Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktını qətiyyətlə pisləyir və qınayıram. Şəhidimizə Allahdan rəhmət, yaralılara şəfa, qardaş xalqımıza başsağlığı diləyirəm.
Bu sözləri BUTA.TV-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç 27 sentyabrda Azərbaycanın İrandakı səfirliyinə terror hücumu haqda danışarkən deyib.
Diplomat bütün digər ölkələr kimi, İranın da öz ərazisində yerləşən diplomatik nümayəndəliklərin təhlükəsizliyinə cavabdeh olduğunu vurğulayıb:
“Azərbaycanın səfirliyinə qarşı edilən hücum açıq-aşkar terror aktıdır. Terrorçunun “Kalaşnikov”dan istifadəsi də bunu sübut edir. Bir ölkədə yerləşən xarici səfirliklər həmin ölkəyə əmanətdir. Diplomatik xidmətlə bağlı qəbul edilən Vyana konvensiyalarında da yerləşmə ölkəsinin səfirliklərin qorunmasına məsuliyyət daşıdığı əksini tapıb. Bu bir borcdur, vəzifədir. İran öz vəzifəsini tam yerinə yetirdimi? Törədilən terror aktı tam əksini göstərir.
Digər tərəfdən, səfirlik ərazisi Azərbaycan torpağıdır, səfirlikdəki terror aktı da Azərbaycan dövlətinə qarşı edilən hücumdur. Ona görə baş verən hadisə sadə bir məsələ deyil və terror aktının arxa planının bütün detalları ilə araşdırılıb üzə çıxarılması həyati əhəmiyyət kəsb edir”.
Diplomat bildirib ki, İranın xüsusilə 44 günlük Vətən müharibəsindən sonra dəyişdiyi müşahidə olunur:
“Azərbaycanın qazandığı Şanlı Zəfər və öz torpaqlarını düşmən tapdağından azad etməsi sanki İranı narahat edir. Qələbədən sonra Azərbaycan sərhədində təlimlərin keçirilməsi, Qafanda baş konsulluğun açılması göz önündədir və çox düşündürücüdür. Mən İrana bir daha xatırlatmaq istəyirəm ki, 15 iyun 2021-ci ildə imzalanan Şuşa Bəyannaməsi adi bir sənəd deyil. Türkiyə və Azərbaycan bu tarixi addımdan sonra bir dövlət və bir millət olub. İran rəsmiləri atdıqları və atacaqları addımları diqqətlə düşünməlidirlər. Azərbaycana edilən hücum eyni zamanda Türkiyəyə edilmiş sayılır. Tehrandakı Azərbaycan səfirliyini biz həm də Türkiyənin səfirliyi kimi görürük. Ona görə bu qanlı terror aktı həm də Türkiyəyə qarşı törədilib. Biz bunu belə qəbul edirik. İndi bəzi ağıldan kəmlər Türkiyədə Rusiya səfirinin qətlə yetirildiyi terror aktını misal gətirirlər. Birincisi, terrorçunun FETÖ-cü olması istintaqla üzə çıxarıldı; ikincisi isə mərhum səfir səfirliyin binasında yox, tədbir keçirilən başqa binada sui-qəsdə məruz qaldı. Tehrandakı Azərbaycan səfirliyində törədilən terror aktı ilə bu, çox fərqlidir və əgər terrorçunun əlində imkan olsaydı, binanın içərisindəki hər kəsi öldürəcəkdi.
İrandan Azərbaycan səfirliyində törədilən terror aktının kimin, niyə və hansı məqsədlə törətdiyini istintaqla üzə çıxarmasını gözləyirik. Türkiyə keçmişdə də Azərbaycanın yanında idi, bu, bu gün də belədir, gələcəkdə də belə olacaq. Qonşu İranı öz məsuliyyətini daşımağa, ondan qaçmamağa dəvət edirik”.
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir