Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirləri davam etdirir.
DİN-in Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, kiberpolisin keçirdiyi növbəti əməliyyat zamanı qeyd olunan cinayət əməllərində təqsirli bilinən daha 4 nəfər - Polad Abdullayev, Sənan Hacızadə, Toğrul Kazımov və sonuncu ilə əlbir olaraq fəaliyyət göstərən Cəfər Bəyəliyev saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, həmin şəxslər xaricdən idarə olunan qanunsuz qumar saytları ilə cinayət əlaqəsinə girərək ölkə ərazisində virtual kassalar yaradıblar. Daha sonra sosial şəbəkələrdə açdıqları “Milan”, “Sevinc”, “Rahat” və “Texas 777” adlı səhifələr vasitəsilə istifadəçilərlə əlaqə saxlayaraq onları qanunsuz onlayn kazino oyunlarına cəlb ediblər.
Saxlanılan şəxslərin yaşadıqları ünvanlara baxış zamanı elektron sübutlar, qanunsuz kazino oyunlarında istifadə olunan bank kartları və mobil nömrələr aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Baş İdarədə cinayət işi başlanıb. P.Abdullayev, S.Hacızadə, T.Kazımov və C.Bəyəliyev cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.
"Bir daha vətəndaşları internet resursları, eləcə də sosial şəbəkələrdə təklif edilən qanunsuz onlayn kazino və qumar oyunlarında iştirakdan çəkinməyə çağırırıq. Bu cür platformalar əksər hallarda kiberdələduzluq məqsədilə yaradılır və nəticədə istifadəçilərin bank kartı və şəxsi məlumatları ələ keçirilir.
Qanunsuz onlayn kazino və qumar oyunlarında iştirak həm maliyyə itkisi, həm də hüquqi məsuliyyət riski yaradır. Odur ki, hər kəsə lisenziyasız onlayn kazino və mərc saytlarına daxil olmamağı, sosial şəbəkələrdə bu tip oyunların reklam və “asan qazanc” vədlərinə inanmamağı, şübhəli hesab və platformalar barədə isə polis orqanlarına məlumat verməyi tövsiyə edirik.
Unutmayın ki, kibermühitdə ehtiyatlı davranış maddi və şəxsi təhlükəsizliyinizin əsas şərtidir",- deyə, məlumatda bildirilib.
- Məktəblərdə neçə gün dərs olmayacaq?
- Bakının bu prospektində dəyişiklik: Yaxın günlərdə...
- Horovlu kəndində əmək yarmarkası keçirildi
- Ramazanın 27-ci günü: Dua, imsak və iftar vaxtı
- Azıx mağarasının inkişaf konsepsiyası təqdim olundu
- Sabah bu rayonda qaz olmayacaq
- Saxta kurslarla bağlı çağırış: Diqqətli olun!
- Yeniyetməni oğurlayıb pul tələb edənlərə hökm oxundu