Müraciət etmişəm, yəqin qapısını döyüblər - Nəzrinin atası

14:00 - 13 Yanvar 2025 - KRİMİNAL

 Müraciət etmişəm, yəqin qapısını döyüblər - Nəzrinin atası

Qızımın ölümündə həkim günahkardır, prokurorluğa müraciət etmişəm. Yəqin bununla bağlı artıq onun qapısını döyüblər.

BUTA.TV xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında burun əməliyyatından sonra komaya düşüb ötən gün vəfat edən Nəzrin Mansurovanın atası Aydın Abışzadə deyib.

O bildirib ki, Nəzrin Mansurova 1995-ci ildə anadan olub. Özü və həyat yoldaşı ADA Universitetinin məzunudur. Nəzrin Azərbaycan Respublikası Dövlət Neft Fondunda çalışıb. Ailəlidir, üç yaşlı bir qızı var.

Aydın Abışzadə deyib ki, yoldaşıyla Laçının Sus kəndində yaşayır. Qızı Nəzrin Mansurova isə ailəsiylə birlikdə Bakıda yaşayıb işləyirmiş:

"Noyabrda ailəsiylə kəndə gələndə bizə burun əməliyyatı olmaq istədiyini, artıq həkimlə razılaşdığını demişdi, amma mən əməliyyata ehtiyac olmadığını dedim. Onu fikrindən döndərmişdik. Dekabrda həkim özü ona yazıb və əməliyyat üçün qeydiyyatdan keçdiyini, analizlər verdiyi halda niyə gəlmədiyini soruşub. Qızımı yenidən əməliyyata cəlb edib. Götürülən analizin üzərindən 35 gün keçib, ona görə həkim yenidən analiz götürüb əməliyyat etməliydi, amma bunu etmədən birbaşa əməliyyat eləyib. Əməliyyat öncəsi KATE də etməyib".

Nəzrinin əməliyyatı yanvarın 3- də Mərcan Klinikasında həkim Sənan Mehdiyev tərəfindən həyata keçirilib:

"Əməliyyatla bağlı yoldaşım Bakıya gəldi, qızım əməliyyat olan gün o, nəvəsinə baxırdı. Əməliyyatdan bir gün sonra qızımın halı pisləşib. Təcili yardım çağırılıb, ona diklofenak iynəsi vurulub. Əməliyyatı edən həkimlə danışılıb və ona qızımın xəstəxanaya yerləşdirilməsinin vacibliyi deyilib. Amma həkim deyib ki, onu tərpətməyin, anesteziyanın fəsadlarıdır, keçib gedəcək. Gecə səhərə kimi qızım baş-beyin ağrısından çox əziyyət çəkib. Ayın 5-i axşama doğru halı tamam pisləşib, hissiyyatını itirib və xəstəxanaya yerləşdirilib. Ora çatanda beyin şoku keçirib. Bir də deyirəm: Qızımın ölümündə həkim günahkardır".

Qeyd edək ki, Nəzrin Mansurova yanvarın 5-də “Liv Bona Dea” hospitalının reanimasiya şöbəsinə kritik vəziyyətdə daxil olub. Xəstə süni-tənəffüs aparatına qoşulub, intensiv müalicə aparılıb. Göstərilən səylərə baxmayaraq, xəstə komadan ayılmayıb və dünyasını dəyişib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol