Aylar keçdikcə, təbii olaraq biz gözləyirdik ki, Ermənistan öz şərhlərini bizə daha operativ və çevik verəcək. Ancaq biz bunun tam əksini gördük. Son variantın onlardan alınmasını biz 70 gün gözləməli olduq. İyunun 24-də bizim şərhlərimiz onlara göndərildi və avqustun sonunda, ya da ki, sentyabrın əvvəlində onlar bizə cavab göndərmişdilər.
BUTA.TV xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında Ermənistan-Azərbaycan sülh müzakirələri haqda danışarkən deyib.
“Bu cavab nədən ibarət idi? Bütün razılaşdırılmamış müddəalar onların variantında sülh müqaviləsindən çıxarıldı. Yəni, bu dərəcədə primitiv və qeyri-adekvat addım, sözün düzü, gözlənilən deyildi. Mətndən çıxarılmış, yəni, onların istəyi ilə çıxarılması nəzərdə tutulan müddəalar vacibdir. Onlarsız sülh müqaviləsi natamam olacaq. Ona görə bu qədər qeyri-səmimi münasibət bizi təbii olaraq düşündürür. Bayaq dediyim amillərlə yanaşı, əgər biz bütün bu amilləri necə deyərlər, bir çərçivəyə salsaq, görərik ki, həm sürətli silahlanma, revanşizm meyilləri, həm də Ermənistanın himayədarlarının bizə qarşı yenidən Qarabağ mövzusunu ortaya atması, sülh müqaviləsinin gedişatında qeyri-adekvat və qeyri-səmimi münasibət, vaxt uzatma taktikası və digər məqamlar deməyə əsas verir ki, Ermənistan, əslində, sülh istəmir, vaxt uzatmaq, bu vaxtdan istifadə edərək, xarici himayədarların dəstəyi ilə hərbi potensial qurmaq istəyir. Artıq bəzi Avropa ölkələrinin və təkcə Avropa deyil, digər Qərb ölkələrinin nümayəndələri Ermənistan ordusunda işə başlayıblar. Bizim sərhədimizdə qanunsuz olaraq dırnaqarası “Avropa sülh”, ya bilmirəm “müşahidəçi” missiyası yaradılıb, halbuki bu, əldə edilmiş razılaşmanın pozulmasıdır. Mən həm Avropa İttifaqına, həm Ermənistana onu da xatırlatmaq istəyirəm ki, 2022-ci ilin Praqa görüşündə razılıq əldə edilmişdir ki, - bəli, biz də razılıq vermişdik, - Ermənistan tərəfində şərti sərhəd istiqamətində kiçik sayda müşahidəçi missiya yerləşsin, cəmi iki, ya üç aya. Yəni, bizimlə bu razılaşdırıldı. Amma ondan sonra bizsiz bunu uzatdılar, onların sayını artırdılar, oraya Kanadadan nümayəndələr daxil edildi və faktiki olaraq bu missiya NATO missiyasıdır. Ondan sonra bizə qarşı “Binokl diplomatiyası”, deməli, siyasəti aparılırdı. Gecə-gündüz xarici nümayəndələr gəlirdi, binoklla bizə baxırdı. Nə göstərmək istəyirdilər bizə?! Bu, nə demonstrasiyadır, nə ucuz şoudur?! Bütün bu amillər bizi ciddi düşündürməlidir və təbii ki, düşündürür. Ona görə Ermənistanla normallaşma əgər onlara lazım deyilsə, deməli, bu olmayacaq. Biz hər halda öz mövqeyimizdən bir addım geri atmayacağıq. Kim nə istəyir desin, vasitəçilər də bizə lazım deyil. Düzdür, indi bəzi vasitəçilik təkliflərinə biz etiraz etmirik, sadəcə olaraq, siyasi nəzakət naminə. Ancaq, əslində, bizə vasitəçi lazım deyil. Biz Ermənistanla dövlət sərhədinin delimitasiyasını vasitəçilərsiz etdik. Sadəcə olaraq, onlara bildirdik ki, Qazax rayonunun dörd kəndi bizə qeyd-şərtsiz qaytarılmalıdır və bunu son dəfə mən bu ilin fevral ayında demişəm. Hesab edirəm ki, bu sözlər çox tutarlı oldu və ondan sonra heç bir vasitəçisiz, heç bir qeyd-şərtsiz Qazaxın dörd kəndi, - hansı ki, işğal altında idi, - bizə qaytarıldı. Beləliklə, biz nəinki delimitasiyanı, hətta demarkasiyanı da başlamışıq. Ona görə danışıqlarda da bizə heç bir vasitəçi lazım deyil. Ermənistan da buna bel bağlamasın. Ümumiyyətlə, heç kimə bel bağlamasın. Onlar əgər bu coğrafiyada yaşamaq istəyirlərsə və təhlükəsizlik şəraitində yaşamaq istəyirlərsə, öz qonşularına qarşı siyasətlərində ciddi düzəlişlər etməlidirlər. Bu birincisi. İkincisi, nə onlar, nə onların arxasında duranlar 30 illik işğalı heç vaxt unutmamalıdırlar. Amma bunu unutmaq istəyirlər və unutdurmaq istəyirlər. Sanki bu işğal olmayıb. İkinci Qarabağ müharibəsinin nəticələrini unutmamalıdırlar, Ermənistan ordusu darmadağın edilmişdir. Ermənistan kapitulyasiya aktını imzalamışdır. Ondan sonra mən əmr verdim və Azərbaycan Ordusunun şanlı Zəfər yürüşü dayandırıldı. Bugünkü reallıq bir daha göstərir ki, bu nə qədər düzgün addım idi, ondan sonrakı hadisələr də göz qabağındadır və nəticə etibarilə 20 Sentyabr - suverenliyimizin tam bərpa edilməsi günü unudulmamalıdır və bu tarixi həqiqət danışıqlar masasında da daim olmalıdır”, - Prezident bildirib.
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi