Kult.az yazıçı Seyran Səxavətin Teleqraf.com-a müsahibəsini təqdim edir:
Onunla müsahibəni təqdim edirik.
- Seyran bəy, vaxtaşırı müxtəlif məkanlarda Azərbaycan dili mövzusunda məruzə ilə çıxış etmisiniz. Ötən ayın sonlarında Yazıçılar Birliyində təşkil olunan məruzə də bununla bağlı idi. Bu sizin, yoxsa Yazıçılar Birliyinin təşəbbüsü idi?
- Bu, bir yazıçı olaraq mənim öz ideyam və təşəbbüsüm idi. Gözümün qabağında hər gün ən çox sevdiyim birini alçaldır, təhqir edir, üz-gözünü elə hala salırlar ki, o dostumu tanıya bilmirəm. Söhbət Azərbaycan dilindən gedir.
Bundan öncəki məruzələr də öz təşəbbüsümlə keçirilib. Yığılıblar, amma belə... Heç veclərinə də deyil. Bütün həyatını, ailəsini, nəslini, kökünü, uşaqlarını, nəvələrini, gələcəyini o dilə borclu olan adamlar, o cümlədən birbaşa dillə məşğul olanlar belə məsələyə çox vecsiz yanaşırlar.
Bir fikrim var, bəlkə sizin üçün də maraqlı olar. Bilirsiniz ki, mənim materialım sözdür, neçə illərdir bununla məşğulam. Mən öz aləmimdə dilimizi pis günə qoyanlara qarşı müharibə elan etmişəm. Bir növ də müharibə qanunlarıyla hərəkət edirəm. Müharibə dövründə döyüşə getməyənləri fərari adlandırırlar, siyahıya alırlar. Mən də dilimizi korlayanlara qarşı elan elədiyim bu müharibədə iştirak etməyənlərin, hərçənd iştirak etmək borcudur, vecsiz münasibət bəsləyən, ironiya ilə yanaşanların adlarını tərtib etdiyim siyahıma salmışam. Onları fərari elan edəcəm və rəsmi siyahını mətbuatda, saytlarda dərc etdirəcəm. Mənim başqa çarəm qalmır.
Qızım, dil ən güclü silahdır. Bunu nə Seyran Səxavət deyir, nə başqaları... Bunu xalq deyir: qılınc yarası sağalır, söz yarası sağalmır. Bu məntiqə inansaq, belə çıxır ki, biz özümüz özümüzü tərksilah edirik. Dünyada müharibələr əsasən tankla, kütləvi silahlarla deyil, sözlə aparılır. İki dəfə dünya müharibəsi olub. Bizə elə gəlir ki, müharibələr qurtarıb, əsla... Söz boy-buxunu ilə özünü göstərəndən bəri söz müharibəsi həmişə gedib, gedir, gedəcək.
Bu müharibədə kim uduzursa, deməli, o, silah müharibəsində də məğlub olacaq. Söhbət diplomatiya müharibəsindən gedir. Ona görə də dilimiz bu vəziyyətdə davam etsə, ölümcül vəziyyətə düşəcək. Şairanə səslənsə də deyəcəm: mən dilimizin vəsiyyətini də eşidirəm...
- Seyran bəy, ümumi mənzərəyə baxanda dilimizlə bağlı həyəcanlı proses, sizcə, nə vaxtdan başlayıb?
- Demokratiya, söz azadlığı çıxandan bəri. Hələ 1988-ci ildə üzdəniraq Qorbaçovun vaxtında mən dövlət televiziyasında yayımlanan “Üzbəüz” verilişində demişdim ki, söz azadlığı, demokratiya yaxşı şeydir, amma biz hələ xalq olaraq buna hazır deyilik. Bir az istehza ilə olsa da, o vaxt təklif etmişdim ki, hamımızın mənsub və məxsus olduğumuz Azərbaycan xalqına ildə bir dəfə Novruz bayramında yaxşı plov yeyəndən sonra bir çay qaşığı demokratiya və söz azadlığını da dadızdırmaq olar. Yoxsa söz azadlığı, demokratiya bizdə anarxiyaya gətirib çıxaracaq.
