Kobaxidze niyə bir sözlə Tiflisi qarışdırdı? Nə baş verir?

16:04 - 1 Dekabr 2024 - DÜNYA

 Kobaxidze niyə bir sözlə Tiflisi qarışdırdı? Nə baş verir?

Gürcüstanın indiki hökuməti ruspərəsdirmi? Bu iddanın özü belə absurddur, çünki diplomatik əlaqələr yoxdur, Rusiya bütün rəsmi sənədlərdə işğalçı kimi tanınıb, Ukraynanın ərazi bötövlüyünü Gürcüstan bütün beynəlxalq tədbirlərdə təsdiqləyib, bu ölkə həm də Ukraynaya tam dəstək olan “Ramşteyn” qrupunun üzvüdür.

BUTA.TV xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli Gürcüstanda baş verən son proseslər haqda qeyd edib.

O bildirib ki, Gürcüstanın Rusiya ilə normal münasibətlər istəməsi təbiidir:

“İldə 1,4-1,5 mln. turist gəlir, onlar 2,5-3 mlrd. dollara yaxın vəsait xərcləyirlər. Gürcüstanın əsas ixrac malı olan spirtli içkinin bazarı Rusiyadadır, çünki Avropa bazarı aşırı tənzimlənir, ora çıxmaq çətindir, onlarla sertifikat istəyirlər, bahadır, həm də orada İspaniya, İtaliya, Fransa kimi şərab ölkələri ilə rəqabət aparmaq asan deyil. Gürcüstan tək bu ilin ilk 10 ayında Rusiyaya 500 mln. dollarlıq spirtli içkilər satıb.

Gürcüstanın Rusiya ilə münasibət qurması günah deyil, hətta labüddür. Avropa Birliyi, Qərb bu münasibətlərə görə Gürcüstanı qınayırsa, onlara antidemokratik deyirsə, bəs Rusiyaya göbəyindən bağlı olan, Kremlin başçılıq etdiyi KTMT, Avrasiya İqtisadi İttifaqı, Gömrük İttifaqlarının üzvü, Moskvaya sanksiyalardan yan keçməyə tam dəstək olan Ermənistanı nədən tərifləyib, onlara “demokrat” deyir?! Bu absurddur axı”.

Ekspert xatırladıb ki, 26 oktyabr seçkisində Gürcü Arzusu parlamentə düşən 4 müxalif partiyanın hamısından çox səs alıb:

“Müxalifət də bunu etiraf edir, sadəcə hökumətin 53,93% deyil, daha aşağı səs aldığını iddia edir. Yaxşı, lap 49-50% səs alıbsa, onlara səs verən gürcü xalqı deyilmi? Bəli, ölkə yarıya bölünüb, yarısı etiraz edir – onlara “gürcü xalqı” deyirlər, yarısı isə etiraz etmir, səs verib, hökuməti dəstəkləyib, bəyəm onlar xalq deyil?!”

N.Cəfərli sönməkdə olan ehtirasların birdən-birə, 28 noyabrda Baş nazir İrakli Kobaxidzenin AB-yə üzvlük danışıqlarının 2028-ci ilə qədər dayandırılması ilə bağlı sözlərindən sonra qızışmasını belə izah edib:

“Bir çoxları məntiqi ardıcıllığı itiriblər: 1) Avropa Parlamenti məntiqsiz və hüquqsuz, hətta alçaldıcı bir qərar çıxartdı ki, biz seçkilərin nəticələrini tanımırıq və Gürcüstan hökumətinə daha yardım-qrant verməyəcəyik. Gürcüstan hökumətinin emosional (burası yanlış idi) cavabı isə belə oldu ki, biz 2028-ci ilə qədər AB üzvlük danışıqlarını dondururuq, yardımınız da başınıza dəysin. Yəni, eskalasiyaya ilk AB getdi, zatən onlar danışıqları dondurmuşdular, yardımları kəsirdilər – Gürcüstan hökuməti sadəcə buna ağılla yox, emosiya ilə cavab verdi, öncədən addım atdı. Bəs niyə emosional cavab gəldi? Çünki gürcü xalqı sözün yaxşı mənasında dikbaş, qürurlu, konservativ, dindar xalqdır. Belə bir topluma, “pul vermərik ha, biz deyəni edin” söyləmək AB-nin növbəti axmaq yanaşması idi. Bu yanaşma da, bir daha qeyd edim, səhv olan emosional yanaşmanı doğurdu.

Etiraz edənlər kimlərdir? Bəli, onlar da xalqdır, gənclərdir, gürcülərdir, amma Gürcüstanda 10 mindən çox QHT var, bu təşkilatlarda 65 min insan birbaşa, 30 minə yaxın isə dolayısı ilə çalışır. Etirazın nüvəsini onlar təşkil edid, amma sadə xalqı da etiraza, “baxın, siz daha Avropaya vizasız gedə bilməyəcəksiz” deyərək cəlb edirlər. Halbuki vizasız gediş-gəlişin ləğvi ilə bağlı hələ heç müzakirə belə yoxdur.

Bu işin arxasında olanlar niyə tələsirlər? Çünki Tramp 20 yanvardan sonra Gürcüstanla normal əlaqələrin davamını istəyəcək, etirazın moderatorları bu zamana qədər nəticə əldə etmək istəyirlər. Tramp isə normallaşma şərti kimi seçki məsələsini qoymayacaq – tək şərt Gürcüstanın Çinə verdiyi Qara dəniz limanı tikintisini geri almaq olacaq. Çin Gürcüstana yaxın 5 ildə 8 mlrd. dollar investisiya qoymaq istəyir, Tramp bunun üzərindən alver edəcək. Yəni, indiki hökumət yanvara qədər dözsə, sonrası asan olacaq.

AB-nin, Qərbin bəzi dairələrinin bölgəni, xalqları, toplumları tanımadıqları, köntöy və savadsız davrandıqları bir daha üzə çıxdı. Gürcü xalqı, indiki hökumət də daxil Qərbə, Avropaya inteqrasiya istəyir, amma qürurla, öz milli dəyərlərini qorumaqla bu addımı atmaqda israrlıdırlar”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol