Uşağa tərbiyə məqsədilə zorakılığa görə qanunvericiliyə dəyişiklik mübahisə yaradıb, deputat Nigar Arpadarai buna görə valideynin cəzalandırılmasına qarşı çıxıb.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, bu gün Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Nigar Arpadarai deyib ki, bu dəyişiklik ailə bütövlüyünün, valideynlərlə uşaqlar arasında münasibətlərin zəifləməsinin başlanğıcına çevrilə bilər:
"Bu sahədə onsuz da problemlərimiz var və onları həll etmək lazımdır, daha da dərinləşdirmək yox. Bəli, deyə bilərsiniz ki, bu tip qanunlar 1980-ci illərdən etibarən Avropada və bəzi digər ölkələrdə qəbul olunur və artıq təxminən 70 ölkə bunu edib. Amma həmin ölkələrin siyahısına baxsanız, onların əksəriyyətində demoqrafik vəziyyətin ağır olduğunu görərsiniz. Həmin ölkələrin ailələrində olan neqativ halların yaranmasında belə qanunların kifayət qədər böyük rolu var - bu proses qonşulara, müəllimlərə və uzaq qohumlara valideynlərin uşaqlara fiziki və ya psixoloji təzyiq göstərdiyi barədə, polisə və sosial xidmətlərə müraciət etmək imkanı verən qanunlarla başlayıb. Heç kim mənə sübut edə bilməz ki, belə yanaşma real fayda gətirir. Məsələn, bu gün Kaliforniyada məktəbdə valideynin xəbəri olmadan uşağa antidepressantlar təyin oluna bilər. Hətta ona gender disforiyası diaqnozu qoyularaq cinsiyyət dəyişdirmə proseduru başlana bilər. Əgər siz valideyn kimi buna etiraz etsəniz, hətta həbs riski ilə üzləşə bilərsiniz. Avropanın bəzi ölkələrində isə sosial xidmətlər hesab etsə ki, siz uşağınızı hansısa “standartlara” uyğun olmayan dəyərlərlə tərbiyə edirsiniz – məsələn, sizin tərbiyə cinsi azlıqlara münasibətdə “tolerantlıq” prinsiplərinə uyğun deyil – bu halda siz valideynlik hüququnuzu itirə bilərsiniz. Bunları qorxutmaq üçün demirəm, reallıqdır. Mən uşaqlarını qorumaq məqsədilə belə ölkələrdən və ştatlardan köçən ailələri tanıyıram. Qeyd etdiyim nümunələrdə olan proseslərə vaxtilə bu kimi qanunlar yol açıb”.
Nigar Arpadarai hesab edir ki, dünyada böyük ideoloji mübarizə gedir və ənənəvi ailə institutu bu mübarizənin hədəflərindən biridir:
“Bu cür qanun isə bir növ aldadıcı mexanizm rolunu daşıyır. O, uşaqların hüquqlarının qorunması illüziyasını yaratmaq üçün belə təqdim olunur. Əslində, sağlam ailələrin uşaqlara verdiyi qorumanı zəiflətməyə və dağıtmağa gətirib çıxarır. Təbii ki, mən uşaqlara qarşı fiziki cəzanın qəti əleyhinəyəm. Biz tərbiyə məqsədilə fiziki cəzalara qarşı mübarizə aparmalıyıq. Amma bunu belə problemli qanunu qəbul etməklə deyil, insanların maarifləndirilməsi yolu ilə etməliyik. Qanunda psixoloji cəza anlayışı da var. Bunu kim müəyyən edəcək? Dövlət minlərlə psixoloq işə götürməlidir ki, valideynlərin uşaqlara psixoloji təzyiq göstərib-göstərmədiyini yoxlasın? Tərbiyənin harada bitdiyini və psixoloji təzyiqin harada başladığını necə müəyyən etmək olar? Bu müddəa praktikada icrası çox çətin olan və müxtəlif sui-istifadələrə yol aça bilən bir yanaşmadır. Digər tərəfdən, fiziki zorakılığa görə cinayət məsuliyyəti artıq mövcuddur və heç kim valideynləri bu məsuliyyətdən azad etmir. Bu qanun Azərbaycan ailəsinin möhkəmləndirilməsi üzrə strategiyamıza ziddir. Uşaqları döymək olmaz - bu tam aydındır. Lakin bunun üçün başqa yollar axtarmaq lazımdır və beynəlxalq lobbi qruplarının təşviq etdiyi mexanizmlərə düşünmədən qoşulmaq düzgün deyil. Belə yanaşmanın tətbiq olunduğu ölkələrdə nəticələr göz qabağındadır - Qərb ölkələrində ailə və uşaq siyasəti sahəsində vəziyyət yaxşılaşmır, əksinə, daha da mürəkkəbləşir. Əgər belədirsə, niyə biz onların yolu ilə getməliyik? Mən bunu həm deputat, həm də ana kimi deyirəm”.
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova həmkarının narahatlığını başa düşdüyünü deyib:
"Uzun müddətdir bu məsələlərlə məşğul olan insan kimi deyə bilərəm ki, bu formatda qanunların qəbulunda hər zaman fərqli fikirlər söylənilir. Belə qanunlar qəbul ediləndə deyirlər ki, mən öz arvadımı döyə bilmərəm, öz uşağımı vura bilmərəm?! Azərbaycan demoqrafik inkişaf edən ölkədir. Biz bu qanunda ən çox uşağın hüquqlarını müdafiə edirik. Ona görə də bu qanunun qəbulu çox vacibdir".
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni - 525-1-ci maddəyə əsasən, valideynlər (onları əvəz edən şəxslər), uşaqlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tibb, sosial xidmət, idman, mədəniyyət, istirahət müəssisələrinin və penitensiar müəssisələrin işçiləri tərəfindən uşağa qarşı cismani cəzanın tətbiqinə, yəni tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və (və ya) psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə ediləcək.
Bu, həmin əməl Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.
- "Bakcell" RSD sisteminə qoşuldu
- Bu nazirin müavinlərinin sayı artırıldı
- ASAN Xidmətin 3-cü “RoboCode” düşərgəsi başa çatdı
- "Azərişıq" sabit tariflə bağlı suallara aydınlıq gətirdi - Video
- Bakıda 57 yaşlı qadın dəm qazından öldü
- “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
- Bakıda piyadaların vurulması - Anbaan video
- Bu şəxslər peşə tanınması üzrə imtahan verdi