Böyük Britaniyanın Ermənistandakı səfiri Con Qallegerin aprelin 20-də Gorusa səfərində iki məqam diqqətçəkicidir. Birinci məqam odur ki, eyni gündə Fransanın Ermənistandakı səfiri Olivye Dekottini də Gorusda olub. Bu o səfirdir ki, tez-tez Azərbaycan əleyhinə açıqlamalar verir. Belə bir təəssürat yaranıb ki, Böyük Britaniya və Fransa səfirləri Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazilərə səfərlərini razılaşdırıblar. Böyük Britaniya səfirinin sərhədə yaxın əraziyə səfəriylə bağlı ikinci məqam isə Con Qallegerin Avropa Birliyinin Ermənistandakı müşahidə missiyası ilə görüşməsidir. AB-nin Ermənistandakı müşahidəçi missiyasının tərkibində ingilis diplomatlar və hərbçilər yoxdur. Belə olan halda Böyük Britaniya səfirinin həmin missiya ilə görüşü hansı zərurətdən yaranıb?
BUTA.TV xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analizində bildirilib.
“Böyük Britaniyanın səfiri müşahidə missiyasının üzvləri ilə görüşdə belə bir açıqlama verib: “Avropa Birliyinin monitorinq qrupu ilə çox faydalı görüş keçirdim. Onlar öz mandatlarını necə yerinə yetirdiklərini və sərhəd icmalarında etimadı necə yaratdıqlardan danışdılar. Zəngəzurdakıların dinc şəraitdə yaşamaq və işləmək hüququ var”. Sonuncu cümlə də diqqətçəkicidir. Səfir “Zəngəzurdakıların dinc şəraitdə yaşamaq və işləmək hüququ var” cümləsi ilə kimə işarə edib? Görəsən, səfirin fikrincə, kim və ya kimlər Zəngəzurdakıların dinc şəraitdə yaşamasına və işləməsinə mane olur?
Səfirin Ermənistan-Azərbaycan sərhədini ziyarəti və AB müşahidə missiyasi ilə görüşü böyük ehtimalla Londonun təlimatıyla həyata keçirilib, sadəcə Böyük Britaniya Xarici İşlər Nazirliyinin belə bir qərarının məntiqini anlamaq çətindir. Xarici ölkə diplomatlarının Ermənistan-Azərbaycan sərhədinə səfərləri və orada müşahidə missiyası ilə görüşləri Azərbaycanda narazılıqla qarşılanır və bunu Bakı ilə tərəfdaşlıq münasibətləri olan London bilməmiş deyil. Çünki Ermənistan tərəfdən sərhədimizə yaxın ərazilərə təşkil olunan səfərlər belə bir təəssürat yaradır ki, guya Azərbaycan Ermənistanın həmin ərazisinə təhlükə yaradır. Bu isə Azərbaycan əleyhinə siyasətin tərkib hissəsidir.
Böyük Britaniyanın Azərbaycandakı səfirinin müşaviri və hərbi attaşesi aprelin 18-də digər səfirlər və hərbi attaşelərlə birgə Xankəndi və Şuşada olublar. Görünür, London Ermənistandakı səfirini sərhədə yaxın əraziyə göndərməklə Azərbaycandakı diplomatlarının Xankəndiyə və Şuşaya səfəri ilə “balans” yaratmaq istəyib. Ancaq Böyük Britaniyanın Ermənistandakı səfirinin səfər proqramı fərqli olub”, - təhlildə vurğulanıb.
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu