DİN qeydiyyat məsələsinə aydınlıq gətirdi

14:06 - 17 Yanvar 2023 - GÜNDƏM

 DİN qeydiyyat məsələsinə aydınlıq gətirdi

Daxili İşlər Nazirliyi (DİN) qeydiyyat məsələsinə aydınlıq gətirib.

DİN-dən BUTA.TV-a verilən məlumata görə, son vaxtlar yaşayış yeri üzrə, o cümlədən polisin inzibati binalarına qeydiyyat və qeydiyyatdan çıxarma ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrdə bəzi vətəndaşlar bundan narahat olduqlarını, gələcəkdə müəyyən problemlərlə üzləşəcəklərini bildirirlər. Öncə qeyd edilməlidir ki, müvafiq məsələlərin həllində narahatlığa heç bir əsas yoxdur. Çünki bu hüquqi prosedurlar yalnız qanunun tələblərinə uyğun həyata keçirilir.

Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin tələbinə görə daimi yaşayış yerindən kənarda 60 gündən artıq müddətdə yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 iş günü ərzində yaşayacağı ərazinin polis orqanına tələb olunan sənədlərlə müraciət etməlidir. Vətəndaş olduğu yerdən getdikdə polis orqanı onu müvəqqəti qeydiyyatdan çıxarır.

Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması isə İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə məsuliyyətə səbəb olur.

Polis idarə və şöbələrinin inzibati binalarında müvəqqəti qeydiyyatda olanların qeydiyyatdan çıxarılaraq daimi yaşayış yeri üzrə qeydiyyata alınmalarına gəldikdə, qeyd edilməlidir ki, bu hüquqi prosedur ilk növbədə həmin şəxslərin özləri üçün vacibdir.

Bu baxımdan diqqətə çatdırırıq ki, 2000-ci illərin əvvəllərində yaşayış yeri olmayan, məhkəmə qətnaməsi əsasında qeydiyyatdan çıxarılan, mülkiyyət hüququnu təsdiqləyən sənədi olmayan evlərdə yaşayan və bu kateqoriyadan digər şəxslər polisin inzibati binalarında müvəqqəti qeydiyyata alınırdılar. Lakin ötən dövrdə həmin şəxslərin bir çoxu sonradan müvafiq sənədləri olan evlərdə və ya mənzillərdə yaşasalar da polisin inzibati binalarından qeydiyyatdan çıxmaq üçün subyektiv səbəblərdən müraciət etməmişlər. Ona görə də qeydiyyatın dəqiqliyini təmin etmək, bu sahədəki pərakəndəliyi aradan qaldırmaq məqsədilə polisin inzibati binasında qeydiyyatda olan hər bir şəxsin uzun illər qeydiyyatda qalmasının səbəbləri, faktiki yaşayış yerinin olub-olmaması araşdırılmış və nəticələrindən asılı olaraq qanunauyğun tədbirlər görülmüşdür. Araşdırmaları zəruri edən daha bir səbəb hərbi səfərbərlik, sosial müavinət, icbari sığorta, evlənmə, boşanma və digər məsələlərlə əlaqədar aidiyyəti dövlət qurumlarından daxil olan müraciətlərə baxılarkən həmin şəxsləri tapmaqda çətinliyin yaranmasıdır. Xüsusi vurğulanmalıdır ki, vətəndaş yalnız faktiki yaşayış yeri olduqda və ya yaxın qohumlarının razılığı ilə onun yaşadığı ünvana qeydiyyata alınması mümkün olduğu halda polisin inzibati binasından qeydiyyatdan çıxarılır və dərhal olduğu yer üzrə qeydiyyata alınır.

Hüquqi sənədi olmayan ünvanlarda yaşayan şəxslərin evlərinin sənədləşdirilməsi barədə isə aidiyyəti dövlət orqanlarına müraciət etmək tövsiyə olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol