Bacısının bakirəliyini pozan şəxsi həyatından etdi - Dəhşətli cinayət

21:17 - 26 Sentyabr 2024 - KRİMİNAL

 Bacısının bakirəliyini pozan şəxsi həyatından etdi - Dəhşətli cinayət

2023-cü ilin iyulunda Quba şəhərinin Fətəlixan küçəsində mübahisə zamanı iki qardaşın bıçaqlanması və onlardan birinin xəstəxanaya aparılarkən yolda dünyasını dəyişməsi barədə rayonun hüquq-mühafizə orqanlarına məlumat daxil olur.

BUTA.TV xəbər verir ki, hadisə zamanı qətlə yetirilən Quba rayon sakini 35 yaşlı Firuz Səlimovun (ad soyad şərtidir) ətrafında əməliyyat istintaq tədbirləri aparılarkən məlum olub ki, Firuz və qardaşı Nadir Səlimov (ad soyad şərtidir) əvvəllər tanıdığı və Rusiyada yaşayan Quba sakini Ruslan Göyüşov (ad soyad şərtidir) tərəfindən bıçaqlanıb. Firuz aldığı 8 bıçaq zərbəsindən kəskin qanitirmə nəticəsində xəstəxanaya aparılarkən dünyasını dəyişsə də, həkimlər qardaşı Nadirin həyatını xilas edə biliblər.

Uğursuz sonluqla nəticələnən yalançı evlilik

17 yaşından Rusiyaya qazanc dalınca gedən Ruslan son vaxtlar Bakıda yaşayan bacısı Asya (ad şərtidir) haqqında bəzi xoşagəlməz söhbətlər eşitdikdə, sanki özünə yer tapa bilmirdi. Xəyalından keçən və gözünün qarşısında canlanan şübhələri onu bir anlığa Bakıya - yaxınlarının yanına aparırdı. Hələ iki il əvvəl o, Moskvadan Bakıya ailə üzvlərinə baş çəkməyə gələrkən atası onunla təklikdə söhbət edib, ona Qubada Firuz adlı şəxsin bacısı Asyanı kollecdə oxuyan zaman ləkələməsini, onunla cinsi əlaqədə olmasını və onun bakirəliyini pozmasını, bundan sonra bilinməməsi üçün Asyanın uzaq qohumları olan Kamalla (ad şərtidir) evlənməsini, uşağın da Kamaldan deyil Firuzdan olmasını deyib. O, bunu bildikdən sonra atasına, bacısının boşanmasına səbəb olan Firuzu nə vaxtsa görüşəcəyi təqdirdə öldürəcəyini deyib. Atası isə bir şey etməməsini, məsələnin yoluna qoyulacağını bildirib və onu bir müddətlik sakitləşdirib. O, atasının vədlərinə inanıb, uşağın atasız qalmasını istəmədiyi üçün Firuzu vurmaq fikrindən daşınıb.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Qardaşı Rusiyadan Bakıya gətirən müəmmalı məqamlar

Bundan sonra, o, Moskvaya qayıdıb. Bir müddət sonra Ruslan bacısının Kamaldan boşanmasını və sevgilisi Firuzla Qubada kirayədə yaşadığını eşidir. Anası oğluna onların ər-arvad kimi yaşadıqlarını və aralarında hər hansı bir problemin olmadığını bildirib. Buna baxmayaraq, Ruslan baş verənlərə görə Firuzu günahlandıraraq nə vaxtsa ondan qisas alacağını düşünür.

O, 2023-cü ildə yenidən Bakıya gəlib, Asyanın Firuzla münasibətinin hansı formada olmasını öyrənmək üçün anasının "WhatsApp" sosial şəbəkəsindəki hesabına daxil olaraq yazışmaları oxuyub. Firuzun bacısı ilə münasibətinin bildiyi kimi yox, ailə üzvlərinin ona yalan danışdığını, Firuzun Asya ilə eyni evdə yaşamamasını, kirayə ev tutaraq arabir gəlib-getməsini, Asyaya spirtli içki içirtməsini, bacısı ilə arvad kimi yox, küçə qadını kimi yanaşmasını öyrənib.

Bu yazışmaları oxuduqdan sonra o, Qubaya gedir məsələni aydınlaşdırmaq üçün Firuzla görüşməyi qərara alır. Bakıdan Qubaya taksi ilə gedərkən Saray qəsəbəsi ərazisindəki marketlərdən birindən mətbəx bıçağı alaraq yoluna davam edir. Qubada Firuza zəng edərək onunla görüşmək istədiyini deyir. Firuz onunla görüşərkən onun üzərində də bıçağın olduğunu bilir. Bunu, Firuzun mübahisə zamanı əlini tez-tez üzərindəki bıçağa aparmasından hiss edir. Mübahisə zamanı Ruslan ona ilk əvvəl boğazından vurmaqla 8 bıçaq zərbəsi endirir. Firuzun harayına gələn qardaşının da onun üzərinə hücum çəkməsini görərək ona da bıçaqla qolundan xəsarət yetirir.

"Mən onu vurmasaydım, o məni öldürəcəkdi"

Ruslan istintaqa və məhkəməyə sərbəst ifadəsi zaman bildirib ki, onun əvvəlcə Firuzu öldürmək fikri olmayıb. Gələrkən üzərində olan bıçağı da özünü müdafiə etmək məqsədilə alıb.

"Mən Firuzla görüşməmiş onunla bir neçə dəfə telefonla danışmışdım. Onun mənə hədə-qorxu gəlməyindən hiss etdim ki, görüşən zaman o mənə xəsarət yetirə bilər. Buna görə də, ehtiyat edərək bıçağı aldım. Mən Qubaya çatanda gecə saat 01 radələri idi, lakin Firuz öz evində olduğundan, bacımın yanında olmadığından ondan bacımı niyə gecə vaxtı tək qoyduğunu soruşdum. Firuz isə qolumdan tutaraq "bura gəl görüm sən nə deyirsən?", - deyərək məni yaşadığı binanın həyətinə apardı. Mənimlə ucadan mübahisə edərək Asyanın qardaşı olduğumu ciddiyə almırdı. Bir neçə dəfə onun şalvarının arxasında kəmər hissəsində gizlətdiyi bıçaqın tiyəsini gördüm. Əlini də tez-tez bıçağın üzərinə aparırdı. Mən onu vurmasaydım, o məni öldürəcəkdi".

"Ərimə dedim ki, uşağım səndən deyil, razılaşdı və məni qəbul etdi"

Baş verən bütün hadisələrin ətrafında cərəyan etdiyi Asyanın ifadələri isə daha çox diqqəti cəlb edir.

"Firuzla eyni məktəbdə ayrı siniflərdə oxuyurduq. Mən 10 yaşımdan onu sevməyə başlamışam. 11 yaşım olanda ailəmlə Qubadan Bakıya köçdüm. Bir müddət Firuzu görə bilmədim. Sonra kollecdə oxuyan zaman gəlib Qubada kirayədə qaldım. Firuz "Instagram" sosial şəbəkəsindən məni tapıb mesaj yazdı. Ondan sonra onunla mütəmadi görüşməyə başladıq. Firuzla Qubada müxtəlif yerlərdə, otellərdə görüşərək könüllü cinsi əlaqədə olmuşam. Əvvəl mənimlə evlənəcəyini bildirsə də, sonra vədindən imtina edərək bunu heç vaxt etməyəcəyini dedi".

Asya Firuzun onunla olan münasibətləri barədə anasını da məlumatlandırıb. Bu ərəfələrdə Qubada Asya ilə üz-üzə gələn uzaq qohumu Kamal onu bəyəndiyini öz ailəsinə bildirərək, ona elçilərini göndərir. Kamalın xaraktercə bir qədər zəif birisinin olduğunu bilən Asyanın valideynləri üçün bu elçilik gözlənilməz olub.

"Kamalla nişanlı olduğum müddətdə ona, Firuzla görüşməyim barədə hətta onunla cinsi əlaqədə olmağım barədə məlumat versəm də, buna heç bir etiraz etməyərək məni qəbul etdiyini dedi. Ailə həyatı qurandan 4 ay sonra oğlum dünyaya gəldi. Kamala uşağın Firuzdan olduğunu bildirdim. Buna görə də, bu barədə yaxınlarına uşağın ondan olduğunu deməsini istədim".

Kamal həyat yoldaşının bu istəyinə də heç bir iradını bildirməyərək yaxınlarına toydan bir neçə ay əvvəl Asya ilə olan yaxın münasibətdən uşağın dünyaya gəlməsini deyir. Asya ifadəsində onu da qeyd edib ki, Kamalla evli olduğu müddətdə bir dəfə də olsun onunla ər-arvad kimi münasibəti olmayıb. O, 4 il ərzində də sevgilisi Firuzla mütəmadi görüşərək qeyri-rəsmi yaşayıb.

Ruslan Göyüşovun törətdiyi cinayət əməli və istintaq materiallarına əlavə edilən ekspertiza rəyləri və digər maddi sübutlar məhkəmə istintaqı zamanı düzgün təhlil olunaraq qiymətləndirilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ruslan Göyüşovun əməli cinayət məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddələrinə tövsif edilərək o, 12 il azadlıqdan məhrum edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol