Sizlərə 1918-ci il, Azərbaycanda baş verən dəhşətli soyqırımla bağlı Avstraliyada nəşr edilən “Deyli Telegraf” (The Daily Telegraph) qəzetinin 21 iyun 1918-ci il sayını təqdim edirəm. Məqalə “The Battle of Baku” (Bakı döyüşü) başlığı altında təqdim olunur.
Yazıda qeyd edilir ki, Bakıda bolşevik-erməni ittifaqı ilə müsəlmanlar arasında baş verən mart hadisələri şəhəri xarabalığa çevirib. Məqalədə “müsəlmanların məğlub edildiyi və şəhərin böyük bir hissəsinin yandırıldığı” faktı vurğulanır.
Qəzet yazır ki, bu, sadəcə iki ordu arasında döyüş deyil, dinc əhaliyə qarşı kütləvi qırğındır. Minlərlə silahsız müsəlmanın küçələrdə qətlə yetirilməsi faktı vurğulanır. Avstraliya qəzetindəki məqalədə bu, “Bakının müsəlman əhalisinin darmadağın edilməsi” kimi təqdim olunur.
Hakimiyyəti ələ keçirmək və “əks-inqilabçı” hesab etdikləri müsəlmanları zəiflətmək üçün bolşeviklərin etnik təmizləmə apararaq, bölgədə demoqrafik üstünlük qazanmaq niyyəti güdən erməni daşnakları ilə əlbir olmasından bəhs edilir yazıda. Bakıda baş verən dəhşətli qırğın nəticəsində təxminən 10,000 ilə 12,000 arasında insanın həlak olduğu bildirilir.
Qəzet yazır: “Bakının böyük bir hissəsi xarabalığa çevrilmiş, müsəlman məhəllələri isə tamamilə məhv edilmişdir. Şəhərin küçələri günlərlə dəfn olunmamış meyitlərlə dolu qalmış, xəstəxanalar isə hər hansı bir adekvat tibbi yardım almaq imkanı olmayan yaralılarla dolub-daşmışdır.
Hadisələrin şahidi olanlar şəhərdəki vəziyyəti təsvirəgəlməz bir xaos və vəhşilik kimi qiymətləndirirlər. Hazırda şəhərdə hakimiyyət faktiki olaraq bolşeviklərin və erməni hərbi birləşmələrinin nəzarəti altındadır. Qafqazın bu mühüm neft mərkəzində asayiş tamamilə pozulmuş və mülki əhali böyük bir qorxu içində yaşamaqdadır”.
Bu məqalə 31 Mart soyqırımından cəmi 2-3 ay sonra yazılıb. O dövrdə Avstraliya kimi uzaq bir ölkənin qəzetində Bakıdakı qırğınların və şəhərin yandırılmasının qeyd olunması, hadisələrin miqyasının beynəlxalq səviyyədə nə qədər səs küyə səbəb olduğunun sübutudur.
- Bəzi ərazilərdə işıq olmayacaq
- Bu gündən elektron siqaretlər qadağan olundu
- Lahıc yolunda torpaq sürüşməsi baş verdi, hərəkət dayandırıldı
- Cümhuriyyət Qülləsində bayrağımız proyeksiya olundu - Foto
- Bakıda dəhşətli qırğın, 12 min ölü - Avstriya qəzeti
- Pənahov keçmiş həyat yoldaşına bu əmlakları qaytaracaq
- Türkiyəyə atılan raketlərlə bağlı birgə... - Arakçı açıqladı
- Məhərrəm ayı bu tarixdə başlayacaq