Moskvada Milli Məclisin sədri Sahibə Qafarova olmaqla bir qrup azərbaycanlı deputatla görüşən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko iki ölkə arasındakı münasibətlərin inkişafını yüksək qiymətləndirərək maraqlı təklif irəli sürüb: “Rusiyanın Azərbaycanda Baş konsulluğunun açılması müttəfiqliyin bariz nümunəsi olardı”. Yəni Matviyenko demək istəyib ki, baş konsulluğun açılmasına icazə verin, tərəfdaşlığımız daha da güclənsin. Bu mümkündürmü?
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu yazıb.
Politoloq Sahibə Qafarovanın Valentina Matviyenkodan əvvəl Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinlə görüşdüyünü xatırladıb:
“O da ikitərəfli əlaqələri yüksək qiymətləndirərək, Rusiyanı Qərblə əvəz etməyə çalışan İrəvanı bu sözlərlə xəbərdar edib: “Avropa institutları istiqamətində bəyanatlar verənlər sadəcə olaraq öz ölkələrini itirəcəklər. Avropa Parlamentinin, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyət həll olunmayacaq. Ona görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər 10 dəfə düşünməli və Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında bunun necə bitəcəyini ölçməlidir. Sülh istəyən, vəziyyəti həll etmək istəyən hər kəs nəinki bu kvazi-parlamentlərdən – istər AŞPA-dan, istərsə də Avropa Parlamentindən - uzaq durmalıdır, həm də aydın başa düşməlidir ki, onların iştirakı vəziyyəti gərginləşdirəcək, getdikcə daha çox problemlər yaradacaq. Əgər onlar bunu edərlərsə, o zaman nəticələrinə görə məsuliyyət daşımalıdırlar”.
Kreml bu dəfə Vyaçeslav Volodinin vasitəsilə Ermənistanın Baş naziri Nikol Paşinyanın siyasətindən narazı qaldığını göstərib. Paşinyanın Avropa İttifaqı, o cümlədən fransalı müşahidəçiləri Azərbaycanla təmas bölgəsinə dəvət etməsi Rusiyanın regional maraqlarına ziddir. Bu gedişat Azərbaycanın maraqlarına uyğundur”.
E.Şahinoğlu Rusiyanın Azərbaycanda baş konsulluq açmaq istəyinin ciddi şəkildə araşdırılmalı olduğunu qeyd edib:
“Böyük ehtimalla Moskva baş konsulluğu Azərbaycanın ikinci böyük şəhəri Gəncədə açmaq istəyir. Rusiya Gəncədə baş konsulluğu olan Türkiyədən geri qalmaq istəmir. Rəsmi Bakının Rusiyanın Azərbaycanda səfirlikdən başqa baş konsulluq xidmətinin açılmasına qısa müddətdə icazə verəcəyi çətindir. Rusiya öz agentura şəbəkəsi vasitəsilə bir dəfə Gəncədən qiyam məqsədilə istifadə edib. Bu da bizə dərs olub. Ona görə tələsmək lazım deyil. Kreml Azərbaycanı tərəfdaş adlandırsa da, bölgədə separatizmi dəstəkləyir, Qarabağ separatçılarının liderlərini Moskvaya çağıraraq onlara bizə bəlli olmayan təlimatlar verir. Bu, Rusiyanın Azərbaycana xoş olmayan siyasətidir. Moskvaya belə bir mesaj verilə bilər ki, Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk edən kimi Azərbaycan ərazisində baş konsulluğun açılmasıyla bağlı müsbət qərar veriləcək. Yəni baş konsulluğun açılmasını hərbi kontingentin Azərbaycanı tərk etməsiylə əlaqələndirmək lazımdır”.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı