Bu gün – aprelin 2-də AFFA-da rəhbər dəyişikliyinin iki ili tamam olur. Rəhbər dəyişdi, bəs idarəetmə sistemi necə, dəyişdimi?
Qətiyyətlə “yox” deyə bilərik. AFFA Azərbaycan futbol ictimaiyyətinin başını illərdir ki, təsadüfi və heç bir planlı işin nəticəsi olmayan uğurlarla qatmağa çalışır. Vaxtilə San Marino üzərində qazanılmış 5-1 hesablı qələbəni FİFA turnirlərində demək olar ki, ilk oyunlarını keçirən, Azərbaycan xalqının adını məhz FİFA seriya turnirinə görə eşitdiyi Sent Lüsiya üzərində 6:1 hesablı qələbə ilə yenilədi və bunu ictimaiyyətə toy-bayram kimi təqdim etdi.
Bizim məqsədimiz həqiqətən də bu idi? AFFA həqiqətənmi topla davranışı yeni öyrənən milli üzərindəki qələbəni ictimaiyyətə sırımaq istəyir və bunu uğur adlandırır?
Syerra Leone ilə oyundan sonra olan şadyanalıq isə başqa bir aləmdir. Necə deyərlər, Sent Lüsiya ilə oyundan sonra paltardəyişmə otağını basmış su fontanını atəşfəşanlıq əvəzlədi.
Bəli, qələbənin dadı başqadır, amma oyundan sonra FİFA-nın az qala bütün qitələrə vaqonla göndərdiyi bu kubokla dövrə vurmaq nədir? Futbolçuları, məşqçiləri başa düşdük, bəs baş katib Cahangir Fərəcullayevə nə düşmüşdü? Azərbaycan futbolundan daha çox öz imicini düşünmək kimi görüntü formalaşdıran baş katibin “məncə, qələbəni kiçiltmək lazım deyil” ifadəsi də məhz buna bir işarədir. Eyni zamanda, Cahangir müəllimin özünün də çətinliklə səsləndirdiyi “yolun başlanğıcı” ifadəsi isə bir başqa araşdırma mövzusudur.
Doğrudanmı Azərbaycan futbol ictimaiyyəti yeni AFFA rəhbərliyindən bunu umurdu, gözləyirdi?
Cənablar, orta yaş həddi az qala 30 civarında olan futbolçularla hansı yolun başlanğıcından danışırıq? Sonu olmayan yolun başlanğıcından?
Yolun başlanğıcı eyni zamanda bir sistemin başlanğıcı ilə mütənasibdir. Hansı ki, bizdə bu başlanğıc sözün əsl mənasında bərbad vəziyyətdədir. Necə? Uzağa getmək lazım deyil. Elə mart fasiləsində aşağı yaş qrupları üzrə milli komandalarımızın nəticələri bizim hansı yolun başlanğıcında olduğumuzu tam şəkildə ifadə edir:
U-21
27.03.2026. Portuqaliya – 0:4
31.03.2026. Bolqarıstan – 0:0
U-19
AVRO-2026-nın seçmə mərhələsi
25.03.2026. Litva – 0:4
28.03.2026. Şimali İrlandiya – 1:2
U-17
AVRO-2026-nın seçmə mərhələsi
24.03.2026. Bolqarıstan – 1:1
27.03.2026. Litva – 0:0
30.03.2026. Malta – 2:2
Bu, hələ mart ayında qeydə alınmış nəticələrdir. Qələbəsizlik. Bundan öncəki nəticələr daha betərdir. “Allah betərin betərindən saxlasın” demək istərdik, amma bu yanaşma ilə bizi gözləyən fəlakətlər hələ irəlidədir. Çünki yolun başlanğıcı deyəndə, adətən start nöqtə nəzərdə tutulmalıdır. Start nöqtəsi aşağı yaş qruplarda olur, onların nəticələri bizim yolun başlanğıcının necə olduğunu göstərir.
Cahangir müəllim, danışmağa nə hacət? Yoxsa reallıqları kənara qoyub, rəhbərliyin, futbol ictimaiyyətinin gözündən Sent Lüsiya və Syerra Leone qələbələrini pərdə kimi asmaq niyyətiniz var? Amma nə qədər də öz kurasiyanızda olan kanalın mikrofonuna danışsanız da, gəlişi gözəl sözlər səsləndirsəniz də, ən ucadan çıxan səs həqiqətin səsidir.
Syerra Leone ilə oyundan sonra turnirin səviyyəsinə uyğun ölçüdə olan kuboku başı üzərinə qaldırıb şadyanalıq edən Cahangir müəllim, yəqin ki, həmin gün dünya futbol tarixinə adını başı üzərinə kubok qaldıran ilk baş katib kimi də yazdırdı. Bu həm də “kubok da mənimdir, səlahiyyət də, hakimiyyət də” mesajı idi. Həm ətrafına, həm İcraiyyə Komitəsinə, həm də eyni damı bölüşdüyü Sərxan Hacıyevə. Kimə nəyi sübut edirsiniz? Azərbaycan futbolunun ümumi tablosunu həmişə hesablar müəyyənləşdirib.
İnsaf naminə onu da qeyd etməliyik ki, nəticələrimiz pis olsa da, təşkilatçılıq baxımından hər zaman ön sıralarda yer almışıq. Bu da Sərxan Hacıyev tərəfindən davam etdirilən ssenaridir. Futbolun içindən çıxmış, futbolun hər üzünü görmüş Sərxan Hacıyevin istər mükafatlandırma, istər kuboku təqdim etməsi zamanı davranışları da sırf peşəkar idarəçiyə yaraşan davranış idi. Kuboku başı üzərinə qaldıran şəxs – Cahangir Fərəcullayev isə bütün bu işləri öz adı ilə ictimaiyyətə göstərir. Kiçik iddiaların dalınca qaçan şəxs necə böyük bir layihəni, öz çiyinlərinə götürə bilər? Əgər yolun başlanğıcında belə bir yanaşma, belə bir strategiya varsa, o zaman bir reallıq var: Bu yolun sonu yoxdur!
P.S. Geri gəlmişkən, cənab Fərəcullayev, 5 milyon manata yazdırdığınız “futbolun inkişaf strategiyası”ndan nə xəbər var? Hərdən qarşınıza qoyub vərəqləyin, tozunu alın və baxın görün, o strategiyada yolun belə başlanğıcı ilə bağlı öncəgörənlik varmı.
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq
- Naxçıvan Ali Məclisi yalan məlumat yaydı - Kimi aldadır?
- Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu
- Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə ləğv edildi
- 5 milyona yazılan "inkişaf strategiyası"nın sonu...
- Ziya Məmmədovun qardaşı oğlu ələ keçirdiyi villanı məhkəmədə uduzdu