“Vəziyyət bir gün Azərbaycanın əleyhinə dəyişə bilər” – XƏBƏRDARLIQ

10:16 - 14 Noyabr 2023 - SİYASƏT

 “Vəziyyət bir gün Azərbaycanın əleyhinə dəyişə bilər” – XƏBƏRDARLIQ

“Ümumiyyətlə, sülh istənilən ölkəyə lazımdır. Sabitliyin və təhlükəsizliyin əsas təminatı məhz sülhdən keçir”.

Bu sözləri  politoloq Sülhəddin Əkbər deyib. O, Ermənistanın hərbi arsenalının Fransa ağır hərbi texnikası ilə təmin edilməsi əsnasında tərəflər arasında hələ də sülh müqaviləsinin imzalanmamasına münasibət bildirib:

“Bu, regiona və Azərbaycandan çox Ermənistana lazımdır. Çünki həm region ölkələri arasındakı inteqrasiyanın güclənməsi, həm də regionun bütövlükdə Avroatlantik və qlobal sistemə inteqrasiyası, Azərbaycana investisiyaların gəlməsi, o cümlədən ölkəmizdə regional və qlobal layihələrin həyata keçirilməsi baxımından lazımdır”.

Analitik əmindir ki, sülh sabitlik, təhlükəsizlik, iqtisadi inkişaf və rifah üçün vacibdir:

“Bunlar milli maraqlarımıza cavab verir. Xüsusilə də nəzərə alınmalıdır ki, Azərbaycan hərbi müstəvidə qələbə çalıb. İndi isə hərbi qələbəni masada siyasi-diplomatik müstəvidə təşviq etməli və sülh mühitini möhkəmləndirməlidir. Təbii ki, ölkəmizə sülh lazımdır. Lakin sülhün Azərbaycana, yoxsa Ermənistana daha çox lazım olduğu mübahisə doğuran məsələdir və bu barədə mübahisə etmək olar.

Fikrimcə, Azərbaycana və Ermənistana lazım olması şərtdir. Bu da nəzərə alınmalıdır ki, müharibənin nəticələri ilə razı olmayan və Azərbaycana qarşı düşmən mövqe tutan böyük dövlətlər var. Bu dövlətlər BMT Təhlükəsizlik Şurasının üzvü, nüvə dövlətləridir. Həmin dövlətlər gələcəkdə “erməni məsələsi”ndə yenidən birləşə bilərlər.

Onlar indiki situasiyasını stabil bir vəziyyət kimi görürlər. Amma unudurlar ki, bu gün dünyada yeni dünya nizamı qurulur və bu proseslə bağlı geosiyasi döyüşlər gedir, vəziyyət dinamik şəkildə dəyişir. 

Bu gün Azərbaycanın xeyrinə olan nisbi əlverişli vəziyyət günlərin bir günü böyük güclərin “erməni məsələsi”ndə bir araya gəlməsi ilə ölkəmizin əleyhinə dəyişə də bilər. Buna görə də Azərbaycana, Ermənistana və bütövlükdə regiona sülh vacibdir. Azərbaycan sülh istəyən qüvvələrlə bərabər hərəkət edir və sülh müqaviləsinin imzalanması prosesini sürətləndirməlidir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol