44 günlük Qarabağ müharibəsi ilə bölgədə geosiyasi reallıq dəyişdi. Dövlətimizin və mütəffiqlərimizin nüfuzu artdı, Ermənistan da biabırçı şəkildə məğlub olduğu üçün onu dəstəkləyən ölkələrin təsir gücləri azaldı. Ən çox təsir gücünü və nüfuzunu itirən dövlət isə İran oldu və indi bunu həzm edə bilmir, ona görə də çoxlu sayda təxribata əl atır.
Bu sözləri BUTA.TV-a İranın ölkəmizə qarşı son addımları haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.
Siyasi şərhçi Azərbaycanın İrana münasibətlərin yaxşılaşdırılması üçün təkliflər verdiyini, lakin onların qəbul edilmədiyini xatırladıb:
“Biz Azərbaycan və Türkiyə sərhədində keçirilən hərbi təlimlərin, Arazı keçmə məşqlərinin, Zəngəzur dəhlizi ilə bağlı elan edilən “qırmızı xətlər”in, Qafanda lazımsız baş konsulluq açmasının və ölkəmizin daxilindəki İran agentura şəbəkəsinin təxribatlarının şahidi olduq. Azərbaycan münasibətlərin normallaşdırılması üçün üçtərəfli görüş və “3+3” formatı kimi təkliflərlə dəfələrlə çıxış etdi. İran isə Azərbaycanın, Türkiyənin, hətta müəyyən qədər də Rusiyanın uzatdığı bu əli geri çevirdi, tamamilə təxribat yolunu seçdi. Ötən ilin sonunda 14, sonra isə 13 nəfər İran terror-təxribatçı qrup üzvlərinin Xankəndiyə keçməsi, Ermənistana yeni raket və dronların verilməsi, üstəgəl bunlardan istifadə ilə bağlı təlimlərin keçirilməsi, səfirliyimizdə törədilən terror, “Türkiyə” qəzetinin İranın ölkəmizdəki casus şəbəkəsi və SEPAH tərəfindən Qarabağa göndərmək üçün İraq və Suriyadan 4000 terrorçunu toplaması haqqında sensasional məqaləsini bu təxribatlara misal gətirmək olar”.
Turab Rzayev İranın dolayı və ya birbaşa Azərbaycanla münaqişəyə girmək istədiyini vurğulayıb:
“İran Ermənistan və Azərbaycan arasında yeni müharibəni öz güc və nüfuzunu geri qaytarmanın yeganə yolu kimi görür, ona görə də bu istiqamətdə çalışır. Qərbdən və müxtəlif ölkələrin kəşfiyyat orqanlarından da İranın Azərbaycanla birbaşa və dolayı yollarla münaqişə yaratmaq istədiyi haqqında siqnallar var. Eyni zamanda Rusiyanın da burada iştirakı ilə bağlı fərqli məlumatlar gəlməkdədir. Bölgədəki geosiyasi reallığı yenidən öz xeyirlərinə çevirmək niyyətilə mümkün müharibədə Ermənistana maksimum dəstək verməyi, Azərbaycan Ordusuna zərbə vurmağı və separatçıların öz varlıqlarını qorumasına imkan yaratmağı planlaşdırırlar”.
Siyasi şərhçi qeyd edib ki, İran tərəfi atacağı addımlarda diqqətli olmalıdır, çünki artıq bəlli bir mərhələdən sonra bütün körpülər yanacaq:
“Təxribatların baş tutmaması İranın bölgədən birbaşa silinməsi ilə nəticələnəcək və Azərbaycanla heç bir səviyyədə əlaqəsi qalmayacaq. Ona görə də İran dövlətini idarə edənlərin ölkəmizə qarşı atacağı bir daha dərindən düşünmələrində fayda var”.
Qeyd edək ki, “Türkiyə” qəzeti İranın may ayınadək SEPAH və şiə milislərdən təşkil olunan 4000 nəfərlik terrorçunu Qarabağa daşımağı planlaşdırması, bunun üçün İraq və Suriyadakı terrorçu qruplara təlimat verməsi ilə bağlı sensasion iddia ilə çıxış edib. İki ay öncə isə həmin qəzetdə 3500 nəfər İran casusunun 1997-2011-ci illərdə xüsusi proqram çərçivəsində Azərbaycana yerləşdirilməsi haqqında məqalə dərc olunub.
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir
- Ermənistan himnimizə də göz dikdi: "Üç rəngli..."
- Qərbin hücumu və Bakıda qırılan “100 milyard” tilsimi