Xankəndidə gərginlik artır – Bakı “halqanı” daraldacaq

08:18 - 17 Fevral 2023 - SİYASƏT

 Xankəndidə gərginlik artır – Bakı “halqanı” daraldacaq

Xankəndidə separatçıların başçısı Araik Arutyunyan “konstitusiya” dəyişikliyi ilə bağlı qərar qəbul edib: hərbi vəziyyətdə separatçıların qondarma “prezidentini” “parlament” seçəcək.

İlk baxışdan “ümumi razılaşma” prinsipinə söykənən bu addımın əslində Ruben Vardanyanı oyundankənar vəziyyətə salmağa hesablandığı görünür. Çünki “seçkilər”dən sonra hökumət də yenidən formalaşdırılacaq və Ruben komandadan kənarda qala bilər.

Rusların Vardanyan layihəsi təkcə Bakıya yox, həm də İrəvana qarşıdır:

- Ruslar Bakının erməni əhalisi ilə qurmaq istədiyi təmaslarda Vardanyanı “nümayəndə” kimi irəli çəkir, bununla ABŞ-ın təşəbbüsünü ələ keçirir, eləcə də inteqrasiyanın qarşısını alır;

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

- Perspektivdə Vardanyanın “arsax döyüşçüsü” kimi Ermənistan siyasətinə transfer edilməsi planının olduğu da istisna deyil: Nikolun Rubenə qarşı sərt mövqeyi o deməkdir ki, İrəvan belə bir perspektivi görür, yaxud təhlükə haqda məlumatlıdırlar; Rubenin erməni diasporu daxilində antipaşinyan mövqeyində olanlarla isti münasibətləri də bu riski artıran amillərdəndir.

Bakı və İrəvanın mövqeyi Rubenin getməsi məsələsində üst-üstə düşür, hərçənd, bu o demək deyil ki, ortaq addımlar var, sadəcə olaraq, Laçın yolunda aksiyanın sülhməramlıların nəzarətindəki bölgədə yaratdığı situasiya Nikola bundan Vardanyanın əleyhinə istifadə imkanı verdi.

Ruben dirəniş göstərəndə Paşinyan Araik üzərindən etdiyi ilk cəhddə yeni “seçkilər”lə onu prosesdən kənarlaşdırmaq istədi, lakin ruslar bunun qarşısını kəsdi. İndi “konstitusiya islahatları” adı ilə Vardanyanı uzaqlaşdırmaq üçün növbəti proses hazırlanır.

Bu addımın Araik-Ruben cütlüyünün Moskvaya ayrı-ayrılıqda getməsi və geri qayıtmasından sonra baş verməsi təsadüfi deyil. Görünür, ruslar hər ikisinə müəyyən vədlər verməklə “qalib gəlmək” uğrunda siyasi döyüşü izləmək istəyir və separatçılar arasında yarana biləcək xaos da sülhməramlıların “hakim” mövqeyini gücləndirir.

Və proseslər göstərir ki, Xankəndidə siyasi qarşıdurma gərginləşəcək. Bu qarşıdurma bizim maraqlarımıza uyğundur və Bakı “halqanı daraltmaq”la separatçılar üçün vəziyyəti daha da kəskinləşdirə bilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol