Vəzifəli şəxs rektor keçmək üçün 250 min manat veribmiş

12:32 - 7 Sentyabr 2023 - KRİMİNAL

 Vəzifəli şəxs rektor keçmək üçün 250 min manat veribmiş

Azərbaycan Kikboksinq Federasiyasının dələduzluqda təqsirli bilinərək 7 il 6 ay həbs cəzasına məhkum edilən sabiq vitse-prezidenti, idmançı Səbuhi Rəcəbin törətdiyi əməllərlə bağlı maraqlı faktlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iş üzrə 3 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Onlardan biri Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun "Ümumi Cərrahiyyə-2" kafedrasının rəhbəri, tibb elmləri doktoru Şahin Əliyevdir. Belə ki, Səbuhi Rəcəb Şahin Əliyevə onu həmin instituta rektor vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib. Bu məqsədlə o, tanınmış alimdən 250 min manat pul alıb. Lakin verdiyi vədə əməl etməyərək pulu ələ keçirib. İstintaq müddətində S.Rəcəb kafedra müdirindən aldığı pulların yalnız 40 min manatını geri qaytarıb.

Məhkəmədə Şahin Əliyev bildirib ki, məsələ gündəmə 2018-ci ilin aprel ayında səhiyyə nazirinin müavini Abbas Vəlibəyovun vəfatından sonra gəlib: “Bundan sonra səhiyyə işçiləri arasında şayiə gəzirdi ki, işlədiyim Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru səhiyyə nazirinin birinci müavini vəzifəsinə təyin olunacaq. Mən də karyera pilləkəni ilə qalxmaq arzusunda idim və işlədiyim istitutun rektoru vəzifəsinə təyin olunmaq istədim. Bundan sonra yüksəkvəzifəli məmurlarla tanışlıq yarada biləcək adam axtarmağa başladım və bu barədə yaxın bildiyim insanlara dedim. Bu insanlardan biri də ödənişli ekstrasens xidmətlərindən bir neçə dəfə istifadə etdiyim Mehriban adlı qadın idi. Mehriban bir neçə illik tanışım idi, atam ağır xəstəlikdən əziyyət çəkəndə o müalicə etmişdi. Buna görə də bacılarımın və yaxınlarımın məsləhəti ilə həmin ekstrasens Mehribana müraciət etdim.

Bu xəbər hal-hazırda çox oxunur
Şagirdlərin yerdəyişməsi bu tarixdə başlanacaq

Onun xidmətləri ilə bağlı çoxlu imkanlı və vəzifəli şəxslərin müraciət etdiklərini bilirdim və ona istədiyim iş barədə danışdım. Mehriban mənə vəzifəyə təyin olunmağını təşkil etmək üçün yüksəkvəzifəli məmurlarla vasitəçilik edə biləcək adam tanıdığını bildirdi. Bundan bir neçə gün sonra mənə dedi ki, tanıdığı adam var və məni 250 000 manata Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsinə təyin olunmağımda köməklik edəcək”.

Zərərçəkmiş şəxs bildirib ki, bundan sonra Mehriban onu Səbuhi Rəcəblə tanış edib. Ş.Əliyev Səbuhiyə ilkin olaraq 100 min manat, daha sonra isə 2 qohumundan borc almaqla 150 min manat verib. Lakin S.Rəcəb verdiyi vədə əməl etməyərək pulları ələ keçirib.

Ş.Əliyev həmçinin bildirib ki, borc aldığı 150 min manatı qaytarmaq üçün Novxanıdakı bağ evini satmalı olub.

Fotoda: Səbuhi Rəcəb

Araşdırmalar zamanı S.Rəcəbin daha 2 nəfərdən lüks avtomobil alınması adı ilə müvafiq olaraq 40 və 51 min manat alaraq dələduzluq etməsi də müəyyən edilib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən proses bu ilin 4 sentyabrında yekunlaşıb. İdmançı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda ziyan vurmaqla) maddəsi ilə təqsirli bilinib. O, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Səbuhi Rəcəb BDU-nun Hüquq fakültəsini bitirib. Konstitusiya Məhkəməsində işləyib. Eyni zamanda peşəkar idmançı və biznesmen olub. 2015-ci ildə isə Kikboksinq Federasiyasında vitse-prezident kimi çalışıb.

 


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol