan qaynaqlanan mesajlar istər-istəməz onun statusunu formalaşdırır; özü də bütün yaş hədlərində – ana bətnindən tutmuş ta torpağın bətninədək. İlk mesajları valideynlərimizdən alırıq. Hələ dünyaya gəlməmişdən əvvəl. Diqqət! Bu bizim təhsillə ilk görüşümüz, ilk tanışlığımız, ilk təmasımızdı həm də; stratejidə taktikanın koordinatlarını fiksə edən. Bilməyimizdə fayda var: Hər bir insanın genetikasına özəl təhsil düsturu hakimdi: o hakimin çıxardığı qərarlar, verdiyi hökmlər sonradan təhsillə bağlı özəl baxış bucaqlarımızı müəyyənləşdirir.

Ön(əmli) xətdə hansı ailədə doğulacağımızı qabaqcadan müəyyənləşdirməyimizin mümkünsüzlüyü də yer alıb – sipər kimi. İstəsək də, istəməsək də start mərhələsində taleyimizi yalnız şansa bağlamır, həm də bu mesajların gələcək həyatımızdakı rolunu və əhəmiyyətini dəfələrlə artırır; həndəsi silsilə şəklində. Ehtiyatlı olun! Axında saxta mesajlar da var. Aldana bilərsiz. İlluziyalar həmişə təhlükəli olur. Qələbə kimi!..

Onsuz da böyük əksəriyyət öz ömrünün təhsil düsturundan xəbərsiz yaşayır. Çünki fərd üçün onun həllini tapmaq nə qədər asandırsa, özünü tapmaq da bir o qədər çətindi. Gözümüzün önündə ətrafındakıları yamsılaya-yamsılaya, təkrarlaya-təkrarlaya, təqdir edə-edə yaşayan adamların gizli koalisiyası – cansıxıcı bir çevrə var. Əgər bu dairənin bir-birini tamamlayan əsas elementlərinə – üslubuna, qafiyəsinə, vəzninə, hecasına, rədifinə və janrına daha diqqətlə nəzər yetirsək, üç yüz altmış bir (+) dərəcə bucaq altında, nəzmdən xeyli uzaq, əsasən, bulanıq obrazların xaotik dinamikası ilə rastlaşacağıq və yaddaşımızda daha çox eyni mövqeyi paylaşan adamlar qalacaq; öz həyatının yanından etinasızcasına, yad kimi ötüb keçən adamlar. Bu anonim cinayətdi! Amma maddəsi – bəlli! Hökmü – aşkar! Cəzası – ÖMÜRLÜK!..

Yoxsa ölkədə ali təhsil almaq niyə dəbə çevrilsin ki!?. Niyə axı hər il onlarla gənc öz uğurlu gələcəyində, məsələn, peşəkar bir dərzi kimi yaşaya biləcəyi gözəl həyatını, öz uğursuz gələcəyində, məsələn, qaranlıq odasının bir küncünə göz dağı kimi atacağı quru diploma dəyişsin! Toz basmış! Bu həm də onun toz basmış öz həyatıdı. ÖZüdü! Şübhəniz olmasın...

Sədd-sərhəd anlayışı düşüncəm(iz)də hüdudsuzluğun varlığını xatırlamağım(ız) üçün mövcuddu ancaq. Ancaq insan öz içində zəkasını gizlincə dalana dirəyən, təfəkkürünü asta-asta bloklayan nə varsa, hamısı ilə aşkar müttəfiqdi! Yan obrazlar arzulanan qonaq kimi, yalnız sonradan üzünə açdığımız qapılardan içəri keçir və yaşıl işıqda şüuraltına asta-asta məxfi müdaxiləsi ilə təşəbbüsü ələ alır. Yan obrazların pəncərədən tullanmaq vərdişi yoxdu! Ancaq bizim onlarla qol-qola girmək, çiyin-çiyinə verib yallı getmək həvəsimiz – sevgimiz var! Bizim halay çevrəmiz! Özümüzün özümüzə çəkdiyimiz sərhəd! Və bu çərçivədə ritmi pozmamaq öhdəliyimiz! Kopella! Sən yalnız xaric səs vurmadığına – fərqlənmədiyinə görə buradasan! Soloya ehtiyac duymayan xorda! Burada hər şey əladı, hər şey gözəldi! Bədən dilimizin, səs tembrimizin, göz təmasımızın ağlagəlməz vəhdəti hələ indən belə nə qədər adamı çevrəmizə qoşacaq, hələ nə qədər adamı bəlli notların hökmünə tabe olmağa vadar edəcək! Özü də o qədər məharətlə, o qədər ustalıqla ki, bəlkə də heç kim öz ömrünün sonuna kimi hansı oyuna girdiyini başa düşməyəcək; hansı havaya rəqs etdiyini duymayacaq; hansı tələyə düşdüyündən xəbər tutmayacaq. Anlamayacaq ki, bu bizim könüllü, ancaq son dərəcə qorxulu işbirliyimizdi! Özünüinkara, özünütəhdidə, özünəqəsdə tən!..

Piştaxta(mız)da: Özgürlüyümüzü şərtləndirən və şəkilləndirən dəyərlər! Statusu – ilahi! Toxunulmaz! Yəni, yalnız özümüzə məxsus, yalnız özümüzə doğma genetik və irsi elementlərin füzelyajı: hərəkət trayektoriyamızın təməl sütunları. Arzu və istəklərimiz! Hədəflərimiz! Ən ümdəsi, ürəyimizin səsi! Və onları pozuq xətlə nota köçürüb hərraca çıxaran – biz! Və bizim ölümcül səhvimiz! İbtidai içma quruluşuna xas iqtisadçı təfəkkürümüzlə! Dünyanın ən məntiqsiz və ən ucuz bazarlığında! Yalnız bir mütləq var: Bu sövdələşmədə satışa çıxarılanlara heç kim heç vaxt nə layiq olduğu, nə də gözlənilən qiyməti verməyəcək! Çünki yan obrazların – yad adamların bu dəyərlərə heç uzaq qohumluğu da çatmır!..

Mən bir gənc tanıyıram. Dörd il bundan qabaq sonsuz bir ehtirasla – kosmonavt olmaq istəyi ilə göylərdə uçurdu; indi yerlərdə sürünür! Özgürlüyümüzü başqalarının müzakirəsinə və mühakiməsinə buraxmağımızın tək aqibəti bu! Arzu və istəklərimizə, hədəflərimizə, ən əsası, ürəyimizin səsinə münasibətdə öz mövqeyimizi heç kimə, hətta valideynlərimizə güzəştə getməməliyik! Əgər uduzmaq istəmiriksə! Yoxsa mizan tərəziyə çıxan kimi, pudluq daşlar dərhal ayaqlarımızdan yapışacaq! Çünki çəki daşlarının tək hədəfi aşağı çək(il)məkdi!..

Gəlin görək fərqli və çevik düşüncə tərzinin, iti və hərəkətli baxış bucaqlarının və rəngarəngliyin strateji tələbi fonunda kim(lər) və nə(lər) var: on bir il eyni şəkildə düzülmüş parta arxasında on bir il eyni şəkildə oturmuş adam! Çərçivə proqramların dominantlığı! Gözüqıpıq, tənbəl və həvəssiz interaktivlik! Böyük əksəriyyətin təbiətində gözdən-könüldən iraq yeraltı çaylar kimi axan, şəxsi mülkiyyətimizin – həyatımızın özəl və bənzərsiz qatlarını asta-asta yuyan, ayağımızın altındakı torpaqlarımızı – ərazilərimizi qaçıran və fürsət bərabərliyimizi əlimizdən alan ətalət! Sonunda təşəbbüs qıtlığı! Beyin tənbəlliyi! Xəyal qırıqlığı! Gizli depressiyalar! Qəfəs sevgisi! Total anesteziya – təlim edilmiş çarəsizlik sindromu ilə!..

Monotonluğun ən geniş yayılmış ən təhlükəli rəsmi – asta-asta həyat tərzinə çevrilən, intellektual, mənəvi və psixoloji dinamikanın qəsdinə duran monotonluq! Aksiom! Gözlə görünənlərin gözlə görünməyənlərə daha çevik və daha dərin təsiri; “görməsəm, inanmaram!” prinsipinə köklənmiş məxfi və nəhəng müxalifət koalisiyası! Yalnız gözlə görünməyənlərəmi qarşı!? Eşitdiklərimiz, düşündüklərimiz və hiss etdiklərimizdən fərqli olaraq, gördüklərimizin yolu həmişə daha iti, daha qısa, daha rahat və daha effektivdir! Hətta oxuduqlarımızdan da! Gözünü hara dikmisənsə, ora da gedirsən! Fakt: dünya əhalisinin mütləq əksəriyyətini öz əsarəti altında saxlayan televiziya ekranı! Biz öz həyatımıza da çox vaxt bu ekrandan baxırıq. Biz öz həyatımızı da çox vaxt bu ekranda görürük. Bizə öz həyatımızı da çox vaxt bu ekran xatırladır. Səsini eşitmədiyimiz, üzünü görmədiyimiz peşəkar ssenari müəlliflərinin təqdimatında. Öz həyatına yad adamlara öz həyatını xatırladan yad adamlar!..

Bir yaxşı filmə baxan kimi, duyğularımız dərhal “gərnəşir”, damarımız qabarır, ürəyimiz çırpınır, ruhumuz diksinir! İstər-istəməz dodaqlarımızın altında bir az da utana-utana, bir az da qorxa-qorxa pıçıldayırıq: sən demə, hər şey bu həyatdan götürülübmüş, hər şey...

İçində yaşaya-yaşaya çölündə qaldığımız həyatdan!..

Bu, güzaran psixologiyasının mətbəxində – 25-ci kadr arxasında moderatorların virtuoz drijorluğudu. Menyuda qarşısıalınmaz təbii fəlakət qədər təhlükəli, ancaq könüllü – qeyri-ixtiyari inteqrasiya: hər gün daha çox azalan və kiçilən həyatımız üçün hər gün daha çox artan və böyüyən monitorlar! İstənilən zövqə uyğun! Bizi nə (özümüzdən ötrü) acmağa, nə də iştahdan düşməyə qoymayan! Buyurun, bu da dükanlardan kreditlə alınan malların monitorinqi: ön sırada televizor və mobil telefonlar! Əvvəla, heç kim inciməsin: kredit – ağıllı adamların düşündüyü tələdi; ağılsız adamların düşdüyü; içi mən qarışıq!..

Və indi bu bataqlığın asta-asta udduğu adamlara baxa-baxa inam və şübhə arasında çırpınan halımla gəldiyim qənaətimdən qat-qat gücsüz olduğumu boynuma alıram. Çünki bu, yalnız gəldiyim qənaət deyil; bu, həm də gəlməyə bilmədiyim qənaətdi: deyəsən axı bizim nə iç dünyamız var, nə də dış! Bizim bir ev həyatımız var, bir də bayır! Hər iki cəbhəmiz ağ bayraq altında – monitorların əsarətində. Tac damarlarımız geni dəyişdirilmiş ərzaqların, modifikasiyaya uğramış informasiyaların açıq poliqonuna çevrildikcə, ucqarlarda kapiliyarlarımız da bir-bir tıxanır! Biz özümüzə çəkilirik. Biz kiçilirik. Suyu sovrulan çaylar, göllər, dənizlər kimi! Bu total işğaldı! Ölümcül simfonik xətadı! İnsanlığın görmədiyi! Görmək istəmədiyi həqiqətimizdi: Hər gün daha çox kiçilən həyatımızda hər gün daha çox böyüyən məğlubiyyətimiz! Və bu acı gerçəyin az qala hər addımbaşı gözümüzə təpilən sübutu: daha evlərin təlabatını bir televizor ödəmədiyi kimi, adamlara da bir telofon bəs etmir. Gözlərimiz gizli ismarıcların hipnozu altında! Gözlərimiz hər gün bu ismarıclara daha çox doğmalaşdıqca, hər gün özümüzə daha çox yadlaşırıq!..

Üstəlik, körpə uşaqlarımızın “monitor bacarığı” ilə öyünməyimizi də mənbəyi məlum olmayan bu süni qürur hissinin məntiqsiz ifadəsi ilə dilə gətiririk. Məsələn, “iki yaşı var, amma telefonun dilini məndən yaxşı bilir, amma telefonu məndən yaxşı idarə edir.” Əslində isə telefon uşağın dilini bizdən yaxşı bilir. Ona görə də uşaq telefonu yox, telefon uşağı idarə edir! Və bizdən fəqli olaraq var gücü ilə onun üçün hər şeyi əvəz etməyə, hər şeyə çevrilməyə çalışır. Onu bizdən alır. Amma biz telefonu uşaqdan ala bilmirik. İlk cəhdimizdəcə özünü yerə çırpır! Çünki bu, bizin itirdiyiniz uşağımızın bizsiz tapdığı, bizim olmadığımız dünyadı; bizin itirdiyiniz uşağımızın itirmək istəmədiyi tək dünyası: laylası, nağılı, bayatısı, bir sözlə, hər şeyi. Şiddəti, qətli, təcavüzü norma kimi altşüura yeridən oyunların, cizgi filmləri qəhrəmanlarının və bu qorxunc qəhrəmanların küçələr boyunca satışa çıxarılmış oyuncaq prototiplərinin əli ilə başını sığallaya-sığallaya, aldada-aldada onu narkotika aludəçilərinin, cinayətkarların məkanına sürükləyən, canilərin pərəstişkarına çevirən! Yaratdığı assimmetrik psixoloji coğrafiyasında yaşamağın mümkünsüzlüyünü təlqin edə-edə elastik uşaq düşüncələrinin nizamını pozan, onu özündən qat-qat böyük tərəddüdlərilə intihar məktublarının müəllifinə çevirən kumulyativ effekt! Nə vaxtsa təsadüfən belə məktublardan birini oxuyanda, gözlərim hədəqəsindən çıxmışdı. Əgər onu ikinci sinif şagirdinin yazdığını bilməsəydim, tərəddüdsüz düşünərdim ki, oxuduğum sətirlərin müəllifi ən azı Tolstoy, Hüqo, Dostoyevski ilə yaşıddı! Bu mühafizəkar təbiəti ilə təhsilin özünü belə autda saxlayan, atom bombası qədər nəhəng və nəzarətsiz enerji resurslarının ölümcül transformasiyasıdı! Elm və təhsil önləyici blokların, platformaların, platinaların layihəsini çəkə bilər, amma cəmiyyətin dəstəyindən kənarda reallaşdıra bilməz!..

Çünki bu, saçaqlı köklərilə bizə sanki balıqçı torunu xatırladan, cəmiyyətin bütün qatlarınadək işləyən zəncirvari reaksiyadı; həm də böyüklərə qarşı kiber hücumdu! Telefonlarımızın yaddaşı süni gülüşlərin, saxta sevgilərin, yabançı və yalançı münasibətlərin qalereyasını xatırladır! Hər halda, biz heç vaxt obyektiv qarşısında olduğumuz kimi dayanmırıq. Mütləq özümüzə əl gəzdiririk, mütləq özümüzü yığışdırırıq, mütləq özümüzü dəyişdiririk və telefonumuzun yaddaşına fərqli – süni halımızla həkk olunuruq. Bax beləcə cansız yaddaşın güclü təzyiqi neytrallaşdırdığı müqavimət hissimizlə bizi ÖZ ömrümüzün ÖZGƏ sakininə çevirir: həyat(ımız)da nə qədər çox şəkil çək(dir)iriksə, həyatı(mızı) da bir o qədər az xatırlayırıq!..

Önümüzdə nəhəng piktoqramlar, emojilər, ikonlar, smayliklər ordusu; bizə zorla gülmədən gülməyi, kədərlənmədən kədərlənməyi, sevmədən sevməyi öyrədən! Bu yeni nəsil saxta akronimlərilə sözlərdən tutmuş durğu işarələrinədək hər şeyi, hətta ruhumuzu öz təbii məcrasından çıxaran premyeradır: görməyə adət etdiklərimizlə görməyə adət etmədiklərimizin amansız savaşı! Bizim kimi düşünməyəni bizim düşmənimizə çevirən kəskin konfrantasiya! O qədər kəskin ki, məsələn, mən özgürlüyümü qoruyuram, ətrafımdakılar onlarla döyüşdüyümü düşünür...

P.S. Bu savaşda özünü çıxılmaz vəziyyətdə, məğlub durumda hiss edənlər üçün özəl bir not: sənin həyatın sənin şahmat taxtandı; kimi harada qoyarsansa, orada da durar...

P.P.S. Azadlıq zindanda da, dar ağacında da, edam kötüyündə də, çarmıxda da gözəldi! Bax gör aradan neçə əsr keçib, amma mən hələ də düz 8 il sərasər tonqala – yandırılmağa aparılan Cordano Brunonu düşünürəm, Bruno isə əynindəki təzə plaşına görə borclu qaldığı dərzini...


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol