Kult.az “Güney Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində Qərbi Azərbaycan əyalətinin Salmas mahalı haqda məlumatı təqdim edir:
Coğrafi mövqeyi və inzibati bölgüsü
Qərbi Azərbaycan əyalət mərkəzinin 90 kilometrə şimalında yerləşən Salmas mahalı Urmiya-Xoy və Xoy-Urmiya-Təbriz əsas yolunun üstündə yerləşir. Mahal şimaldan Xoy, cənubdan Urmiya, şərqdən Urmiya gölü və qərbdən Türkiyə Cümhuriyyəti ilə qonşudur.
Salmas şəhərinin özü düzənlik ərazidə yerləşir. Dağlıq bölgələrində soyuq, başqa bölgələrində isə quru və mülayim iqlimə malik olan Salmas dəniz səviyyəsindən 1350 metrə yüksəklikdə yerləşir. 2541 kv.km əraziyə malik olan mahal iki bölgə (Mərkəzi, Kuhsar), iki şəhər (Salmas, Təzəşəhər) və yeddi kənd rayonundan (Zolaçay, Kərəsəni, Kanatbroj, Ləkistan, Çahrıq, Şapıran, Şınatal) ibarətdir.
Əhalisi, adının etimologiyası, inancı:
Mahalın əhalisinin sayı 2016-cı ildə aparılan rəsmi siyahıyaalmaya görə 180.708 nəfərdir. Salmasın ən böyük kəndləri Muğancıq, Həftəvan, Məlhəm, Selab və Qərəqışlaqdır. Salmasın əsas su qaynaqları mahalın qərbində olan Ərəvil, Sarıçiçək və Sarı Daş dağlarından axan çaylardan ibarətdir. Mahalın ən böyük çayı olan Zola çayı su təminatında və kənd təsərrüfatında önəmli rol oynayır.
Salmas mahalında Azərbaycan türkləri yaşayır və Azərbaycan türkcəsində danışırlar. Ötən əsrdə mərkəzi hökumətin siyasəti nəticəsində mahalın etnik tərkibinin dəyişdirilməsinə cəhd göstərilsə də, bu, demək olar ki nəticə verməyib. Burada yaşayan az sayda kürd və xiristian da mövcuddur. Ancaq bunlar ciddi rəqəm təşkil etmir.
Salmas mahalı və şəhərinin adı ilə bağlı müxtəlif fikirlər irəli sürülüb. Bir sıra tarixçi və araşdırmaçı şəhərin adının miladdan öncə 8-ci yüzillikdə hökm sürən Assur hökmdarı Salmasarla bağlı olduğunu bildirir.
İbni Hoqəl 978-ci ildə yazdığı “Surətülərz” kitabında Salmas şəhərini abad, firavan şəhər kimi təsvir edib və burada daşdan hündür sarayların tikildiyini qeyd edir. Müqəddəsi 985-ci ildə yazdığı “Coğrafiyayi ərəbi” əsərində Salması çoxsaylı bazarları və daşdan inşa edilmiş hündür məscidləri olan şəhər kimi göstərir.
Bəzi tədqiqatçılar isə Salmas şəhərinin adının türkcə Solmaz sözündən götürüldüyünü iddia edir. Ancaq bir çox tarixçi şəhərinin adının türk kökənli “as və ya az” sözündən götürüldüyünü bildirirlər. Onların fikrincə, bu qədim və tanınmış türk tayfalarından birinin adıdır. Tədqiqatçıların fikrincə, “as” türklərin mifologiyasında önəmli yer tutan “Aşina”, yəni ana qurd, yol göstərən qurd sözündən alınıb.
Bəzi tədqiqatçılar isə əldə edilən arxeoloji tapıntılara söykənərək Salmasda sakların yaşadığını bildirirlər.
Onların fikrincə, Alp Ər Tunqa onların xaqanı olub və siyasi-hərbi çaxnaşmalarda Urmiya gölündəki adada öldürülərək basdırılıb.
Qeyd etmək lazımdır ki, 1891-ci ildə Salmas şəhərində baş verən güclü zəlzələ nəticəsində şəhərin əksər hissəsi dağılıb, hazırkı şəhər qədim şəhərin xarabalıqlarının yaxınlığında inşa edilib. Azərbaycanın bir çox yerlərində olduğu kimi, Salmas şəhərinin adı da Pəhləvi sülaləsi dövründə dəyişdirilərək “Şahpur” qoyulub. Ancaq 1979-cu ildən sonra şəhərin adı yenidən özünə qaytarılıb.
Daban təpəsindən əldə edilən arxeoloji tapıntılar buranın ən qədim yaşayış məskənlərindən biri olduğunu sübut edir. Aparılan araşdırmalar və əldə edilən faktlara görə 14 min il öncə burada ilkin insan yaşayış məskənləri və əkinçilik nümunələri aşkar edilib. Bir çox tədqiqatçılar Azərbaycan Respublikasının Füzuli rayonunda yerləşən Azıx mağarası ilə Salmas ətrafında olan yaşayış məskənlərində insan yaşayışının eyni dövrdə başladığını bildirirlər.
Ötən əsrin əvvəllərində Azərbaycanın bir çox yerlərində baş verən soyqırım Salmasda da olub. Güney Azərbaycanda “Cilovluq hadisəsi” kimi tanınan hadisədə Qərbi Azərbaycanın bir sıra şəhərlərində qırğınlar törədən ermənilər Salması da yağmalayıb və minlərlə insanı qətlə yetiriblər.
İqtisadiyyatı, məşğulluğu
Salmas mahalında böyük sənaye mərkəzləri mövcud deyil. Burada əsas kiçik sənaye müəssisələri və fərdi müəssisələr fəaliyyət göstərir. Burada olan sənaye şəhərciyi tam potensialı ilə fəaliyyət göstərmir.
Sənaye şəhərciyində əsasən metal sənayesi və qida məhsulları istehsal edilməkdədir. Mahalda əl işləri sənayesi də insanların məşğulluğunda əhəmiyyətli rol oynayır. Salmas mahalının iqtisadiyyatı əsasən əkinçilik və maldarlıq üzərində qurulub.
Mahalda istehsal edilən əsas məhsullar buğdadır. Salmas mahalında hazırda əsasən mineral patron, gip daşı, traverten kimi maddələr ixrac edilir. Bu sahə üçün yatırılan kapitalın miqdarına görə Salmasın 14 mahal içində 11-ci yerdə olması bu sahənin inkişaf etmədiyini göstərir. Salmas mahalının iqtisadiyyatının əsas ağırlığı əkinçilik və maldarlıq üzərindədir. Burada istehsal edilən əsas məhsullar buğda, arpa, şəkər çuğunduru, tütün, noxud, lobya, yemiş, kartof, qarpız, albalı və qozdan ibarətdir.
Mahal ərazisinin nisbətən dağlıq olması burada geniş və zəngin otlaqların mövcudluğuna səbəb olub. Bu üzdən burada maldarlıq inkişaf edib. Ağartı məhsulları başqa bölgələrə ixrac edilir və mahal iqtisadiyyatında əhəmiyyətli rol oynayır. Salmas mahalında arıçılıq da geniş yayılıb və əldə edilən keyfiyyətli bal ölkənin başqa bölgələrinə göndərilir.
Azərbaycanın başqa bölgələri kimi, Salmas mahalında da əl işləri sənayesi geniş yayılaraq, bir çox ailənin gəlir mənbəyinə çevrilib. Burada əsasən xalça toxuma, kilim toxuma, həsir toxuma, cecimçilik, zilu toxuma, səbətçilik, ipliklərin hazırlanması, keramika işləri və s. daha çox yayılıb.
Xüsusilə kənd yerlərində adı çəkilən əl işləri ilin soyuq aylarında əhalinin əsas məşğuliyyətlərindən sayılır. Eyni vaxtda şəhərdə də bu işlər fərdi sexlərdə aparılmaqdadır.
Salmas şəhəri 20-ci əsrdə Güney Azərbaycanın siyasi tarixində oynadığı rola görə tariximizdə parlaq səhifələrdən birini təşkil edir. Salmasın Məşrutə Hərəkatında və 1945-ci ildə Milli Hökumətin qurulmasındakı əhəmiyyəti də yaddan çıxarılmamalıdır. Mahal ölkədə bir sıra sahələrdə birinciliyə imza atıb. Məşhur inqilabçı, İranda ilk elektirik mühəndisi Heydər xan Əmoğlu da salmaslıdır.
Mahalın tarix yaddaşından
Salmas mahalında tarixin müxtəlif dövrlərinə aid olan yüzlərlə tarixi abidə, təpə, qəbiristanlıq və s. mövcuddur.
Bunlardan bir neçəsi nümunə olaraq aşağıda göstərilir:
Kiçik haftaxan təpəsi, Qara qışlaq təpəsi, Bilqeys dağı təpəsi, Ağ ziyarət təpəsi, Təzə şəhər təpəsi, Dərşək təpəsi, Şirəçi təpəsi, Gavur çiçək təpəsi, Şeydan təpəsi, Vərdan təpəsi, Təmrab təpəsi, Qabaq təpəsi, Şor göl tarixi məkanı, Hədər tarixi məkanı, Gavur qalası, Axtaxana kilsəsi, Qızılca kilsəsi, Çehriq qalası, Xan Taxtı daş yazıları və s...
Salmasda Antik təpələrin arxeologiya araşdırmaları bu şəhərin müxtəlif dövrələrdə yaşayış mərkəzi olduğundan xəbər verir. Müxtəlif dövrələrə aid olan Antik təpələr və onlardan əldə edilən tarixi əşyalar bölgənin Şumerlər zamanından mədəniyyətin mövcud olduğunu, sonralar Qutti, Hurri, Manna və Urartunun bu torpaqlarda iz buraxdığını göstərməkdədir.
Təbiəti, gəzməli-görməli yerləri:
Salmas mahalının görməli və gəzməli yerlərindən bir neçəsi aşağıdakılardan ibarətdir:
Kor oğlu hədər qalası, Köhnə şəhər imamzadası, İmamzada Bərgüşad, Xorxora şəlaləsi, Urmiya gölü ətrafı təbii gəzinti yerləri, Təmər şəlaləsi, Çehriq qalası, Acvac kəndi və orada yerləşən Yarıq qala; Zolaçay dərəsi, Çiçək gölü, Ağ Ziyarət gölü, İsti su bulaqları, Xan taxtı qaya yazıları, 9 min illik tarixi olan Əhrəncan qalası, Muğancıq qalası, Şeyx hamamı və s.
- Paşinyanın Peterburq xahişinin sensasion səbəbi
- Mirzoyan Finlandiya prezidentinə Bakı ilə sülhdən danışdı
- KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
- Moskvanın Ərdoğana sualları olacaq: əslində nə baş verir?
- Suriyada hücumun arxasında Türkiyə dayanır? - Atabəy
- Bakını hədəfə alan qız Türkiyədə elə sözlər dedi ki... - Foto
- Dudanın Azərbaycan sərhədinə gəlişi... - Markov
- Hədəfimiz Azərbaycandır: iki qardaş xalq... - İranlı nazir