Kosmosun fəth edilməsində, raketlərin səmaya qalxmasında böyük kəşfə imza atan adanalı ixtiraçı İrfan Mavrukun qəribə həyatı olub.
Kult.az xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev yazıb.
O bildirib ki, Türkiyədə “dəli” adlandırılan bu şəxs ABŞ-da dahi hesab olunurdu:
“1940-cı ildə Adanada anadan olan İrfan Mavruk ibtidai və orta məktəbi bitirdikdən sonra Adana Kişi İncəsənət İnstitutunda oxuyarkən raket dizaynları yaratmağa və sınaqdan keçirməyə başlayıb.
Ancaq davamlı olaraq raket layihələri hazırlayan Mavruk haqqında şikayətlər çox olduğu üçün dəfələrlə polis idarəsinə çağırılıb.
Hazırladığı layihələri heç kimə qəbul etdirə bilməyən Mavruk bir gün dəstək almaq ümidi ilə Adana Elektrik Mühəndisləri Odasına müraciət edir. Adana Elektrik Mühəndisləri Odası bir heyətlə Mavrukun layihələrini incələyir, amma yenə də Mavrukun layihələri qeyri-mümkün sayılır.
1959-cu ildə Adana Elektrik Mühəndisləri Odası jurnalında dərc olunan məqalədə Mavrukun layihələri haqqında yazılırdı:
“İrfan Mavrukun əlində gəzdirdiyi raket layihəsi maraqlı bir uşağın çəkdiyi bəzi mürəkkəb formalardan ibarətdir və texniki maşın şəkli ilə heç bir əlaqəsi yoxdur. Verilən izahatdan da anlaşıldığı kimi, İrfan Mavruk təəssüf ki, geniş fantaziyası ilə mövcud olmayan şeyləri olmuş kimi göstərir və heç bir hesablamaya əsaslanmayan bəzi iddialar irəli sürür”.
Bir sözlə, Mavruk üçün “Özündən yeni ixtiralar etmə” deyildi. Lakin Mavruk bunların heç birini dinləməyərək layihələrini əzmlə yerinə yetirməyə davam edir.
O, bir dəfə Türkiyə Böyük Millət Məclisinin keçmiş sədri Refik Koraltana məktub göndərir. Koraltan vəziyyəti o vaxtkı Baş nazir Adnan Menderesə izah edir. Oxuduğu məktubdan təsirlənən Menderes İrfan Mavruku Dolmabaxça Sarayına dəvət edir.
Koraltan, nazirlər və Menderes Dolmabaxça sarayında İrfan Mavruk ilə görüşür. Koraltan Mavruku “haqqında danışdığım oğlan budur” deyərək tanış edir. Daha sonra idarə heyətinin qərarı əsasında İrfan istedadlı uşaqlar fondu ilə ABŞ-a göndərilib.
1959-cu ildə Nyu Yorka gedərkən Mavruk amerikalılar tərəfindən sınaqdan keçirilir və Kolumbiya Universitetinə daxil olur. Burada da çətinlik çəkir, Türkiyə hökuməti ona dəstək olmur. Tələbə yoldaşları ona maddi kömək olub təhsilini bitirməyə kömək edirlər. Burada da ispan qızla tanış olur, ailə qurur, 3 övladı dünyaya gəlir.
Mavruk təhsilini başa vurduqdan sonra ABŞ-ın Hyuston şəhərindəki nüvə tədqiqat mərkəzində işləməyə başlayır. Onun çalışdığı mərkəzdə hidrogen bombasını icad edən alim Edvard Teller var idi. Daha sonra nüvə silahı üçün hissələr istehsal edən fabriklərdə çalışan Mavruk kosmosda atom yükünü ölçən cihaz da hazırlayır.
NASA-da “Apollon” layihəsinə təyinat alan Mavruk ailəsinə yazdığı məktublarda atom batareyası inkişaf etdirdiklərini və raketlərin kosmosa çıxarkən partladığını, bu vəziyyətin səbəbləri və həll yolları üzərində çalışdığını qeyd etmişdi. Təhsilini uğurla başa vuran Mavruk kosmosa gedən raketlərin partlamasının qarşısını alan layihə hazırlayır.
Sonrakı illərdə “Apollo” layihələrində mühüm rol oynayan Mavruk, xüsusilə, yer nəzarəti tələb etməyən raketlərdə böyük müvəffəqiyyət əldə edir. O, Aya ilk enən “Apollo Şattl” gəmisindəki astronavtlarla Yerdən radio ilə əlaqə quran 3 nəfərdən biri idi.
Türkiyədə bəzi qəzetlərdə 16 fevral 1965-ci ildə İrfan Mavrukla bağlı xəbərlərdə o, “amerikalıların pərəstiş etdiyi İrfan Mavruk”, “Haqqında xüsusi qanun çıxdı, polis onu qoruyur”, “25 yaşlı türk gənc kosmos elminə işıq salır”, “İrfan Mavrukun düzəldib kosmosa atdığı raket radarsız böyük uğur qazanıb” deyə yazılırdı.
Türkiyə onun qədrini bilmədiyi halda müsahibələrin birində demişdi: “Türkiyədə məndən nə istənilsə, biliyim və beynim Vətənimin ixtiyarındadır”.
2010-cu il avqustun 5-i Türkiyədə “dəli”, Amerikada “dahi” olan İrfan Mavruk təqaüd günlərində yaşadığı Nyu Yorkda infarkt nəticəsində 69 yaşında dünyasını dəyişdi. Mavrukun cənazəsi vəsiyyətinə uyğun olaraq Adanaya gətirilərək, Əli Hocalı kəndində dəfn edilib”.
- Deputatlarımız gələn ay İrəvana gedəcək?
- “Baku Elektroniks”dən MİSİLSİZ FIRILDAQ: 4 min manata satdığı telefon… FOTO
- Hizbullahın zəifləməsi ilə Suriyada savaş alovlandı
- İrəvan Tiflisdən fərqli yol tutub: Bakı nə deyirsə… - Köçəryan
- Şok: İsrail Suriyaya irəliləyir - Türkiyə ordusu girəcək?
- Qrehemdən inanılmaz: ABŞ Ukraynada sərvət uğrunda vuruşur
- Paşinyan “O olmasın, bu olmasın”ı dinlədi - Video
- ABŞ niyə Bakını alqışlamağa məcbur oldu?