Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Naxçıvan MR-da keçirilən ictimai rəy sorğusu çərçivəsində Zəngəzur dəhlizinin gələcək təhlükəsizlik perspektivləri ictimai rəydə qiymətləndirilib.
BUTA.TV xəbər verir ki, sorğu iştirakçılarının 45,6%-i nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa olunmasından sonra Ermənistan ərazisindən keçən həm avtomobil, həm də dəmir yolu ilə hərəkət etməyi təhlükəsiz və etibarlı hesab etdiyini bildirib. Respondentlərin 26,8%-i yalnız dəmir yolu ilə hərəkət etməyi, 10,4%-i yalnız avtomobil yolu ilə hərəkət etməyi təhlükəsiz və etibarlı hesab edib. Respondentlərin 15,4%-i heç birinin təhlükəsiz və etibarlı olmadığını qeyd edib.
Respondentlərin 70,8%-i Ermənistanın təhlükəsizlik zəmanəti verəcəyinə inanmadığını ifadə edib. Onların 26,0%-i Ermənistanın təhlükəsizlik zəmanəti verəcəyinə inandığını bildirib.
Respondentlərin 64,8%-nin mövqeyinə görə, Rusiyanın müvafiq orqanının təhlükəsizliyə nəzarəti etibarlı olmayacaq. Onların 24,7%-i bu mövqedədir ki, Rusiyanın müvafiq orqanının təhlükəsizliyə nəzarəti etibarlı olacaq. 10,4%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Sorğuda iştirak edənlərin 43,8%-i nə Avropa İttifaqının, nə də Rusiyanın nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasında vasitəçiliyini effektiv hesab edib. Respondentlərin 32,0%-i yalnız Avropa İttifaqının, 14,1%-i yalnız Rusiyanın vasitəçiliyinin daha effektiv olduğu qənaətindədir.
Respondentlərin 52,1%-i bu mövqedədir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası Ermənistan üçün nəfəslik yaradır. Onların 36,5%-i bu fikirlə razılaşmadığını qeyd edib, 11,5%-i fikir bildirməkdə çətinlik çəkib.
- Gəlir vergisi artıq EHİS üzərindən bəyan ediləcək
- Yaz-yay fəsillərində sel təhlükəsi: silsilə tədbirlər keçirildi
- “Kontakt” öz sektorunun №1 vergi ödəyicisi oldu – 40.1 milyon AZN
- Balakişi Qasımovun səlahiyyət müddəti başa çatır
- Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü
- Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
- ADY ötən ay 1,6 milyon tondan çox yük daşıdı
- Tavuşda yeni xətt çəkildi: Hansı ərazilər Azərbaycana keçdi?