Bu gün Şuşada hava musiqilidir - Fotolar

19:05 - 14 May 2026 - GÜNDƏM

 Bu gün Şuşada hava musiqilidir - Fotolar

Məlum olduğu kimi, Şuşada Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Xarıbülbül” IX Beynəlxalq Musiqi Festivalı keçirilir.

BUTA.TV” xəbər verir ki, Cıdır düzündə açılışı baş tutan festivalın açılışı “Mənim Azərbaycanım” rəqs kompozisiyası və görkəmli bəstəkar Cahangir Cahangirovun “Cənnətim Qarabağ” əsərinin ifası ilə olub.

Festival bu il də yerli sənətçilərlə yanaşı, müxtəlif ölkələrdən gələn musiqi kollektivləri və solo ifaçıları bir araya gətirir. Tədbirin əsas hədəflərindən biri mədəni əlaqələrin genişləndirilməsi, peşəkarlar arasında təcrübə mübadiləsinin təşviqi və gənc musiqiçilərin yaradıcılıq imkanlarının dəstəklənməsidir.

“Xarıbülbül”ə ABŞ, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və Yaponiyadan incəsənət nümayəndələri dəvət olunub. Səhnədə həm tanınmış ifaçılar, həm də gənc musiqiçilər çıxış edərək proqramı daha da rəngarəng edib.

Bu xəbər hal-hazırda çox oxunur
Minimum əməkhaqqı nə vaxt artırılacaq?

“Xarıbülbül”ün açılış konsertində xalq artistləri Polad Bülbüloğlu, Tünzalə Ağayeva, Yusif Eyvazov, əməkdar artistlər Azər Zadə, Elnarə Məmmədova, Elvin Hoca Qəniyev, Təyyar Bayramov, əməkdar mədəniyyət işçiləri aşıq Samirə və aşıq Əli, Beynəlxalq müsabiqələr laureatı Camal Əliyev, ifaçılar Habil Məmmədov və tələbələri, Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının solisti Həmid Abdulov, İsmayıl Zeynalov, Kiyoşi Ohira (Yaponiya), Düsseldorfda fəaliyyət göstərən “Reyndə alman operası” teatrınınsolisti Mara Hüseynova, Müşfiq Quliyev, Riad Məmmədov, Uğur İşılak (Türkiyə), Azərbaycan Dövlət Rəqs Ansamblı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı,Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri, Qazaxıstanın “Turan” Etno-FolkAnsamblı, Özbəkistanın “Şodlık” Rəqs Ansamblı, Türkmənistanın “Qalkınış” Rəqs Ansamblı çıxış ediblər.

Festivalda çıxış edən tanınmış tenor Azər Zadə: “Burada iştirak etmək mənim üçün çox özəldir. Hətta yadımdadır, 2021-ci ildə ilk “Xarıbülbül” festivalı keçiriləndə bu tədbir mənim üçün unudulmaz olmuşdu və bu günə qədər yaddaşımdadır. Bu gün də burada səhnəyə çıxacağam. Çox gözəl musiqiçilər iştirak edir, burada olduqca maraqlı və səmimi atmosfer var. Özümü xoşbəxt sayıram ki, mən də bu gözəl günün bir parçasıyam, iştirakçılarından biriyəm. Çalışacağıq ki, gözəl ifa təqdim edək və festivalın açılışı yaddaqalan olsun. Artıq üçüncü dəfədir ki, “Xarıbülbül” festivalında iştirak edirəm. Bu il atam, Zaur Rzayevlə birlikdə çıxış etməli idik. Təəssüf ki, səhhətində yaranan problemə görə mən tək iştirak etməli oldum. Yenə də burada olduğum üçün çox şadam”.

Azərbaycan Dövlət Rəqs Ansamblının bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə bildirib ki, “Xarıbülbül” festivalında iştirak etmək onlar üçün böyük qürur hissidir: “Bizim üçün, həqiqətən də, azərbaycanlı olaraq böyük sevinc hissidir ki, doğma yurdumuzda bu festival illərdir keçirilir. Festivalda çoxlu xarici qonaqlar iştirak edir. Biz də Azərbaycan Dövlət Rəqs Ansamblı olaraq “Mənim Azərbaycanım” suitasını təqdim edirik. Ümid edirəm ki, festivala gələn bütün qonaqların ürəyincə olacaq. Hər bir kollektiv bu festivala böyük məsuliyyət və ürəklə hazırlaşır. Çünki Şuşada, Cıdır düzündə Azərbaycan mədəniyyətini xarici ölkələrə və xalqlara nümayiş etdirmək hər birimizin borcudur. Azərbaycan Dövlət Rəqs Ansamblı da əlindən gələni edir ki, milli mədəniyyətimiz festivalda ən yüksək səviyyədə təqdim olunsun və insanlar bunu yaxından görsünlər. Onu da qeyd edim ki, sabah Azərbaycan Dövlət Rəqs Ansamblı, Özbəkistanın “Şadlıq” ansamblı və türkmən qardaşlarımızın dövlət rəqs ansamblı birlikdə Cıdır düzündə çıxış edəcək. Tamaşaçılar üçün maraqlı konsert proqramları təqdim olunacaq”.

İlk dəfə “Xarıbülbül” festivalında iştirak edən Sankt-Peterburqun Mariya Teatrının azərbaycanlı solisti Həmid Abdulov bildirib ki, Şuşada səhnəyə çıxmaq onun üçün həm həyəcanlı, həm də qürurvericidir: “Çox şadam ki, Şuşada bu festivalda iştirak edirəm. Mənim üçün həm həyəcanlı, həm də fəxrverici hissdir. Açığı, belə bir təklif gözləmirdim. Amma burada iştirak etməyi çox istəyirdim. Azərbaycan səhnələrində çıxış etmək mənim ən böyük arzularımdan biri olub”.

Xalq artisti Tünzalə Ağayeva bildirib ki, Şuşada keçirilən “Xarıbülbül” festivalında iştirak etmək onun üçün böyük qürur hissidir: “Bu, həqiqətən də çox qürurverici hissdir. Müqəddəs Şuşada, tarixi “Xarıbülbül” festivalının bir parçası olmaq, səhnədə gözəl Azərbaycan musiqisini səsləndirmək məni çox xoşbəxt edir. Şəhidlərimizin əziz xatirəsi hər birimizin qəlbində və yaddaşındadır. Onlara daim minnətdarıq. Xalqımız adına sevinirəm. Dövlətimizə, xüsusilə də Ali Baş Komandana və şanlı ordumuzun qəhrəman əsgərlərinə təşəkkür edirəm ki, bizə bu hissləri yaşatdılar. Arzu edirəm ki, “Xarıbülbül” festivalının uzun ömrü olsun və biz burada daha çox konsertlər, bayramlar, festivallar keçirək. Bu torpaqlar, bu dağlar, bu səma sanki bu günləri gözləyirdi. İnanıram ki, biz zaman keçdikcə bu sevinci, bu həyatı Şuşaya və onun təbiətinə daha çox qaytaracağıq”.

Düsseldorfda fəaliyyət göstərən “Reyndə alman operası”nın solisti Mara Hüseynova bildirib ki,  ilk dəfədir ki, Şuşaya gəlib: “İlk dəfədir ki, bu festivalda iştirak edirəm. Təklif gələndə çox sevindim və qürurlandım. Belə bir tədbirin parçası olmaq çox gözəl hissdir. Festival çərçivəsində Müslüm Maqomayevin “Nərgiz” ariyasını ifa etdim”.

Türkmənistanlı rəqqas Ayna Səfərova bildirib ki, “Xarıbülbül” festivalında iştirak etmək onlar üçün böyük sevincdir:  “Qalkınış” folklor rəqs qrupunun üzvüyəm. Biz Şuşada keçirilən IX “Xarıbülbül” festivalında iştirak etmək üçün Azərbaycana gəlmişik. Festival çərçivəsində öz milli mədəniyyətimizi təqdim edirik. Buraya türkmən xalçaları, dəf, dutar kimi milli alətlərimizlə yanaşı, ənənəvi “Küştdepti” rəqsimizi də gətirmişik. Azərbaycanlı dostlarımızın bizim rəqsimizə qoşulması, milli geyimlərimizi geyinməsi, xüsusilə oğlanların türkmən papaqlarına maraq göstərməsi bizim üçün çox xoş və maraqlı anlar yaratdı. Bu festival xalqlar arasında dostluq və mədəni yaxınlığın gözəl nümunəsidir”.

“Qalkınış” folklor rəqs qrupunun üzvü Amanqulı Şəhzadə bildirib ki, “Xarıbülbül” festivalında ilk dəfə iştirak edirlər: “Azərbaycanlı rəqqaslarla birlikdə çıxış etmək və birgə rəqs etmək bizim üçün böyük sevinc hissidir. Türkmən milli geyimlərini azərbaycanlı dostlarımıza geyindirərək birlikdə səhnəyə çıxırıq. Bu, xalqlarımız arasındakı dostluğun gözəl nümunəsidir. Yaşasın Türkmənistan-Azərbaycan dostluğu!”

Təkcə sənətçilər deyil, festivalı izləməyə gələn tamaşaçılar və qonaqlar da çox sevincli görünürdülər.

Xalq artisti Hacı İsmayılov tədbirdən zövq aldığını bildirib: “Çox gözəl, çox gözəl. Bu il “Xarıbülbül” festivalı doqquzuncu dəfə təşkil olunub. Hava da çox gözəldir — yaz-yay ab-havası var. Möhtəşəm bir konsert izlədik. Burada müxtəlif xalqların nümayəndələri də iştirak edirdi. Mən hər dəfə bura, Cıdır düzünə, “Xarıbülbül” festivalına gələndə bir şey yadıma düşür və həmişə deyirəm:

Yad eldə gül-çiçək axtaran könül,

Çiçək Qarabağdır, gül Qarabağdır.

Misqalında cəvahirat, zər-ziba,

Gövhər Qarabağdır, ləl Qarabağdır.

Burda Qaryağdının ecazkar səsi,

Burda İslamın, Yaqubun neçə nəfəsi,

Ən həzin, ən kövrək dil Qarabağdır”.

Əməkdar incəsənət xadimi Ayaz Salayev tədbirlə bağlı təəssüratlarını bölüşərkən kövrəlib: “Təəssüratlarım çox böyükdür. Ümumiyyətlə, konsert özü gözəl idi. Cıdır düzündə olanda mənim hər şey xoşuma gəlir...Hər dəfə bura gələndə kövrəlirəm”.

Xalq artisti Fidan Hacıyeva da festivaldan böyük həzz aldığını bildirib: “Çox gözəl tədbir idi. Çox xoşbəxtəm ki, bu tədbirdə iştirak elədim, bizim Şuşamızda, Qarabağda. Çox gözəl əsərlər səsləndi, kompozisiyalar səsləndi. Yeni, yeni aranjiman olan xalq mahnılarımız, bizim gözəl sənətkarlarımız... Təbrik eləyirəm və düşünürəm ki, hər il biz bu möhtəşəm Xarıbülbül festivalına gələndə yeniliklər görürük. Yeni simalar görürük, yeni adlar görürük, gənclərimizi görürük. Başqa ölkələrdən də gözəl sənətkarlar gəlir, ansambllar gəlirlər. Bu çox gözəldir”.

Xalq artisti Şamil Süleymanlı: “Burda qaya var, orda mən 7 yaşında olanda atamla şəklim var. Bax, o qayaları görürsən? Elə bil çağırır uzaqdan. Burda mənim evim var, mən şuşalıyam. Biz şuşalıların sözü də başqa cürdür. Sağ olsun cənab Prezident! Belə ildə bir dəfə “Xarıbülbül” keçirilir. Kövrəlirəm mən. Çünki mənim Şuşam qayıdıb. O, nənəmlə getmişdi. İndi isə biz buradayıq.”.

Qarabağ Universitetinin tələbəsi Xədicə Nəzərli festivalı izləmək üçün Şuşaya gəlib. O, tədbirin atmosferini yüksək qiymətləndirərək, burada müxtəlif ölkələrin musiqi və rəqs nümunələrinin bir araya gəlməsini xüsusi vurğulayıb: “Belə festivallar gənclərin mədəni müxtəlifliyi daha yaxından tanımasına imkan yaradır və Şuşanın mədəni həyatını daha da canlandırır”.

Müəllimləri ilə birlikdə festivala qatıldığını deyən Qarabağ Universitetinin tələbəsi Lalə Şərifzadə tədbirin təşkilatını yüksək qiymətləndirib: “Şuşanın ab-havası hər zamankından fərqlidir və bu mühit tədbirə xüsusi rəng qatır. Belə bir məkanda mədəni tədbir daha təsirli və yaddaqalandır”.

Festivalın açılış konserti “Qarabağ yallısı” ilə başa çatıb.

Qeyd edək ki, festival mayın 15-də — ikinci günündə də zəngin musiqi proqramı ilə davam edəcək.

Şuşanın simvoluna çevrilən “Xarıbülbül” Musiqi Festivalının əsası 1989-cu ildə qoyulub. Həmin il may ayında məşhur xanəndə, pedaqoq, Xalq artisti Seyid Şuşinskinin 100 illiyi münasibətilə əvvəlcə Ağdamın Abdal Gülablı kəndində start götürən tədbir daha sonra Şuşada davam edib və Ağdamda yekunlaşıb. 1990-cı ildən etibarən festival beynəlxalq status alaraq müxtəlif ölkələrdən sənətçiləri bir araya gətirib.

Vətən müharibəsində qazanılan qələbədən sonra “Xarıbülbül” yenidən doğma Şuşaya qayıdıb.

Bu gün “Xarıbülbül” təkcə musiqi bayramı deyil, həm də mədəni irsin yaşadılması və xalqlar arasında mədəni dialoqun gücləndirilməsinə xidmət edən ənənəvi bir platforma kimi dəyərləndirilir.

Lamiyə Məmmədova

Xəyal Vəlizadə















































Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol