Borrellin cavabı İrəvanın ümidini qırdı – Petrov

12:08 - 1 Fevral 2023 - GÜNDƏM

 Borrellin cavabı İrəvanın ümidini qırdı – Petrov

AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Ermənistana bildirib ki, onlar Laçın yolunda vəziyyətlə bağlı Azərbaycana qarşı sanksiya tətbiq etməkdən imtina edir. AB vəziyyəti Azərbaycanın daxili işi kimi tanıyıb. İrəvan 50 gündür ki, avtomobillərin keçidinə mane olmayan etiraz aksiyasını Qarabağ separatçılarının blokadası kimi təqdim etməyə çalışır. Xankəndidəki marionetlərinin köməyi ilə yerli ermənilər arasında “humanitar böhran” görüntüsü yaradır və bütün beynəlxalq oyunçuları Azərbaycana istənilən siyasi və ya iqtisadi zərbələr endirməyə çağırır. Borrellin cavabı isə İrəvanın bu istiqamətdəki cəhdlərinə son qoydu. Paşinyanın komandası bir tərəfdən Qarabağa silah, mina və yaraqlıların idxalını bərpa etməli, oradan talan edilmiş qızıl və mis-molibden filizlərini çıxarmalı, digər tərəfdən isə Azərbaycanın vətəndaş cəmiyyəti səviyyəsində növbəti qələbəsinə mane olmalıdır. Məhz bu məqsədlə Paşinyan, XİN rəhbəri Mirzoyan, spiker Simonyan və bir çox digər erməni rəsmiləri bütün məkanlarda Azərbaycana qarşı heç olmasa müəyyən sanksiyaların tətbiq edilməsini xahiş edirlər. Lakin indiyədək bu sahədə heç bir nəticə əldə etməyiblər. İrəvana gələn avropalı siyasətçilər Qarabağı Azərbaycanın ərazisi, yerli ermənilərin taleyini Bakının daxili işi kimi tanıyır, təkcə avropalılar deyil, ABŞ-ın nümayəndələri də AŞPA-da eyni şeyi deyir. Rusiyaya gəlincə isə Kreml müttəfiqinə təzyiq barədə heç nə eşitmək istəmir.

BUTA.TV xəbər verir ki, bunu rusiyalı analitik Andrey Petrov deyib.

“Borrellin cavabı Ermənistan diplomatiyasının Avropa cəbhəsində son fiaskosu oldu. Avropalıların erməni revanşistlərinin üzünə qapı bağlamasının bir neçə səbəbi var.

Birincisi, faktlar. Laçın yolu ilə maşınların keçməsi qeydə alınır. Təkcə erməni KİV-ləri ilə deyil, Xankəndi yaxınlığındakı vəziyyəti müstəqil öyrənməyə gələn hər kəs buna şahid ola bilər. Qarabağ erməniləri bloklanmayıb, onların Ermənistana gedib qayıtmaq imkanı hələ də var. Onlara bunu etməyə mane olan yeganə amil separatçı liderlərin qadağalarıdır və azərbaycanlı ekoloji fəallar tərəfindən heç bir maneə yoxdur.

İkincisi, yenə də faktlar. Hamı başa düşür ki, Laçın yoluna Rusiya sülhməramlıları nəzarət edir. Əgər magistral yolda bu və ya digər istiqamətdə problem varsa, bu, o deməkdir ki, Azərbaycan ekoloji fəalları deyil, rus sülhməramlılar buna imkan verməyiblər. Belə bir şəraitdə Moskva əvəzinə Bakıya qarşı sanksiyaların tətbiqi tələbi qəribə görünür. Aydındır ki, İrəvan Moskvaya qarşı sanksiyalar tələb edə bilməz.

Üçüncüsü, maraqlar. Ermənistanın hazırda AB-yə təklif edə biləcəyi hər şeyi AB artıq alıb. AB müşahidəçilərinin iki illik missiyası razılaşdırılıb. İrəvanın Brüsselə sədaqətindən və antirusiya kursundan başqa satacağı heç nə yoxdur. Eyni zamanda, AB ilə Azərbaycan arasında qarşılıqlı faydalı əməkdaşlıq getdikcə artır, avropalıların Azərbaycanın karbohidrogenlərinə ehtiyacı var. Xüsusən ona görə ki, onların çatdırılması üçün Cənub Qaz Dəhlizinin nəhəng infrastrukturu artıq tikilib. Brüssel uzun illər Bakı ilə təmaslardan faydalanacaq”, - o bildirib.

Petrov qeyd edib ki, Borrellin ağzı ilə AB de-fakto Qarabağdakı separatçı layihənin bağlanmasına dəstək ifadə etdi:

“Separatçıların artıq silahı olmayacaq. Bu da silahlı təxribatların olmayacağı anlamına gəlir. Erməni yaraqlıları yalnız “mülki əhali” adı altında rus sülhməramlıların müvəqqəti yerləşdirilmə zonasını tərk etməli olacaqlar, əsl dinc Qarabağ erməniləri Azərbaycan vətəndaşlarına çevriləcək. Bundan sonra, nəhayət, bütün Azərbaycan ərazisində sabitlik hökm sürəcək. Bunlar vətəndaş cəmiyyətinin etiraz aksiyasının nəticələridir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol