Səfirimiz xarici jurnalistlər üçün konfrans keçirdi - Foto

19:24 - 30 Yanvar 2023 - GÜNDƏM

 Səfirimiz xarici jurnalistlər üçün konfrans keçirdi - Foto

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva səfirliyin Mədəniyyət Mərkəzində xarici jurnalistlərlə mətbuat konfransı keçirib.

BUTA.TV xəbər verir ki, səfir Leyla Abdullayeva ötən əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın Ermənistanın təcavüzü ilə üzləşdiyini və ərazilərinin 20 faizinin erməni işğalına məruz qaldığını bildirib. Erməni işğalı nəticəsində bir milyon azərbaycanlının doğma yurdlarından didərgin salındığını və qaçqın və məcburi köçkün həyatı yaşadığını deyib.

Azərbaycanın həmişə sülh niyyətində olduğunu, 30 il müddətində torpaqlarının işğalının həllini danışıqlar yolu ilə həll etməyə çalışmasına baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqe tutduğunu bildirib. Münaqişənin həll edilməsi məqsədi ilə yaradılmış Minsk qrupunun da 30 il ərzində heç bir irəliləyişə nail olmadığını qeyd edib.

Diqqətə çatdırıb ki, 2020-ci ildə Ermənistanın növbəti təxribatı Azərbaycanın səbir kasasını daşırıb və o, ərazilərini müharibə yolu ilə azad etmək məcburiyyətində qalıb. Azərbaycanın Qələbəsi ilə başa çatan müharibənin sonunda Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli Bəyanatdan söz açaraq, Ermənistanın bu Bəyanata riayət etmədiyini bildirib. Azərbaycan bu gündə regionda sülhün bərqərar olunmasında maraqlı olduğunu və bu istiqamətdə səylərini davam etdirdiyini vurğulayıb. Azərbaycanın sülh müqaviləsinin imzalanması üçün Ermənistana 5 bənddən ibarət təklif irəli sürüb. Ancaq Ermənistan hələ də qeyri-konstruktiv mövqeyini davam etdirdiyini və Azərbaycanın Qələbəsini həzm edə bilmədiyini deyib.

Səfir ölkəmizin regionda sülhün bərqərar olunması istiqamətində gördüyü işlərdən danışıb.

Laçın dəhlizi haqqında məlumat verərək, dəhlizin açıq olduğunu vurğulayıb. Dəhliz humanitar məqsədlər üçün nəzərdə tutulsa da, Ermənistanın bu dəhliz vasitəsilə Azərbaycan ərazisinə minalar, silahlar və hərbçilər göndərdiyini qeyd edib. Azərbaycanın azad edilmiş ərazilərində üzləşilən mina problemi haqqında məlumat verərək, son vaxtlar aşkarlanan minaların 2021-ci ildə Ermənistanda istehsal olunmasını əks etdirən sübutlar olduğunu diqqətə çatdırıb. Bildirib ki, belə minaların aşkarlanmasından, eləcə də ölkəmizə məxsus mədənlərin qeyri-leqal olaraq istismar edildiyinə etiraz olaraq bir qrup azərbaycanlının dinc aksiya keçirdiyini deyib.

Laçın dəhlizinin Rusiya sülməramlılarının nəzarətində olduğunu bildirib və deyib ki, Azərbaycan ərazilərinə erməni hərbçilərinin, silah və minaların daşınmasına imkan verə bilməz.

Qeyd edib ki, Ermənistan qeyri-leqal fəaliyyətini davam etdirmək məqsədilə Laçın dəhlizi ilə bağlı reallığı əks etdirməyən məlumatlar yayır.

Səfir Leyla Abdullayeva jurnalistlərin suallarını cavablandırıb.

Sonda xarici jurnalistlər səfirliyin Mədəniyyət Mərkəzində Azərbaycan mədəniyyətini əks etdirən eksponatlarla tanış olublar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol