Sentyabrın 18-dən 28-nədək Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Kult.az xəər verir ki, festival çərçivəsində Bakı, Gəncə, Şəmkir və Şuşada açıq havada və müxtəlif məkanlarda konsertlər, tamaşalar, sərgilər, elmi konfrans, ustad dərsləri və digər tədbirlər nəzərdə tutulur.
2009-cu ildən etibarən keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının Milli Musiqi Gününə təsadüf edən ilk günü - sentyabrın 18-də Şuşa şəhərində açıq havada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında “Leyli və Məcnun” operası nümayiş olunacaq. Eləcə də Bakıda Fəvvarələr Meydanında Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestri bayram konserti təqdim edəcək. Həmin gün axşam isə Heydər Əliyev Sarayında Xalq artisti Arif Məlikovun dünyanın bir sıra teatrlarının repertuarını bəzəyən “Məhəbbət əfsanəsi” baleti uzun fasilədən sonra yenidən öz vətənində nümayiş olunacaq.
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı bu il yeniyetmə və gənclər üçün xüsusi layihələrlə də yadda qalacaq. Belə ki, Azərbaycan Dövlət Uşaq Filarmoniyası və Bakı şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəblərinin şagirdlərindən ibarət 200 nəfərlik birləşmiş Xalq Çalğı Alətləri Orkestri Heydər Əliyev Mərkəzinin parkında çıxış edəcək, gənc istedadların iştirakı ilə bədii proqramlar təşkil olunacaq. Festival günlərində Bakı şəhərindəki iri ticarət mərkəzlərində xüsusi ayrılmış yerlərdə məşhur müğənnilərin ifasında Üzeyir Hacıbəylinin vokal əsərləri karaoke formatında səslənəcək və arzu edən hər kəs bu karaokeyə qoşula biləcək.
ABŞ, Fransa, Gürcüstan, Xorvatiya, Rusiya, Sinqapur və digər ölkələrdən tanınmış musiqiçi və kollektivlərin də iştirak etdiyi festival günlərində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Azərbaycan Milli İncəsənət Muzeyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında və digər məkanlarda müxtəlif proqramlar təqdim olunacaq.
- “McDonald's”sız qalan prezident - Tramp Çində nə yedi?
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Korovinin kürəkəni təsdiqlədi: Bu gündən etibarən…
- Azərbaycanda minimum saatlıq əməkhaqqı tətbiq edilə bilər
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi