Ermənistan Türkiyədəki zəlzələni Ankara ilə münasibətlərin Bakı faktoru olmadan qurulması üçün fürsət olaraq görür: Paşinyan daxili narazılığa rəğmən xilasedicilər göndərdi, Ərdoğana zəng edərək, başsağlığı verdi, ardınca zəlzələ bölgəsinə humanitar yardım apardılar. Və bununla Azərbaycan torpaqlarının işğalına görə 30 ildir bağlı saxlanılan Türkiyə-Ermənistan sərhədinin açılmasına nail oldular.
Ermənistan Türkiyə ilə münasibətlərin “şərt olmadan” qurulmasını hələ işğal dövründə istəyirdi. 44 günlük müharibədən sonra qurulan təmaslarda da Azərbaycan faktorunun danışıqlara təsirindən narazıdır. Ankara isə İrəvanla danışıqları Bakı ilə məsləhətləşmələr çərçivəsində aparır və əsas şərti də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanmasıdır.
Danışıqlarda Bakı faktorunu qəbul etməyən İrəvan Ankara ilə münasibətlərin əhəmiyyətini də anlayır, xüsusilə qərbmeylli oriyentasiya seçən Paşinyan hakimiyyəti üçün Türkiyə sərhədinin açılması “nəfəslik” deməkdir. Və bu, təkcə Rusiyadan qaçış üçün yox, həm də Azərbaycanın Ermənistanı “dalan ölkəsi”nə çevirmək siyasətinə qarşı çıxış yoludur.
Bu kontekstdə zəlzələni sərhədin açılması üçün fürsət olaraq dəyərləndirirlər və istisna deyil ki, Paşinyan ictimai qınağa rəğmən, “yardıma qaçmaqla” bu perspektivi də düşünüb. İrəvanda hesab edirlər ki, sərhədin humanitar yüklər üçün açılması başlanğıcdır və zəlzələdə Türkiyənin yanında olmaları qapıların davamlı açıq qalmasına zəmin yarada bilər.
Sərhədin bundan sonra açıq, yaxud bağlı qalmasından asılı olmayaraq, rəsmi Ankaranın Bakının maraqlarına zidd getməyəcəyi aydındır. Lakin Türkiyədə hakimiyyət dəyişikliyi perspektivində şərtlərin dəyişməsi ehtimalı da var: Ermənistanı Rusiyadan uzaqlaşdırmaq üçün vaxtilə Sürix protokollarını təşkil edən Qərb bunu dəstək verdiyi yeni hakimiyyətlə daha asan həyata keçirə bilər və bu halda Bakının istəklərinin nəzərə alınacağı ehtimalı az görünür;
Bu baxımdan, Ermənistanın “humanitar yardımı”nın həm də gələcəyə hesablanmış “siyasi kapital” olduğunu demək mümkündür.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi