Şəhərin mərkəzindəki elit restoranlarda qiymətlərin baha olduğundan hər kəs xəbərdardır. Bu səbəbdən orta və aşağı imkanlı təbəqə adətən künc-bucaqdakı “xudmani” kafelərə üz tutur.
Belə kafelərin çoxunda isə masaların üstündə heç menyu da olmur və ofisiant yeməklərin adlarını bir-bir saymalı olur. Burada əsas problem odur ki, bütün yeməklərin qiymətini bir-bir soruşa bilmirsən, sonda isə “xolodnıy”ların qiyməti az qala kababdan baha gəlib çıxır. Bəsu məsələ necə tənzimlənməlidir? Kafelərin soyuq qəlyanaltılara bu qədər yüksək qiymət qoyması nə ilə əlaqəlidir?
Məsələ ilə bağlı BUTA.TV-a danışan qida eksperti Ağa Salamov bildirib ki, bu gün bəzi “zirzəmi” kafeləri məhsulları absurd qiymətə təklif edirlər:
“Kafelərdə, restoranlarda menyu planlanması anlayışı var. Menyuların yaradılması, planlanması, məhsulun maya dəyərinin hesablanması, maya dəyərinə uyğun qiymətlərin çıxarılması bura daxildir. Bu gün restoranlar fikirləşir ki, filan yerdə bu qəlyənaltını baha qoyublar, mən niyə qoymayım? Amma nəzərə almırlar müqayisə etdikləri yerin akustikası, interyeri, terasının mənzərəsi tamamilə fərqlidir. Sənin nəyin var?! Qiymətlər xidmətin hansı səviyyədə olmasından tutmuş, maya dəyərinə qədər hesablanır və sonda qiymət təyin olunur.
Bu gün şəhərin mərkəzində elə kafelər var ki, dörd tərəfi şüşəbənddir və ya zirzəmidir. Aşağı düşürsən, zirzəmidə kafe yaradıblar, nə mənzərəsi var, nə hava var, nə havaçəkən var, amma elə qiymətlər qoyublar ki, baxanda təəccübünü gizlədə bilmirsən, soyuq qəlyənaltıların qiyməti kəllə-çarxa çıxır. Bu, düzgün deyil.
Menyu tərtib olunanda maya dəyəri hesablanır, daha sonra işçilərin maaşı, sahibkarın qazanacağı gəlir, vergi hesablanır və maya dəyərinin 30-35 faizi qədər üstünə pul qoyularaq menyuya daxil edilir. Amma bu gün bəzi kafe və restoranlar elə qiymətlər qoyurlar ki! Maya dəyəri 1 manata olan məhsul alıcıya 10 manata təklif edilir. Bu, absurddur”.
Ekspert kafe və restoranlarda son vaxtlar müşahidə edilən qiymət artımının da səbəbini açıqlayıb:
“Qiymət artımına gəldikdə isə bu, hər sahədə özünü göstərir. Ölkəmizdə kənd təsərrüfatı zəif olduğu üçün qiymətlər də yüksəlir. Hazırda bizdə fermerlik demək olar ki, sıfırdır, qoyun, quzu, iribuynuzlu heyvan saxlamaq heç kimin marağında deyil. Çünki yem bahadır, sərf etmir. Heyvan saxlayan insan ona yem verməli, qoyun-quzusu üçün örüş yerləri tapmalıdır, bu isə yoxdur, kəndlilər əzilib sıradan çıxarılır. Bu gün kənd təsərrüfatı inhisarçıların, istilikxana sahiblərinin əlindədir. Bu şəxslər də gətirib baha qiymətə məhsulu satırlar, sonra da deyirik ki, restoranda bir şiş kabab yedik, bir şişinə 12 manat pul verdik. Ətin qiyməti 22 manat olanda bu qiymətə kabab yemək də normaldır. Bu gün qoyun, quzu tapılmır, qıtlıq var, tapılsa da, baha qiymətə satılır.
Bundan çıxış yolu var. Bəzən deyirlər ki, universitetləri rayonlara köçürmək lazımdır. Xeyr, bundan əvvəl kənd təsərrüfatı üçün elə bir plan cızılmalıdır ki, fermerin qoyun, inək, toyuq çoxaldıb satmağa marağı olsun. Millət broyler toyuqlarının, xaricdən gələn qoyun, quzunun əlində qalıb. Qiymət artımı qaçılmazdır və get-gedə də artacaq, əgər belə davam edərsə, gələn il bu məhsulların qiyməti daha da qalxacaq.
Bütün real səbəblərdən əlavə, kafelər süni qiymət artımı da edir. Onlar başqalarına baxıb qiyməti qaldırırlar. Düşünürlər ki, x kafesi antrikotu 15 manata satırsa, mən də o qiymətə satım”.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir