Bakıda son bir həftədə 2 silahlı insident bizə nə vəd edir?

10:22 - 12 Mart 2023 - KRİMİNAL

 Bakıda son bir həftədə 2 silahlı insident  bizə nə vəd edir?

Son bir həftə ərzində Bakıda 2 silahlı insident baş verdi.

Birinci hadisə mart ayının 4-də inkassator heyətinə qarşı silahlı hücumla müşahidə olundu.

Bu silahlı insident Bakıda Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşünün keçirildiyi tarixdən qısa müddət sonra baş verdi. İkinci silahlı insident isə X Qlobal Bakı Forumunun keçirildiyi tarixə təsadüf etdi. Amma bütün bunlar təsadüfdürmü? Bir neçə gündür ki, dünyanın müxtəlif ölkələrinin liderləri, diplomatları, rəsmi şəxsləri Azərbaycana səfərlər edirlər. Azərbaycanın indiyə qədər heç bir hərbi ittifaqa üzv olmaması Qarabağın işğaldan azad edilməsini şərtləndirən strateji səbəblərdən biri idi. İndiki gərgin qlobal proseslər fonunda Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatının güclənməsi ölkələrin tərəfsizliyinin əsas qarantına çevrilməkdədir. Bu günə qədər ölkədə Avropa, İslam Oyunları, Formula yarışları, eləcə də digər mühüm beynəlxalq tədbirlər keçirilib. Ölkəmizə saysız-hesabsız turistlər səfər ediblər və etməkdədirlər. Beynəlxalq aləm Azərbaycandakı daxili sabitliyi əsas tutaraq, təhlükəsiz şəraitdə beynəlxalq tədbirlərin təşkil olunacağına öz əminliklərini dəfələrlə bəyan ediblər. O zaman sual olunur, nə üçün böyük tədbirlərin keçirildiyi bir ərəfədə Bakıda ard-arda arzuolunmaz silahlı insidentlər baş verdi? Görünən budur ki, ciddi boşluqlar var və boşluqları öncədən hiss etməli idik.

Hadisələrin tam təfərrüatını bilməsək də, aparılan müşahidələr göstərir ki, hər iki silahlı insident iştirakçılarının kriminal aləmlə ciddi bağlantıları var. Əgər belə deyilsə, o zaman bu şəxslərdə müxtəlif markalı silahlar nə gəzir? Birinci hadisə sırf soyğunçuluq cinayətidirsə, ikinci hadisə kriminal qrupların Bakıdakı “haqq-hesab”ıdır. Hüç şübhəsiz ki, bütün bunlar ciddi siqnaldır!

Hər iki hadisə gündüz vaxtı, soyuqqanlı şəkildə həyata keçirilib. Hər iki hadisənin motivi göstərir ki, cinayətkarlar ən azı bir neçə gün öncədən izləmə prosesi aparıblar. Həm inkassatorların hərəkəti marşrutu, həm də dünənki olayda öldürülməsi planlaşdırılan şəxsin hərəkətləri öncədən izlənilib.

2000-ci illərdən sonra gələn nəslin nümayəndələrinin xeyli hissəsi fərqli təfəkkürlə yaşayır. Onlar daha asan yolla varlanmağın yollarını axtarırlar. Hesab edirlər ki, insan öldürməklə kriminal aləmə keçid imkanı əldə edəcək və avtoritetlərin yanında “pasport” qazanacaqlar. Və həm də əmindirlər ki, cəzaçəkmə müəssisələrində daha yaxşı yaşayacaqlar. Cəzaçəkmə müəssisələrindən qorxmurlar. Azərbaycan cəzaçəkmə müəssisələrindəki durum hər kəsə bəllidir, kimin pulu varsa, rüşvətlə həbsxanada özünə istədiyi şəkildə təm-təraqlı həyat qura bilir.

Diqqət ediriksə, gənc nəsil kriminal şəxslərlə köhnə nəsil kriminallar arasında ciddi ideoloji fərqlər də var (klassiklər və neokriminallar). Köhnə nəsil kriminallar günahsız şəxslərin öldürülməməsi kimi məsələlərə ciddi önəm verirdilər, elə onların həbsxanalara düşmə səbəbləri də fərqli idi. İndi isə başqa cür... İnkassator heyətinin öldürülən üzvü aylıq maaşla öz ailəsini dolandıran şəxs idi, onun bu cür soyuqqanlı şəkildə öldürülməsi fərqli motivdir. Yaxud dünən günahsız tələbənin yaralanması...

Hesab edirəm ki, vəziyyət kritikdir və ciddi tədbirlər görülməlidir. İki gün öncə sosial şəbəkələr üzərindən silah alveri edən bir şəxs də hüquq-mühafiə orqanları tərəfindən saxlanıldı.

Samir Feyruzov


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol