İsrailin ardıcıl raket zərbələriylə Hizbullah liderinin və təşkilatın əsas komandirlərinin bir çoxunu öldürməsinin əsas məqsədi sərhəddə təhlükəsizliyin təminatıdır.
BUTA.TV xəbər verir ki. bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, İsrailin Hizbullah təşkilatına öldürücü zərbələr endirməsinin başqa məqsədi də var:
“İsrail Hizbullahı zəiflətməklə Livan hökumətinin və ordusunun ölkəyə nəzarətini gücləndirməsini istəyir. Hizbullah Livanın cənubunda fəaliyyət göstərməklə yanaşı, paytaxt Beyrutda da siyasi qərarlara təsir gücünə malikdir. 2000-ci illərin əvvəllərində jurnalist kimi Beyrutda olanda bunu özüm də müşahidə etmişdim. Həmin il həm Livanın o zamankı prezidentindən, həm də ötən gün İsrailin raket zərbəsi nəticəsində ölümü təsdiqlənən Hizbullah lideri Həsən Nəsrullaha suallar vermək imkanına malik olmuşdum. Nəsrullahın iqamətgahı ölkə prezidentinin iqamətgahından daha çox qorunur, ətrafındakı silahlılarının sayı prezidentin cangüdənlərinin sayından daha çox idi. Livan hökumətinə maliyyə dəstəyi verən bir çox dövlət Hizbullah təşkilatının tərk-silah olunmasını tələb etsə də, bunu reallaşdırmaq mümkün deyildi, əks halda ölkədə vətəndaş müharibəsi başlayardı. Hizbullah Livan prezidentinin, baş nazir və müdafiə nazirinin qərarlarına tabe deyil. Hizbullaha silah və maliyyə davamlı olaraq İrandan göndərilir. Hizbullah bu dəstək sayəsində ayaqda dura bilir. Livanın iqtisadi və sosial vəziyyətinin ağırlaşmasının Hizbullah komandirlərinə çox təsiri yox idi, çünki onların maaşı kənardan gəlirdi. İndi vəziyyət dəyişəcək. İsrail Hizbullahı başsız qoymaqla Livan hökumətinə və ordusuna şans yaratmaq istəyir ki, ölkənin hər yerinə nəzarəti bərpa edə bilsinlər. Belə olarsa, Livan ərazisindən İsrailin şimal bölgəsi raket atəşinə məruz qalmayacaq. Hizbulladan fərqli olaraq, Livan hakimiyyətinə qonşusu İsraillə sərhəddə gərginlik lazım deyil”.
Politoloqun fikrincə, Tehran da ciddi sınaqla üzləşəcək:
“İsrail həm HƏMAS, həm də Hizbullahı başsız qoyub, bu iki qruplaşmanı zəiflədib. Tehran i0sə illərdir bu iki təşkilatı silahlandırıb. Buna milyardlarla dollar xərclənib, halbuki bu maliyyə İran vətəndaşlarının iqtisadi və sosial problemlərinin həllinə yönəldilə bilərdi. İranın yeni Prezidenti Məsud Pezeşkian HƏMAS və Hizbullahın zəiflədiyini əsas gətirərək, bu iki təşkilata ünvanlanan maliyyənin ölkənin problemlərinə yönəldilməsinə mühafizəkarları inandırmağa çalışa bilər. Bu halda Pezeşkian ABŞ və Avropa ölkələri ilə əməkdaşlığa da ümid bəsləyə bilər. Çünki İrana qarşı tətbiq edilən sanksiyalar həm də Tehranın İrandan kənardakı silahlı qruplara verdiyi dəstəklə bağlıdır. Bütün hallarda son qərar İranın ali dini liderindən asılıdır”.
- Ərdoğan Azərbaycanla bağlı Putinə nə deyib?
- Bayden də təbrik etdi: bəs, COP29-dan biz nə qazandıq?
- Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
- Bayden Ukrayna ilə bağlı daha bir sensasion qərara hazırlaşır
- Kopırkindən sülhlə bağlı mühüm açıqlama: Moskva istəyir ki...
- Azərbaycana “petrostate” deyənlər, 2026-dən yeni ixrac olacaq
- ABŞ-dan “sürpriz”: Ərdoğan Putinə zəng etdi - Nə baş verir?
- Ermənilər azərbaycanlıların qəbiristanlığını dağıtdı - Video