Sizin sualınızın cavabı budur ki, biz söz azadlığı ifadəsinin altında gizlənərək sözlə bildiyimiz kimi təmasda oluruq, hər kəsdən üzr istəyərək deyirəm sözlə “mazaqlaşırıq”. Cümlələrimizin hamısı sığallı, tumarlı, ənlik-kirşanlıdır...
Gecə saat 10-dan 11-dən sonra Tbilisi prospektində üzdəniraqlar peyda olurdu. Azərbaycan dilimiz, cümlələrimiz o qədər ənlik-kirşanlı, o qədər əzilib-büzülür, mənə elə gəlir, o cümlələri Tbilisi prospektində o üzdəniraqlarla bir yerdə görmüşəm. Onların səviyyəsində görmüşəm...
Ona görə də bu məruzəmin istiqaməti və adı belədir: cümlə qurmaq dövlət qurmaq qədər çətindir. Bu fikrimə görə hətta bəzi nadanlar zəng vurub, etiraz da edirlər. Bu yaxınlarda biri mənə zəng elədi ki, ay müəllim, cümlə qurmaq hara, dövlət qurmaq hara... Mən onu başa salmağa çalışmadım. Çünki nadanı başa salmağa çalışmaq özü də bir nadanlıqdır.
Bəli, cümlə qurmaq dövlət qurmaq qədər çətindir, hətta indi əlavə də edirəm ki, dövlət qurmaqdan da çətindir. Çünki dövlətlə cümlə qurmaq olmaz, amma dövlətin özünü danışaraq cümlə ilə qururuq. Dövlətin konstitusiyası cümlə ilə yazılıb. Bəli, bu mənada mən çox möhkəm mövqedəyəm. Cümlə qurmaq artıq çətinləşir. Ehtiyat tükənir, dil öz relsindən çıxır.
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin rəhbəri Sevinc xanım bu sahədə çox böyük işlər görür. Mərkəzin kollektivi cəmi 17 nəfərdir. Bu vaxta qədər 5 kitab buraxıblar, hərəsi də 1000 səhifədən çoxdur. Qarabağda, Ağdamda basdırılmış minalardan xəbəriniz var... Əminliklə deyirəm ki, o kitablar da televiziya məkanı, kütləvi informasiya vasitələri tərəfindən dilimizin ərazisinə basdırılmış minaların xəritəsidir.
O kitablarda kütləvi informasiya vasitərində, Azərbaycan televiziya məkanında buraxılan səhvlər bir-bir öz əksini tapıb. Yeri gəlmişkən deyim ki, Azərbaycan dilinə ən böyük zərbəni vuran məhz Azərbaycan televiziya məkanıdır. Belə getsə, biz konstitusiyamızda dəyişiklik etməliyik. Orda məşhur bir maddə var: Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Biz onu Milli Məclisdə dəyişib yerinə yazmalıyıq: Azərbaycan Respublikasının dövlət dili Azərbaycan televiziya məkanının dilidir.
Görün televiziyamızda nələr olur? Artıq xalq da televiziya dilində danışmağa başlayıb.
Bu faktların hamısını məruzəmdə yazmışam. Altıncı gün “Ədəbiyyat qəzeti"ndə çap olunucaq. Bir-iki nümunə deyim, televiziyada kəndçi deyir: “Mənim telefonuma zəng daxil oldu”, yaxud “Mənim nəzərimə çatdırdılar ki, ananız filan yerdə avtomobil qəzasına məruz qalıb. Mən özümü hadisə yerinə çatdırdım. Anama baxış keçirtdim”. Biabırçılıqdır. İnanın, onlar daha möhtəşəm deyirlər, heç mən onlar kimi deyə bilmirəm.
Belə getsə müasir yazıçılarımız olan Anar, Elçin, Əkrəm Əylisli və başqalarının əsərlərini on ildən sonra lüğətlə oxuyacaqlar. Çünki dil tamam başqalaşır.
“Deyir, dilimiz sürətlə inkişaf edir”
- Seyran bəy, tədbirdə televiziya nümayəndələri də vardı. Onlar çıxışınızı necə qarşıladılar? İradları, etirazları, tərifləri...
- Hamısının ürəyincə oldu. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini, əziz dostum Rafiq Həşimov dedi ki, mən televiziyada işləyirəm və onun barəsindən mənfi heç nə deyə bilmərəm. Bu mənim xoşuma gəlmədi. Çünki hamımız bir yerdə işləyirik və mən indi deyəcəyim sözü orda da dedim. Dedim ki, sizin səhv edənlər, yaxud elə mənimlə birlikdə işləyib səhv edənlərin hamısının xətrini bir insan kimi çox istəyirəm. Amma Azərbaycan dilinin xətrini sizin hamınızdan çox istəyirəm. O, Azərbaycan dilinin xətrini hamıdan çox istəyə bilmədi.
Dostum akademik Nizami Cəfərov məsələyə son dərəcə soyuq yanaşdı. Onun deməyindən belə çıxdı ki, dilimiz sürətlə inkişaf edir. Halbuki dilimiz sürətlə can verir. Mənə dedi ki, Azərbaycan dili görkəminə, inkişafına görə dünyada 23-cü yerdədir. Soruşdum ki, axı, bu araşdırmanı kim aparıb? Dedi, YUNESKO. Dedim, ay camaat YUNESKO Azərbaycan dilini Seyran Səxavətdan yaxşı bilir?
Yazıçılar Birliyinin katibi İlqar Fəhminin fikri belə oldu ki, bir nümunəvi televiziya yaratmaq lazımdır, qalanını başlı-başına buraxmaq olar.
Amma orda uzun illər televiziyada can qoymuş Nailə İslamzadə çox möhtəşəm çıxış etdi. Tədbirdə dedilər ki, telekanallar da pul qazanmalıdır. Nailə xanım çox qısa şəkildə onlara cavab verdi ki, televiziya kazino deyil ki, orda pul qazanasan. Xalqın dilini öldürmək hesabına pul qazanmaq cinayətdir.
- Bəs xilas yolumuz nədir?
- Adətən, öyrəşmişik təndiq edək, bu asandır axı... Amma mən yalnız tənqidlə kifayətlənməmişəm, çıxış yolunu da göstərmişəm.
Deməli, birinci, ziyalılardan, dil səriştəsi olan adamlardan ibarət növbəçi qrup yaradılmalıdır. İkinci, həmin qrup bir ay bir televiziyada, o bir ay o biri televiziyada olub, nöqsanları televiziya rəhbərinin nəzərinə çatdırmalıdır. Üçüncü, əgər bu nöqsanlar artan hədlə davam etsə, o televiziya şirkəti rəmzi olaraq 100 manat cərimələnməlidir. Təbii ki, bu kömək etməyəcək.
Dördüncü, əgər səhvlər davam edərsə, 100 min manat cərimələnməlidir. Beşinci, bu da kömək etməsə həmin televiziyanın lisenziya məsələsi gündəmə gəlməlidir. Altıncı, bu da kömək etməsə həmin televiziya fəaliyyətini dayandırsın, yoxsa Azərbaycan dili öz fəaliyyətini dayandırmalı olacaq. İndi seçim sizindir.
- Seyran bəy, səhv etmirəmsə əvvəlki məruzəniz 2011-ci ildəki qələmə aldığınız faktlara əsaslanırdı. 10 ildən çox zaman keçib, irəliyə doğru dəyişən heç nə yoxdur?
- Dəyişib. Çox şey dəyişib, amma pisliyə doğru... Daha dərinləşib. Bu faktları 2011-ci ildə təxminən bir ay televiziyaları izləyəndən sonra yazdığım qeydlər əsasında qələmə almışdım. İndi o yara daha da dərinləşir, ciddiləşir, artıq metastaz verir.
- Belə bir vəziyyətdə siz yerli kanallara baxa bilirsiniz? Yaxud nəyə baxırsınız?
- Xəbərlərə baxıram, onların dili həmişə quru, rəsmi olub. Burda mənə gərəkli olan xəbərdir, ona görə bədiilik, böyük sənətkarlıq gözləmirəm.
Bir də mən dünyanın ən istedadlı futbol azarkeşlərindən biriyəm. Futbola baxıram, amma səsini bağlayıram. Çünki o qədər çürükləyir, çərənləyirlər ki... Radioda futbol şərh etmək başqa, televiziyada tamam başqadır. Bizim teleaparıcılar hamısı sanki radio üçün şərh edirlər: filankəs topu filankəsə ötürdü, o orta xətti keçdi.
Mən onsuz da bunu görürəm, onu niyə mənə deyirsən ki... Bunu radioda demək olar, məsələn, Seyran Səxavət yolda gedir və futbolu izləyə bilmir, o zaman bu maraqlı olacaq. Əks halda yox...
Baxdıqlarım bunlardır, Allah iraq eləmiş o biri verilişlərə baxmaram. Qarabağda qadın toyuna paltarbiçdi deyirdilər. Efirdə paltarbiçdi səviyyəsində ağlaşma, nalə qurub reytinq qazanırlar.
- Televizyaların heç birini digərindən fərqləndirə bilmirsiniz?
- İndi adamın insafı var. Məsələn, ana televiziyamızda “Vacib məsələ” babat gedir. Mədəniyyət kanalında verilişlər var, yaxşıdır. İctimai kanalda isə bunların sayı lap çoxdur. Amma məsələ bu deyil. Dili bir adam kimi təsəvvür edək. Bunun ortadan yuxarısı - çox əladır, amma kəmərdən aşağısı xarabdır. Yarımçıq mümkün deyil, tam sağlam olmalıdır.
- Seyran bəy, növbəti addımınız nə olacaq? Müşahidələr, məruzələr davam edəcəkmi?
- Davam edəcək. Evdə minlərlə faktım var. Bilirsən, qızım, 2011-ci ildən sonra artıq özümdən asılı olmadan xəstələnmişəm. Məni müalicə etməyin bir yolu var: dilimiz düzəlsin. Səmimiyyətimə inanın, evdə arvad hərdən danışır, ona da qəmiş qoyuram. Halbuki arvadım elmlər doktoru, professordur.
Bu yaxınlarda bir xəstəxanadaydım. Bir həkim yanımdan keçəndə ona zəng gəldi, götürdü, dedi: “Hələlik həkimlər xəstəyə müdaxilə edirlər”. Təsəvvür edirsiniz? Ona görə deyirəm ki, xalq televiziyaya çıxmayanda da televiziya dilində danışır. Denən ki, həkimlər məşğuldurlar, xəstəyə baxırlar. Adama heç olmasa ürək-dirək də ver ki, yaxşı olar.
Saydıqlarımın günahının 90 faizi Azərbaycan televiziya məkanıdır. Onların istənilən nümayəndəsi ilə debata çıxmağa razıyam və ona üç dəqiqəyə sübut edərəm ki, siz Azərbaycan dilində danışmırsınız.
- Həmkarlarınızdan kimlər sizi dəstəkləyir?
- Birinci dəfə mən bu məsələ ilə bağlı çıxışlar edəndə yeganə Anar məni dəstəklədi. Anar hətta yazı da yazmışdı. O birilər heç reaksiya da vermədi. Bu dəfə hamının ürəyincə oldu.
Mən axıra qədər gedəcəm, beş-altı ay yenə gözləyəcəm, görsəm ki, alınmır, təklif edəcəm ki, Yazıçılar Birliyi, Dilçilik İnstitutu, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ilə birlikdə dövlət başçısına həyəcanlı məktub yazaq. Əgər bunu birlikdə etmək mümkün olmasa, özüm Ali Baş Komandamıza möhtəşəm teleqram vuracam.
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi
- Ədalət Verdiyev həbs olundu
- İrandan 100 min insan Azərbaycana qaça bilər