Taksilər avtobus zolağına daxil ola bilərmi?

22:18 - 14 May 2026 - GÜNDƏM

 Taksilər avtobus zolağına daxil ola bilərmi?

Bakıda taksilərin avtobus zolaqlarından istifadəsi məsələsi gündəmdə deyil.

BUTA.TV xəbər verir ki, bu barədə Report-a müsahibəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

Onun sözlərinə görə, taksilərin avtobus zolaqlarından istifadəsi bir çox ölkədə müzakirə olunan mövzudur:

“Açıq deyim ki, hazırda biz bu məsələni gündəmdə saxlamırıq. Bunun əsas səbəbi avtobusların hərəkət intervalının qorunmasının prioritet olmasıdır. Əgər avtobusların qrafiki təmin edilməsə, digər tədbirlərin heç bir mənası qalmır. Məqsəd odur ki, ictimai nəqliyyatdan istifadə edən sərnişin avtobusa rahat və vaxtında minə bilsin. Əgər avtobuslar da digər avtomobillərlə birlikdə tıxacda qalacaqsa, insanlar ictimai nəqliyyata üstünlük verməyəcək, şəxsi avtomobilə və ya taksiyə yönələcəklər”.

Bu xəbər hal-hazırda çox oxunur
Minimum əməkhaqqı nə vaxt artırılacaq?

A.Rzayev vurğulayıb ki, vaxtilə taksilərin avtobus zolaqlarına daxil olmasına icazə verən bəzi ölkələrdə hazırda əks proses gedir:

“Paris, Sinqapur və Nyu Yorkda avtobus zolaqlarının daha sərt şəkildə təcrid olunması istiqamətində addımlar atılır. Londonda da avtobus zolaqlarından istifadəyə nəzarətin sərtləşdirilməsi prosesi başlayıb. Çünki həmin şəhərlərdə gördülər ki, avtobus intervalları pozulmağa başlayır. Bizim reallığa uyğun başqa bir nümunəni də qeyd etmək istərdim. Təsəvvür edin ki, hansısa şəxs regionlardan birində taksi fəaliyyəti üçün buraxılış kartı alır və daha sonra Bakıda avtobus zolağından istifadə edir, amma faktiki olaraq sərnişin daşımır. Sistem baxımından bu avtomobil taksi kimi görünür və avtobus zolağına daxil olur. Belə halların baş vermə ehtimalını da nəzərə almalıyıq. Ona görə də hesab edirik ki, bu məsələ ilə bağlı qərar vermək üçün əvvəlcə ümumi nəqliyyat sistemində müəyyən dəyişikliklər və əlavə tənzimləmələr həyata keçirilməlidir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol