Həbs qərarı üçün Əhməd daha neçə adamı öldürməlidir?

13:24 - 10 Oktyabr 2024 - CƏMİYYƏT

 Həbs qərarı üçün Əhməd daha neçə adamı öldürməlidir?

“Bu gün Əhmədə hökm oxunacaq” xəbərini oxuyanda içimdən qəribə bir hiss keçdi: birdən heç bir cəza verməsələr? Desələr ki, xəstədir...

İnanmaq istəmədim. Çünki istintaqa və məhkəməyə yazılı ifadəsini tam oxumuşdum, həm də 3 dəfə. Bir insanın törətdiyi dəhşətli qətliamı – öz doğmalarını doğramasını bu qədər soyuqqanlılıqla ifadə etməsinin özü inanılmaz idi.

Ancaq bu gün keçirilən məhkəmənin gəldiyi qənaət daha inanılmazdır: Əhməd Əhmədov cəzadan azad edilib, ona məcburi müalicə tətbiq ediləcək.

Axı Əhməd öz ifadəsində heç bir ruhi və ya psixi xəstəlikdən əziyyət çəkmədiyini deyir, heç vaxt narkotik vasitə qəbul etmədiyini bildirir? Cinayət törədən zaman spirtli içkinin təsiri altında da olmayıb.

Hadisənin baş verdiyi gün atasının mətbəxdə səhər yeməyi hazırlamasını, evin mətbəxindən götürdüyü bıçaqla ona zərbələr endirdiyini, bıçaq sındığı üçün yenisinə gedib gətirdiyini, qətldən sonra siqaret ehtiyacı hiss etdiyini, bunun üçün getdiyi marketin adını, ona siqaret satmadıqlarını, anası ilə söhbətinin xırdalıqlarını, “1001 xırdavat” mağazasından 20 manata balta almağını, hadisə zamanı onu görən yeganə şahidin kim olduğunu - hamısını bircə-bircə xatırlayır, tam təfərrüatla ifadəsində var bütün bunlar. Hələ üstəlik qardaşı Məhəmmədi və bacısı qızı Ülviyyəni “hansı məntiqlə” öldürdüyünü də izah edir – ki, böyüyüb valideynləri kimi olacaqdılar, mənə nifrət edəcəkdilər.

Yaxşı, anlaqsız biri bunu necə xatırlaya bilər? Anlaqsız, ruhi xəstə olan şəxs necə marketə girib qətl üçün balta ala bilər? Necə plan qurub, anasından daha tez mənzilə çatmağa çalışar?

Atasını qətlə yetirəndən sonra anlaqsız vəziyyətdə necə maşın idarə edib, bacısıgilə gedə, orda qətliamlar törədəndən sonra geri qayıda bilər?

Anlaqsız adam anasını və qardaşını qətlə yetirdikdən sonra cinayət alətini necə gizlətməyə çalışar? Niyə onu görünməz yerə atar?

Anlaqsızdırsa, niyə qanlı paltarını dəyişir, yuyunur, qan izlərini təmizləyir, sonra həyətə düşür?

Qətldən 8 ay keçməsinə rəğmən, həmin günü dəqiqliyi ilə xatırlayan biri necə anlaqsız ola bilər?

Hər şeyi etiraf edən, xəstə olmadığını vurğulayaraq qətli anlaqsız halda törətmədiyini bildirən birinin yaxasında yapışıb, “yox, sən xəstəsən” israrının səbəbi nədir?

Sabah “sağalsa” və cəzadan azad olunsa, yenə də balta alıb, kimisə doğrasa, bunun məsuliyyətini kim daşıyacaq?


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol