Suriyada baş verənlər, ittifaqlar və hədəflər, hadisələrin mümkün inkişafı birdən çox suala cavab axtarışını aktuallaşdırır. Ki, bu cavablar baş verənləri anlamaq baxımından da əhəmiyyətlidir.
- Hansı qruplar döyüşür və arxasında kimlər var?
- Müharibə niyə yenidən alovlandı?
- Əsədə qarşı hücuma niyə Heyət Təhrir Əş-Şam (HTŞ) liderlik edir?
- Ölkələr üzrə gizli ittifaqlar necə görünür və uzlaşma-kəsişmə nöqtələri hansılardır?
Suriyada 4 əsas qüvvə və hər birinin arxasındakı ölkələr mübarizə aparır:
1. İran və Rusiyanın dəstəklədiyi Əsəd rejimi (Suriya Silahlı Qüvvələri);
2. Türkiyənin dəstəklədiyi Suriya Milli Ordusu (Azad Suriya Ordusu -ASO);
3. ABŞ-ın açıq, İsrailin gizli şəkildə dəstəklədiyi PYD/YPG (PKK-nın Suriya qanadı);
4. Müxtəlif ölkələrin (ABŞ, Avropa ölkələri, Türkiyə, İsrail) təsir imkanlarının olduğu və onlara bağlı qrupların yer aldığı HTŞ.
Müharibənin indi alovlanmasının iki bəlli səbəbi var:
- Rusiyanın Ukraynada döyüşdüyü, İran ətrafında halqanın daraldığı vaxt Əsədin müqavimət qabiliyyətinin zəifləməsi: rejim qüvvələrinin Hələb və Həmadan qısa müddətdə çıxarılması da bunu təsdiq etdi;
- İsrailin ABŞ-ın dəstəyi ilə İranın Yaxın Şərqdəki mövqelərinin neytrallaşdırılması əməliyyatında Suriya mərhələsinə start verilməsi.
Suriyada Əsədə qarşı müxaliflər əsasən ASO çətiri altında toplansa da, hücuma HTŞ-nin liderlik etməsinin də səbəbləri var:
Birincisi, Türkiyənin dəstəklədiyi ASO-dan fərqli olaraq, Suriyada Əsədə qarşı olan ölkələr HTŞ-də “ortaq hədəf” ətrafında birləşir: HTŞ-də ASO qüvvələri döyüşsə də, hücuma Ankaranın rəhbərlik etməsi Moskva və Tehranla açıq qarşıdurmaya səbəb olacaqdı, hazırda belə bir qarşıdurma olsa da, Türkiyə diplomatik manevr imkanlarını saxlayır;
İkincisi, Suriyanın mümkün bölünməsi perspektivində “sünni ərəb dövləti”nin yaradılması ssenarisinin HTŞ üzərindən həyata keçirilməsi planı istisna edilməməlidir.
Bütün bunların fonunda baş verənlərdə əsas məqam Suriya müharibəsində tərəf olan ölkələrin uzlaşan və toqquşan maraqlarıdır:
a) Rusiya və İran Əsəd rejiminin qalmasında ortaq mövqedən çıxış etsə də, Moskvanın prosesə Tehran qədər aktiv müdaxiləsi görünmür: Rusiyanın Suriyada müəyyən pay almaq, eləcə də Ukraynada güzəşt əldə etmək naminə ABŞ/İsrail cəbhəsi ilə anlaşması perspektivi mümkün variantlardandır;
b) Əsədə qarşı hücumda Türkiyə və ABŞ-ın (Qərb ölkələri, eləcə də İsrail) maraqları uzlaşır:
- ABŞ/İsrail ittifaqının hədəfi Rusiyanı Suriyada – Yaxın Şərqdə sıxışdırmaq, xüsusilə İran qüvvələrini sıradan çıxarmaq, Tehranın Hizbullah üzərindən nəzarətdə saxladığı Suriya-Livan xəttini qırmaqdır;
- Türkiyə Suriyada “zəif bəndə” çevrilən Rusiya və İranla eyni cəbhədə yer almaq istəmir, Əsədin devrilməsi, ən azından sıxışdırılması ssenarisində sərhədlərində “təhlükəsizlik zonasının” yaradılması, suriyalıların geri qayıdışının təmin edilməsi və mümkün parçalanma perspektivində payını almaq istəyir.
Uzlaşma nöqtəsi cari dövrdə aktuallığını saxlayacaq, hərçənd, “Əsəd əməliyyatı” başa çatdıqdan sonra Türkiyə və ABŞ/İsrail cəbhəsinin toqquşma nöqtəsinin aktuallaşacağı qaçılmaz görünür. Çünki ABŞ PKK-nın Suriya qanadı olan PYD/YPG-yə dəstəyini kəsmək niyyətində deyil, əksinə Tramp dövründə bunun daha da artacağı gözlənilir.
Və Suriyada mümkün parçalanma ssenarisində Fəratın şərqində - PYD/YPG-nin nəzarət etdiyi ərazilərdə “kürd dövləti/muxtariyyəti”nin yaradılması və Şimali İraq Kürd Muxtariyyətinin də iştirakı ilə Aralıq dənizinə qədər məlum “kürd dəhlizi” layihəsi aktuallaşa bilər. Bu, Türkiyə üçün post-Əsəd dövrünün əsas problemi olaraq qalır. Hərçənd, bu ssenaridə Ankaranın əli o qədər zəif görünmür:
- Türkiyənin ASO üzərindən Suriyada faktiki nəzarət etdiyi ərazilər “kürd dəhlizi” önündə maneədir;
- Suriyanın parçalanması ssenarisində Türkiyənin ASO üzərindən müqavimət göstərməsi və pay alması imkanları var;
- Ankara PYD/YPG kartına qarşı Ərbillə münasibətlərindən də rıçaq kimi istifadə edə bilər.
Suriyada baş verənləri cari dövr və perspektiv olaraq qiymətləndirdikdə, Əsəddən sonra da qarşıdurmanın başa çatacağını demək çətindir. Əsədin – İran və Rusiyanın müqavimət göstərməsi və qala bilməsi isə çətin görünür - hadisələrin inkişafını fərqli istiqamətə yönəldəcək.
- Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq
- Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?
- Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...
- Təyyarə qəzası necə baş verib? - Detallar
- Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video
- “Rəsmi Bakı Rusiyadan üzr gözləyir”
- Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı
- AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Təcili