Prezident bu teatrın kollektivini təbrik etdi

17:34 - 27 Mart 2026 - GÜNDƏM

 Prezident bu teatrın kollektivini təbrik etdi

Prezident İlham Əliyev Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının yenidənqurmadan sonra açılış münasibətilə kollektivə təbrik ünvanlayıb.

BUTA.TV təbrikin mətnini təqdim edir:

"Əziz dostlar.

Sizi əlamətdar hadisə - Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Musiqili Dram Teatrının genişmiqyaslı yenidənqurmadan sonra açılışı münasibətilə təbrik edirəm.

Bu xəbər hal-hazırda çox oxunur
Rəşad Baxşəliyev vəfat etdi

Rusiya Federasiyasının və Dağıstan Respublikasının rəhbərliklərinə Azərbaycan xalqının mədəni-tarixi irsinin bu abidəsinin qorunmasına göstərilən diqqətə görə təşəkkürümü bildirirəm.

Bir əsrdən çox tarixi olan bu mədəniyyət mərkəzi Azərbaycan milli teatr sənətinin ən qədim kollektivlərindən biridir.

Rusiya Federasiyasında Azərbaycan dilində yeganə dövlət teatr müəssisəsi olan Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrı Dağıstanın mədəni həyatında daim mühüm rol oynayıb və respublikanın ərazisində yaşayan azərbaycanlıların milli və mənəvi dəyərlərinin qorunmasına töhfə verib. Görkəmli Azərbaycan dramaturqlarının əsərlərinin uğurla tamaşaya qoyulması mədəniyyət mərkəzinə təkcə Dağıstanda deyil, həm də onun hüdudlarından kənarda geniş tamaşaçı rəğbəti qazandırıb.

Bu gün Dərbənddə Azərbaycan teatrının fəaliyyətini bərpa etməsi həm peşəkar sənətçilər və incəsənətə dəyər verənlər, həm də zəngin mədəni rəngarəngliyə malik Dağıstanın bütün əhalisi üçün böyük, çoxdan gözlənilən bayramdır.

Azərbaycan və Dağıstan xalqlarını əsrlər boyu sıx dostluq əlaqələri, mehriban qonşuluq və qarşılıqlı dəstək birləşdirib. Bu ənənəvi əlaqələr Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərdə xüsusi rola malikdir.

Humanitar əməkdaşlığın inkişafı öz növbəsində Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərinin mühüm amilidir. Əminəm ki, Azərbaycan ilə Dağıstan arasında sıx əməkdaşlıq, o cümlədən mədəni-humanitar əlaqələr gələcəkdə də ardıcıl inkişaf edəcək və Azərbaycan-Rusiya müttəfiqlik qarşılıqlı münasibətləri məcrasında genişlənəcəkdir.

Dərbənddəki Azərbaycan Dövlət Musiqili Dram Teatrının bütün kollektivini bu əlamətdar hadisə münasibətilə bir daha təbrik edirəm.

Teatra yeni yaradıcılıq uğurları arzulayıram".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol